1747-ci ildə Nadir şah Əfşar qətlə yetirilib imperiyası dağıldıqdan sonra Çuxur Səəd bəylərbəyi Pir Mahmud xan hakimiyyəti əldən verməməyə cəhd göstərsə də İrəvanda xalq üsyanına başçılıq etmiş yerli feodal Mir Mehdi özünü xan elan edərək müstəqil İrəvan xanlığının əsasını qoymuşdur. Bəylərbəyiliyin bir hissəsi bu xanlığın hüdudlarından kənarda qalaraq, Naxçıvan və digər xanlıqların tərkibinə daxil edildi. Xanlıq 15 mahala bölünürdü. Xanlıq əhalisinin böyük əksəriyyəti Azərbaycan türkləri idi. Ermənilər əhalinin cüzi hissəsini təşkil edirdi. Ermənilərin dini mərkəzi Eçmiədzin (Üçmüəzzin) İrəvan xanlığının ərazisində yerləşirdi. Onun başçısı İrəvan xanı tərəfindən vəzifəsinə təsdiq olunurdu. İrəvan xanlığı 1828-ci ildə Çar Rusiyası tərəfindən işğal edilərək ləğv edilmişdir.