22.11.2018 18:14
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun geniş tərkibli Elmi Şurasının iclasında tarixçi alimlərimizin əsərlərinin impakt faktorlu jurnallarda çapı imkanları ilə bağlı qarşıda duran vəzifələr geniş müzakirə olunub.
Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov qeyd edib ki, institut Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna, Çin, Bolqarıstan, Albaniya, Polşa və digər ölkələrin elmi qurumları ilə əməkdaşlıq edir.
Bildirilib ki, Prezident İlham Əliyev AMEA-nın Tarix İnstitutunu “ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi” adlandırmaqla institut əməkdaşlarının tədqiqat işlərinə çox yüksək qiymət verib.
Yaqub Mahmudov deyib: “Tarix İnstitutuna Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər yerlərdən on minlərlə arxiv sənədləri gətirilib”.
Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev Elmi Şuranın iclasında “Azərbaycanda elmi jurnalların beynəlxalq bazalara inteqrasiya vəziyyəti haqqında” adlı məruzə ilə çıxış edib.
Fikrət Əliyev bildirib ki, Azərbaycanda çıxan 365 elmi jurnaldan cəmi 18-i beynəlxalq standartlara cavab verir: “Azərbaycan tarix elmi xalqımızın və dövlətçiliyimizin simasıdır və onu hamımız qorumalıyıq”.
Müzakirələrdə Fikrət Əliyevlə yanaşı, “Applied and Computational Mathematics” beynəlxalq jurnalının baş redaktorunun müavini Nərgiz Səfərova və Türk Dünyası Riyaziyyat Cəmiyyətinin “Nəzəri və tətbiqi riyaziyyat” jurnalının aparıcı redaktoru Qəmər Məmmədova iştirak ediblər.
Qeyd edək ki, akademik F.Əliyev 1993-cü ildən Amerika Riyaziyyat Cəmiyyətinin, 1996-cı ildən Ümumdünya Kompüter Assosiasiyasının və 1997-ci ildən isə Nyu-York Elmlər Akademiyasının üzvüdür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridir.