Azərbaycanın tarixində çox qısa olan bu dövr öz qaynarlığı, hadisələrin sürətli inkişafı ilə yadda qalır. 1826-cı ildə Gəncədə, eləcə də Azərbaycanın digər bölgələrində baş verən üsyanlar, işğalçıların ölkədən qovulması, xalqın zülmlə barışmamasının bariz nümunəsidir. Lakin ölkənin bütün qüvvələrinin birləşməsinin mümkün olmaması, düşmənin gücünün düzgün qiymətləndirilməməsi, 1826-cı ilin payızında rusların əks hücumları ölkənin yenidən işğala məruz qalmasına səbəb oldu. 1827-ci ildə Naxçıvan və İrəvan xanlıqlarının işğalı, Tehrana doğru yürüşün başlanması 1828-ci ilin fevralın 10-da Türkmənçay müqaviləsinin bağlanmasına gətirib çıxartdı. Qacarlar dövləti Cənubi Qafqazı ələ keçimək ümidini itirdi. Rusiya isə Araz çayı sərhəd olmaqla yeni ərazilərin işğalını rəsmiləşdirdi. Xalqımızın uzun müddət üçün iki yerə bölünməsi və müxtəlif rejimlərin əsarətinə düşməsinin əsası qoyuldu. Türkmənçay müqaviləsinin XV maddəsinə əsasən ermənilərin kütləvi surətdə Şimali Azərbaycana köçürülməsinə başlandı.