AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutu Avropada Azərbaycan həqiqətlərini yayır

09.12.2018 21:35

Polşanın Varşava Universitetində Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb.

Mərkəzin rəhbəri institutun beynəlxalq əlaqələr şöbəsinin müdiri Nərgiz Axundovadır.

Mərkəzin yaradılması barədə müqaviləni Varşava Universitetinin rektoru Marçin Palıs, Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov və Tarix İnstitutunun direktoru Yaqub Mahmudov imzalayıb.

Mərkəzin rəsmi açılış mərasimində akademik Yaqub Mahmudov və institutun əməkdaşları - elmi katib İradə Əliyeva, şöbə müdirləri Tofiq Mustafazadə və İradə Bağırova iştirak etmişlər.

Tədbirdə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin direktor müavini Aliyə Ağazadə, Varşava Universitetinin şərqşünaslıq fakültəsinin dekanı Piotr Taraxa və Türkologiya və Orta Asiya xalqları kafedrasının rəhbəri Aqata Bareya çıxış edərək mərkəzə görə Tarix İnstitutuna təşəkkürlərini bildiriblər.

Varşava Universitetinin siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsində Tarix İnstitutunun şöbə müdiri, professor Tofiq Mustafazadənin “Tarixdə erməni məsələsi” kitabının (ingiliscə) təqdimatı keçirilib. Bu əsər alimin “Erməni məsələsi”ndən erməni terrorizminə” kitabının (2016) ingilis dilinə tərcüməsidir və Varşavada çap olunub. Nəşrin elmi redaktorları tarixçi alimlər Yaqub Mahmudov və İradə Məmmədovadır. Kitabda “Erməni məsələsi”nin meydana gəlməsi, bu uydurma məsələnin beynəlxalq diplomatiyanın gündəminə gətirilməsi, ermənilərin silahlandırılaraq qiyamlara və terror əməlləri törətməyə təşviq edilməsi prosesi danılmaz faktlar əsasında təsvir olunur. T.Mustafazadə tədbirdə qeyd edib ki, erməni terrorizmi beynəlxalq terrorizmin əcaib formasıdır.

“Yeni nəşr ermənilərə ciddi mesajdır. Ermənilər nəinki Cənubi Qafqaza, ümumiyyətlə, Asiya qitəsinə köçüb gəlmə əhalidir. XVII əsrin 70-ci illərində Azərbaycanın İrəvan bölgəsinə, o cümlədən İrəvan şəhərinə səyahət etmiş türk səyyahı Evliya Çələbi “Səyahətnamə”sində və fransız səyyahı Jan Şarden “Parisdən İsfahana səyahət” əsərində bu torpaqların əhalisinin mütləq əksəriyyətinin Azərbaycan türkləri olduğunu bildiriblər. Tarix İnstitutunda aparılmış tədqiqatlar nəticəsində sübut edilib ki, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb”, - deyə Yaqub Mahmudov təqdimat mərasimində bildirib.

Tarix İnstitutunun nümayəndə heyəti Polşaya səfər çərçivəsində Poznan Universitetinin Tarix fakültəsinin rəhbərliyi və Şərqşünaslıq fakültəsinin professorları ilə görüş keçiriblər. Görüşdə ikitərəfli əməkdaşlıq müqaviləsinin imzalanması üçün razılıq əldə olunub. Tarixçi alimlərimiz Poznan şəhərindəki İqnaçı Paderevski adına Musiqi Akademiyasında Polşanın baş naziri olmuş İqnaçı Paderevskinin və Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri olmuş Əlimərdan bəy Topçubaşovun barelyefini ziyarət etmişlər.

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Tarix İnstitutunun əməkdaşlarını İqnaçı Paderevski və Əlimərdan bəy Topçubaşovun şəkilləri həkk olunmuş medallarla təltif edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridir.

Paylaş: