17.04.2025 11:48
16 aprel 2025-ci il tarixində AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Türk xalqlarının tarixi və etnologiyası” və Qazaxıstanın “Atamnın amanatı” İctimai Təşkilatının birgə təşkilatçılığı ilə “Qələbədən Zəfərə Türk dünyasının keçdiyi tarixi yol” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Qeyd edək ki, Azərbaycan və Qazaxıstanın alim, veteran və ictimai xadimlərinin iştirakı ilə keçirilən tədbir 1941-1945-ci illər müharibəsində qələbənin 80 illiyinə, İkinci Qarabağ-Vətən müharibəsinin 5 illiyinə həsr olunub.
Tədbirin moderatoru Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, t.e.d., dosent İlqar Niftəliyev beynəlxalq konfransda “Azərbaycanda müharibənin xatirəsi və nəsillərin varisliyi” mövzusunda çıxış edib.
Tarix və Etnologiya İnstitutunun “Türk xalqlarının tarixi və etnologiyası” şöbəsinin müdiri, t.e.d., dosent Güllü Yoloğlu “Qələbədən Zəfərə dəyişən Türk Dünyası” mövzusunda çıxış edib.
Beynəlxalq konfransın təşkilatçılarından olan İkinci Dünya Müharibəsində itkin düşmüş şəxslərin axtarışı ilə məşğul olan “Atamın əmanəti” İctimai Təşkilatının həmtəsisçisi, Rusiya Avrasiya Xalqları Assambleyasının Nəsil Mədəniyyəti Komitəsinin həmsədri, hüquqşünas Saqımbayeva Aliyə “Müharibənin uzunmüddətli sosial-psixoloji nəticələrinin nəsillərin davranış modelinə təsiri” mövzusunda danışıb. Onu da bildirək ki, “Ömirqe sen” İctimai Fondunun Himayəçilik Şurasının üzvü, Ailə Dəyərlərinin İnkişafı İnstitutunun “Nəsillərin Varisliyi” Məktəbinin koordinatoru Aliyə Saqımbayeva “Eren enbeqi üşin” dövlət mükafatı laureatıdır.
Qazaxıstanda fəaliyyət göstərən Qarabağ müharibəsi veteranları birliyinin Astana şəhəri üzrə təşkilatının sədri Aytıkov Yerjan tədbirə onlayn şəkildə qoşulub, ürək sözlərini çatdırıb.
“Atamnın amanatı” İctimai Təşkilatının həmtəsisçisi, hüquqşünas Musina Saule “1941-1945-ci illər müharibəsində itkin düşmüş babaların axtarışı və RMK-nın psixotexnologiyası”, filoloq, telejurnalist, Mustafa Şokay nəslinin davamçısı Zairova Qulbarşın “Mustafa Şokayın sovet təbliğatına qarşı mübarizəsi” mövzusunda fikirlərini çatdırıblar.
Tarix və Etnologiya İnstitutunun “Azərbaycanın sovet dövrü tarixi” şöbəsinin aparıcı elmi işçisi, dosent Raisa Cəfərova ““ALJİR”-də məhbus həyatı yaşamış azərbaycanlı qadınlar”, Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov “1941-1945-ci illər müharibəsində alman faşizmi üzərindəki qələbədə Azərbaycan xalqının töhfəsi”, BDU-nun doktorantı Xəyalə Şabanova “Azərbaycan legionunun 1941-1945-ci illər müharibəsindəki fəaliyyəti” haqqında məruzələr söyləyiblər.
Rusiya Federasiyasının Beynəlxalq Elmlər Akademiyasının ekologiya və bioresurslar üzrə müxbir üzvü, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Qazaxıstan və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü Kenjina Nasixa “Qarabağ bir qazaxıstanlı qadının gözü ilə” mövzusunda danışıb. Qeyd edək ki, Kenjina Nasixa bir çox orden və medallarla, o cümlədən Azərbaycanda “Mehriban Ana” və “Qızıl ürək” ordenləri ilə təltif olunub.
______________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir