Azərbaycanın tarixi mahalı Borçalı müasir Gürcüstanın cənub-şərqində yerləşir. Hələ e.ə. burada erkən əkinçilərə məxsus yaşayış yeri olmuşdur. Qazıntı zamanı ərazidə çiy kərpicdən tikilmiş yaşayış evləri, təsərrüfat binaları, sümük (biz), daş və obsidiandan hazırlanmış alətlər aşkar edilmişdir. Əhali maldarlıq, taxılçılıq, bostançılıq, bağçılıq, ipəkçiliklə məşğul olmuşdur. Şuləvər və Şomutəpə (Azərbaycan) abidələri Zaqafqaziyada daha erkən əkinçilik mədəniyyəti üçün səciyyəvidir. Böyül Şuləvər və Gümrüdəki mədrəsə və məscid mənəvi mədəniyyətin ilkin inkişaf nümunəsidir. Borçalı mahalı bəzən gürcü feodallarının vassalına çevrilsə də çox zaman müstəqilliyini saxlamışdır. Rusiya çarı I Aleksandrın 12 sentyabr 1801-ci il tarixli fərmanına əsasən Qazax, Şəmşəddil ilə birlikdə işğal edilmiş Borçalı türk torpaqları XIX əsrin 40-cı illərinə qədər zorla Gürcüstana qatılmış 7 distansiyadan biri idi. 1832-ci ilin məlumatlarına görə, Borçalı distansiyasının 145 kəndinin 4092 həyətində kişi cinsindən 13762 nəfər yaşayırdı. Əhalinin böyük əksəriyyəti Azərbaycan türkləri idi.
Rus müstəmləkəçilərinin apardıqları məqsədyönlü köçürmə siyasəti nəticəsində Borçalının etnik tərkibində xristianların, ilk növbədə isə ermənilərin xeyrinə güclü dəyişikliklər edilib. Belə ki, 1886-cı ildə qəzanın 106 534 nəfər əhalisinin 76%-i Azərbaycan türkü, 8%-i ermənilər, 9%-i gürcülər və 7%-i başqa millətlərdən ibarət idi. Beləliklə, yürüdülən siyasət nəticəsində burada qəza əhalisinin etnik tərkibində Azərbaycan türklərinin xüsusi çəkisi iki dəfə azaldılmışdır.
1840-cı ildə Borçalı distansiyasının bir hissəsi yeni yaradılmış 11 qəzadan ibarət Gürcüstan-İmeretiya quberniyasının Aleksandropol (1937-ci ildən sonra Gümrü adlanır) qəzasına verilir, 1846-cı il 16 dekabr fərmanı əsasında təşkil edilmiş Tiflis quberniyasının tərkibində Tiflis qəzasından ayrılaraq, ayrıca inzibati-ərazi vahidi olan Borçalı qəzası (əhalisi azərbaycanlılardan ibarət Qarayazı və Qaraçöp rayonları buraya daxil deyildi) yaradılır. Borçalı qəzası Lori, Trialet və Borçalı pristavlıqlarına bölünürdü. İnzibati mərkəzi Böyük Şuləvər kəndində yerləşirdi. Borçalı qəzasının ümumi sahəsi (Strelbitskiyə görə 59 385 kv. verst, Hərbi topoqrafiya şöbəsinin məlumatına görə 54 172 kv. verst) 564 310 desyatin idi. 1926-cı ildə Borçalı qəzası ləğv edilir.