AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Azərbaycan Ağqoyunlu dövləti (1468-1501)

Azərbaycan Ağqoyunlu dövləti (1468-1501)

Müəllif Oqtay Əfəndiyev və Tofiq Nəcəfli
İl 1468-1501
İnzibati ərazi Azərbaycan, Şərqi Anadolu, Ərəb İraqı, Əcəm İraqı
Paylaş:

Xalqımızın tarixində mühüm rol oynamış Ağqoyunlular Oğuzların Bayandur boyundandır. Ağqoyunlu tayfaları hələ VI-VII əsrlərdən Azərbaycanın Araz çayı ilə Göyçə gölü ətrafında, Alagöz yaylaqlarında yaşayırdılar. Monqol yürüşləri zamanı Şərqi Anadoluya çəkilən Ağqoyunlular XIV əsrin ortalarında Elxanilər dövlətinin süqutundan sonra Tur Əli bəyin rəhbərliyi altında güclü tayfa birliyində birləşmiş və dövrün siyasi hadisələrinə qatılmışlar. XIV əsrin sonunda tayfa birliyinin möhkəmlənməsində Qara Osmanın (1394-1435) mühüm xidməti olmuşdur. Bu zaman Diyarbəkr şəhəri bu tayfa birliyinin mərkəzi olmuşdur. Həsən Sahibqıranın 1453-cü ildə tayfa birliyinin rəhbəri olduqdan sonra onun mövqeyi daha da güclənmiş və Şərqi Anadoluda Qaraqoyunlulara məxsus şəhər və qalaların bir hissəsi onların ixtiyarına keçmişdir. Həsən Sahibqıran Trabzon yunan dövlətilə sıx əlaqələr saxlamışdır. 1461-ci ildə Sultan II Mehmetin yürüşü zamanı anası Sara xatunu onunla danışıqlara göndərərək bu hücumun qarşısını almağa çalışmışdır. Yassıçəmən sülhünün bağlanmasına baxmayaraq Trabzonu xilas etmək mümkün olmamışdır.  Həsən Sahibqıran 1467-ci ildə Cahanşah, növbəti ildə isə onun oğlu Həsənəli üzərində qələbədən sonra mərkəzi Təbriz şəhəri olan Ağqoyunlu dövlətini yaratdı. Bu dövlətin ərazisinə qərbdə Fərat çayından şərqdə Xorasana kimi, şimalda Kür çayından cənubda İran körfəzinə kimi olan torpaqlar daxil edildi. Həsən padşah 1477-ci ildə VI Baqrat üzərində qələbədən sonra Tiflis daxil olmaqla Şərqi Gürcüstanı da Ağqoyunlu dövlətinə birləşdirdi. Lakin Trabzonun itirilməsi Ağqoyunluları Qara dənizə çıxışdan məhrum etmişdir. Qaraman uğrunda rəqabət Ağqoyunlu-Osmanlı münasibətlərini kəskinləşdirdi və müharibə vəziyyətinə gətirdi. Həsən padşah 1472-73-cü illərdə Osmanlılara qarşı hərbi əməliyyatlara başladı. Malatya döyüşündə qələbə qazansa da, Otluqbeli döyüşündə məğlub oldu. 1478-ci ilin 6 yanvarında Uzun Həsənin ölümündən sonra Ağqoyunlu dövləti zəiflədi və 1501-ci ildə Şərur döyüşündə İsmayıl Səfəvi Sultan Əlvəndi məğlub edərək Ağqoyunlu dövlətinə son qoydu.