1920-ci il aprelin 28-də Şimali Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan Xalq Cümhuriyyətinə məxsus olan 11 389 597 kv. km ərazi sahəsinin nəinki mübahisəli sayılan 16 598 kv km-i, həm də mübahisəsiz olan 92 298 kv. km ərazisinin bir hissəsi qonşu respublikalara, xüsusilə Ermənistan Respublikasına verilmişdir.
1920-ci il mayında quberniya sistemi ləğv olunmuş, qəza bölgüləri isə saxlanılmışdır.
1920-ci il iyulun 28-də XI Qırmızı ordu hissələri Naxçıvana daxil oldu. Naxçıvan Sovet Sosialist Respublikası elan edildi. Respublikanın ali orqanı - İnqilab Komitəsi yaradıldı. Naxçıvan SSR Şərur, Naxçıvan, Ordubad qəzalarını əhatə edirdi.
1920-ci il dekabrın 2-də RSFSR və Sovet Ermənistanı arasında imzalanan hərbi-siyasi sazişin III maddəsində Rusiya Sovet höküməti İrəvan quberniyasının Zəngəzur qəzasını Ermənistan SSR ərazisinin tərkibinə daxil olmasını mübahisəsiz tanıyır. Zəngəzur 1921-ci ilin iyununadək erməni-daşnak silahlı qüvvələrinin hakimiyyətində qalırdı. 1921-ci ilin iyununda Əlahiddə Qafqaz ordusu hissələrinin Zəngəzuru daşnak qüvvələrindən təmizlənməsi ilə Zəngəzurun qərb və yuxarı hissəsinin Ermənistan SSR-ə birləşdirilməsi başa çatdırıldı. 1921-ci ilin iyunun 20-də Ermənistan SSR XKS tərəfindən təsdiq olunmuş 8 qəzaya 9-cu Zəngəzur qəzası əlavə olundu.
Beləliklə, Azərbaycan SSR-in göstərilən əraziləri onunla razılaşdırılmadan Sovet Rusiyası tərəfindən Ermənistan SSR-ə verildi.
Azərbaycan SSR XTK-nin 25 oktyabr tarixli arayışına görə keçmiş Zəngəzur qəzasından 405 000 desyatin (4 424,6 kv. km), Qazax qəzasından 379 984 desyatin (4 151,3 kv. km) ərazi Ermənistan SSR-ə verilmişdir.
1921-1922-ci illərdə Azərbaycan SSR-in inzibati bölgüsünə 15 qəza, Naxçıvan SSR-ə isə 3 qəza daxil idi.