Azərbaycan SSR MİK-nin 7 iyul 1923-cü il dekreti ilə mərkəzi Xankəndi olmaqla Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. 4,161 kv.km sahəsi olan vilayətin "Əsasnamə"sinə görə Şuşa şəhəri və Xankəndindən 115 kənd, Cavanşir qəzasından 52 kənd, Qaryagin qəzasından 32 kənd, Qubadlı qəzasından Qaladərəsi DQMV-ə verildi.
Azərbaycan SSR tərkibində DQMV-nin yaradılması Azərbaycan xalqının iradəsi əleyhinə, onun ərazi bütövlüyünə qarşı qeyri-qanuni zorakılıq aktı idi. Sovet İttifaqında öz milli dövlət qurumu olan ermənilərə başqa bir dövlətin tərkibində əlavə inzibati-idarəçilik qurumunun yaradılması, alternativi olmayan məkirli bir tədbir idi.
DQMV-nin yaranması Azərbaycan SSR-in inzibati-ərazi bölgüsündə ciddi dəyişikliyə səbəb oldu. Şuşa, Qubadlı, Cavanşir qəzaları ləğv olundu. 1923-cü il avqustun 6-da Azərbaycan SSR MİK-nin qərarı ilə Qarabağın qalan hissəsində Ağdam, Cəbrayıl, Kürdüstan qəzaları yaradıldı. Eləcə də Ağdaş, Cavad, Qaryagin digər qəzalarla birləşdirildi, yeni Salyan qəzası yaradıldı.
Azərbaycan SSR MİK-nin 9 fevral 1924-cü il tarixli dekreti ilə Naxçıvan Muxtar diyarı, Naxçıvan MSSR-ə çevrildi. 1924-cü ildə yaradılan 3 qəza (Şərur, Naxçıvan, Ordubad) 1925-ci ildə ləğv edildi. Əvvəllər yaradılmış 12 dairənin sayı 8-ə (Baş Noraşen, Qıvraq, Tumbul, Əbrəqunis, Nərimanov, Culfa, Parağa və Ordubad) endirildi.
Beləliklə, inzibati-ərazi bölgüsündə aparılan dəyişikliklər nəticəsində 85968 kv. km ərazisi olan Azərbaycan SSR-in tabeliyində bir Respublika (Naxçıvan SSR-ərazisii 5.988 kv. km), Bir Muxtar Vilayət (DQMV-ərazisi 4,161 kv.km.) və 13 qəza (Ağdam, Bakı, Gəncə, Göyçay, Cəbrayıl, Zaqtala, Qazax, Quba, Laçın, Lənkəran, Nuxa, Salyan, Şamaxı) yarandı.
18 fevral 1929-cu ildə Moskva və Qars müqavilələrinin şərtləri kobud şəklində pozularaq Zaqafqaziya MİK-nin qərarı ilə Naxçıvan MSSR-in 9 kəndindən ibarət 657 kv. km ərazisi (Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzası Şahbuz nahiyəsinin Oğbin, Ağxaç, Almalı, Sultanbəy, İtqıran kəndləri, Ordubad qəzasının Karçevan kəndi, Kilid kənd torpaqlarının bir hissəsi) Ermənistan SSR-ə verildi.
Azərbaycan SSR-də yeni inzibati-ərazi bölgüsü haqqında məsələ VI Ümumazərbaycan Sovetlər qurultayında (1-9 aprel 1929-cu il) xüsusi bir məsələ kimi müzakirə edildi. Qurultay Naxçıvan MSSR və DQMV-nin sərhəd və hüquqlarını pozmadan, respublikanın dairə və kənd sovetləri inzibati-ərazi bölgüsünün həyata keçirilməsini qərara aldı.