14.03.2025 18:01
"DogruXeber.az" bildirir ki, 12.03.2025-ci il tarixində agentliyimizin elektron poçt ünvanına AMEA-nın Tarix və Etnologiya İnstitutu tərəfindən məktub daxil olmuşdur. Həmin məktubda institutun barəsində gedən yazının həqiqəti əks etdirmədiyi və məsələ ilə bağlı məhkəməyə müraciət olunacağı qeyd olunmuşdur
Sözügedən məktub barəsində agentliyin məsul əməkdaşı rəhbərliyə məlumat verdikdə, agentliyin direktoru Kamal Əsgərov məsələnin dərhal araşdırılması tapşırığını vermişdir.
Araşdırma aparılan zaman məlum olmuşdur ki, agentliyin könüllü əməkdaşı olan adminlərdən biri şəxsi əlaqələrinin olduğu institut çalışanlarından birinin ona göndərdiyi yazını rəsmi araşdırma aparmadan və rəhbərlikdən xəbərsiz saytda dərc etmişdir.
Məsələ aydın olduqda, həmin könüllü əməkdaş işdən uzaqlaşdırılmış, dərc olunan məlumatlara cavabdeh şəxs olan redaktora töhmət verilmiş, yazı isə dərhal saytdan qaldırılmışdır.
Bundan sonra agentliyin rəhbəri institutun direktoru Kərim Şükürov ilə telefon əlaqəsi saxlayıb, məsələnin necə baş verdiyini izah etmiş və yaranmış problemə görə üzrxahlığımızı qəbul etməsini xahiş etmişdir.
Hörmətli direktor Kərim Şükürov mövcud durumu anlayışla qarşılamışdır.
Kərim müəllimə məsələyə bu cür humanist yanaşmasına görə dərin təşəkkür edirik və bildiririk ki, bundan sonra Tarix və Etnologiya İnstitutunda media dəstəyinə zərurət yarandığı halda tərəfimizdən lazımi dəstək göstəriləcəkdir.