AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Azərbaycan Respublikası (1991-2007-ci illər)

Azərbaycan Respublikası (1991-2007-ci illər)

Müəllif -
İl 1991-2007-ci illər
İnzibati ərazi Azərbaycan
Paylaş:

1991-ci il fevral ayının 5-də Azərbaycan SSR-in adı dəyişdirilərək Azərbaycan Respublikası adlandırıldı. 1991-ci il fevral ayının 7-də Qasım İsmayılov, Qutqaşen, Mirbəşir, Puşkin, Şamxor, Vartaşen, Naxçıvan MR İliç rayonlarının, habelə eyni adlı rayon mərkəzlərinin və Gəncə şəhəri Gəncə rayonunun tarixi adları bərpa edilərək müvafiq olaraq Goranboy, Qəbələ, Tərtər, Biləsuvar, Şəmkir, Oğuz, Şərur və Kəpəz rayonu adlandırıldı. Həmçinin Şaumyan rayonu ləğv edildi və onun ərazisi Goranboy rayonuna verildi. 1991-ci il may ayının 25-də Xızı kəndi qəsəbə statusuna aid edildi. 1991-ci il noyabr ayının 26-da Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildi. Bunun nəticəsində DQMV-nin tərkibində olan Əsgəran və Hadrut rayonları ləğv edilərək, ərazisi Əsgəran rayonundan verilməklə, mərkəzi Xocalı şəhəri olmaqla Xocalı rayonu yaradıldı. Stepanakert şəhərinin, habelə Mardakert və Martuni rayonlarının və onların mərkəzlərinin tarixi adları bərpa edilərək, müvafiq olaraq Xankəndi, Ağdərə və Xocavənd adlandırıldı. Ləğv edilmiş Hadrut rayonunun ərazisi Xocavənd rayonuna verildi. Xankəndi şəhəri Respublika tabeli şəhərlər, Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonları isə Respublika tabeli rayonlar kateqoriyasına aid edildi. 1991-ci il noyabr ayının 29-da rayon tabeli Lənkəran, Şəki və Yevlax rayonları Respublika tabeli şəhərlər kateqoriyasına aid edildi. 1992-ci il fevral ayının 18-də ərazisi Xanlar rayonundan verilməklə, mərkəzi Səfərəliyev qəsəbəsi olmaqla Samux rayonu yaradıldı. 1992-ci il aprel ayının 2-də ərazisi Dəvəçi rayonundan verilməklə, mərkəzi Siyəzən şəhəri olmaqla Siyəzən rayonu yaradıldı. 1992-ci il aprel ayının 29-da Bakı şəhərinin Kirov, Lenin, 26 Bakı komissarları və Oktyabr rayonu müvafiq olaraq Binəqədi, Sabunçu, Səbail və Yasamal rayonu adlandırıldı. 1992-ci il oktyabr ayının 13-də Ağdərə rayonu ləğv edilərək ərazisi Ağdam, Kəlbəcər və Tərtər rayonlarına verildi. 1992-1993-cü illərdə Ermənistan Respublikası tərəfindən Azərbaycanın Xankəndi şəhəri və Ağdam, Ağdərə, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa və Zəngilan rayonlarının əraziləri işğal olunaraq zəbt edildi. 2001-ci il dekabr ayının 4-də Naxçıvan MR Babək rayonunun Əliabad kəndi Naxçıvan şəhərinin inzibati tərkibinə verildi və 2002-ci il mart ayının 15-də həmin kənd qəsəbə statusuna aid edildi. 2003-cü il mart ayının 1-də Naxçıvan MR Sədərək rayonunun mərkəzi Sədərək qəsəbəsi kənd statusuna aid edilərək, Sədərək rayonunun mərkəzi Sədərək kəndindən Heydərabad qəsəbəsinə keçirildi. 2004-cü il mart ayının 19-da Naxçıvan MR Babək və Şərur (Qıvraq kəndinə qəsəbə statusu verilməklə) rayonlarından verilməklə, mərkəzi Qıvraq qəsəbəsi olmaqla Kəngərli rayonu yaradıldı. 2006-cı il oktyabr ayının 2-də Abşeron rayonunun mərkəzi olan Xırdalan qəsəbəsi şəhər statusuna aid edildi. 2007-ci il oktyabr ayının 23-də Füzuli rayonunun Horadiz qəsəbəsi şəhər statusuna aid edildi. 2007-cı il dekabr ayının 7-də Naxçıvan MR Şahbuz qəsəbəsi şəhər statusuna aid edildi.