AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

“Cümhuriyyət dövründə milli dövlət quruculuğu: təcrübə və dərslər”

26.05.2025 15:40

26 may 2025-ci il tarixində AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 107 illiyi münasibətilə “Cümhuriyyət dövründə milli dövlət quruculuğu: təcrübə və dərslər” mövzusunda dəyirmi masa keçirilib.

Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclası açıq elan edən institutun ümumi işlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tariximizin şanlı səhifələrindən biridir: “Müstəqil milli dövlətə sahib olmaq hər bir xalqın ən böyük tarixi nailiyyətidir və 28 May xalqımızın qürurla qeyd etdiyi tarixdir”.

Daha sonra tarix elmləri doktoru İradə Bağırova, tarix elmləri doktoru Kamran İsmayılov “Cümhuriyyətin partiya sistemi. Müasir dəyərləndirmələr kontekstində”, tarix üzrə fəlsəfə doktorları Aygün Əzimova “Cümhuriyyətin sosial siyasətinin əsas aspektləri” və Mübariz Ağalarlı “Azərbaycan Cümhuriyyətində dini və ideoloji təməllərinin konseptual əsasları” adlı məruzələrlə çıxış etdilər. Çıxışlarda bildirildi ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olub. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu sərgiləyib. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirib. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirib.

_________________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

☎️ +994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

 

Paylaş: