AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Azərbaycan Xalq Cümhuriyyəti: Müstəqillik yolunda tarixi mərhələ

30.05.2025 14:01

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi 23 ay xalqımızın tarixində mühüm yer tutur. Həmin dövr milli demokratik hərəkatın ən böyük nailiyyəti – milli demokratik dövlətin yaradılması ilə yadda qalıb.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aygün Əzimova deyib. O bildirib ki, XX əsrin əvvəllərində dünyanın bir çox xalqları müstəmləkə əsarətində olduğu halda, Azərbaycan xalqı öz dövlətini qurmaq imkanı əldə etdi. Lakin bu, həm ölkə daxilində, həm də Cənubi Qafqaz regionunda aparılan ağır mübarizənin nəticəsi idi.

Tarixçi bildirib ki, 1917-1918-ci illərdə Cənubi Qafqazda milli ziddiyyətlərin kəskinləşməsi və bolşevik Rusiyasının siyasi fəaliyyəti Azərbaycan milli siyasi qüvvələrini çətin seçim qarşısında qoyurdu: “Azərbaycan Cümhuriyyətinin yaradılması Cənubi Qafqazda, Rusiyada və ümumən dünyada baş verən ictimai-siyasi proseslərin məntiqi nəticəsi kimi meydana gəldi.

1917-ci il Rusiya Fevral inqilabından sonra Azərbaycan xalqı da digər xalqlar kimi demokratik federativ Rusiya daxilində muxtariyyət əldə etməyə çalışırdı. Lakin hadisələrin dinamikası və tez-tez dəyişən siyasi vəziyyət milli qüvvələrin mövqelərinə yenidən baxılmasını tələb edirdi. Əgər 1917-ci ilin payızına qədər Rusiyada birgəyaşayış ideyası cəlbedici görünürdüsə, Oktyabr çevrilişi və bolşeviklərin müharibədən çıxmaq qərarı Cənubi Qafqazda yeni bir siyasi reallıq yaratdı.

Rus ordusunun bölgəni tərk etməsi, əvəzində erməni və gürcü milli hərbi qüvvələrinin silahlanması Azərbaycan xalqının vəziyyətini daha da çətinləşdirdi. Azərbaycan milli siyasi qüvvələrinin hərbi gücü yox dərəcəsində idi və yalnız Birinci Dünya müharibəsi dövründə yaradılmış Tatar süvari alayının kiçik heyəti mövcud idi.

Həmin şəraitdə Azərbaycan xalqının özünü müdafiə edə bilməsi yalnız Osmanlı dövlətinin yardımından asılı idi. Cənubi Qafqaz Demokratik Federativ Respublikasının yaradılması son bir cəhd olsa da, Osmanlı dövlətinin bölgəyə müdaxiləsi və gürcülərin Almaniyaya meyillənməsi nəticəsində bu birlik uzun sürmədi. Azərbaycan milli siyasi qüvvələri üçün isə Osmanlı dəstəyi yeganə çıxış yolu idi”.

Aygün Əzimova qeyd edib ki, yaranmış vəziyyətdə Azərbaycan xalqının müstəqil dövlət yaratmaq üçün mübarizəyə başlaması zəruri idi: “Bu zərurətdən irəli gələrək Azərbaycan Milli Şurası yaradıldı və 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin istiqlalı elan olundu.

Azərbaycan Milli Şurası xalq qarşısında böyük bir tarixi missiyanı yerinə yetirdi – Azərbaycan xalqının milli müstəqilliyini və dövlətçiliyini bərpa etdi.

Cümhuriyyət çox mürəkkəb və ziddiyyətli bir tarixi şəraitdə meydana gəlmişdi. Azərbaycanın geostrateji mövqeyi, təbii sərvətləri, xüsusilə Bakı nefti beynəlxalq güclərin maraq dairəsində idi. Qonşu dövlətlərin ərazi iddiaları, bolşeviklərin və ağqvardiyaçıların Rusiya sərhədlərini bərpa etmək cəhdləri Cümhuriyyət hökumətini daim müdafiə mövqeyində dayanmağa məcbur edirdi”.

Aygün Əzimova bildirib ki, ağır sosial-iqtisadi vəziyyət, neft və pambıq kimi əsas satış bazarlarının Rusiya ilə ticarət əlaqələrinin kəsilməsi, neft sənayesindəki böhran, ərzaq qıtlığı və əməkhaqqının aşağı olması gənc dövlətin mövcudluğunu təhlükə altında qoyurdu: “Azərbaycan xalqına qarşı soyqırımlarının davam etməsi, Qarabağ və Zəngəzurda, habelə Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində İrəvan quberniyasından axın edən qaçqınlar dövlətin sosial-iqtisadi siyasətinə ciddi təsir göstərirdi.

Tarixçi vurğulayıb ki, Azərbaycan Cümhuriyyətinin mövcudluğu dövründə 150 mindən çox qaçqın var idi və onların təminatı dövlətin üzərinə düşürdü.

Bütün çətinliklərə baxmayaraq, Cümhuriyyət dövründə demokratik dövlət quruculuğunun əsasları qoyuldu. Hökumətin sosialyönümlü siyasəti, aqrar və fəhlə məsələlərinin həlli, mədəni-maarif işlərinin təşkili, qaçqın və ərzaq məsələlərinin həllinə diqqət ayırması bunun bariz nümunəsidir.

Təhsilin ana dilində və icbari şəkildə aparılması, ruslaşdırma siyasətinin nəticələrinin aradan qaldırılması, müxtəlif səviyyəli təhsil müəssisələrinin və mədəniyyət ocaqlarının yaradılması, xüsusilə 1919-cu ildə Bakı Dövlət Universitetinin açılması Azərbaycan Xalq Cümhuriyyətinin ən mühüm xidmətlərindən biridir”.

A.Əzimova əlavə edib ki, qısa müddətdə formalaşdırılan nizami ordu 1919-cu ildə Qarabağda Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etməyə imkan verdi, erməni separatçılarının və bolşevik qüvvələrinin Muğan və Lənkəranda çıxışlarının qarşısı alındı, Naxçıvan bölgəsində Cümhuriyyət hakimiyyəti bərqərar edildi: “Azərbaycan parlamenti çoxpartiyalı bir orqan idi və burada ölkə vətəndaşı olan bütün milli azlıqlar təmsil olunurdu. Bütün partiyalar azad şəkildə siyasi təbliğat apara və öz mətbuat orqanlarına sahib ola bilirdilər.

Azərbaycan Cümhuriyyəti hökuməti ölkənin ərazi bütövlüyünü qorumaq üçün çox böyük səylər göstərmişdi və Paris Sülh Konfransına göndərilən nümayəndə heyəti Antanta Ali Şurasının Azərbaycan müstəqilliyini de-fakto tanımasına nail olmuşdu.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olsa da, xalqın milli şüuruna təsiri və həyata keçirdiyi tədbirlər baxımından öz tarixi missiyasını uğurla yerinə yetirmiş oldu. Bolşevik hakimiyyəti də Azərbaycan dövləti faktını qəbul etmək məcburiyyətində qalmış və sonrakı dövrdə sovet ideologiyası çərçivəsində olsa da, Azərbaycan dövləti öz mövcudluğunu davam etdirmişdi”.

Paylaş: