17.10.2025 16:56
17 oktyabr 2025-ci il tarixində AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “1991-ci il konstitusiya aktı: suverenliyin və dirçəlişin rəmzi” adlı dəyirmi masa keçirilib. Tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda çıxış edən institutun elmi işlər üzrə direktor müavini, tarix elmlər doktoru, dosent İlqar Niftəliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 15 oktyabr 2021-ci il tarixli sərəncamına əsasən 18 oktyabr “Müstəqilliyin Bərpası Günü” elan edilib, artıq hər il bu gün bayram kimi qeyd olunur. 28 dekabr 2024-cü ildə isə Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında sərəncam imzalayıb. İlqar Niftəliyev çıxışında 18 oktyabr 1991-ci ildə Konstitusiya Aktının elan edilməsi, 1995-ci ildə Konstitusiyanın qəbulu, 2020-ci il Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilməsi haqqında danışdı, qeyd etdi ki, artıq Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi ölkənin bütün ərazilərində bərqərar olub.
Daha sonra “Azərbaycan Respublikasının tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Günel Musayeva “1990-1991-ci illər hadisələri fonunda Konstitusiya Aktının tarixi əhəmiyyəti”, tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Axundova “Azərbaycan Respublikasında vətəndaş həmrəyliyinin təşəkkülü” və tarix üzrə fəlsəfə doktoru, dosent Alı Balayev “Azərbaycan Respublikasının konstitusiyasında suverenlik və ərazi bütövlüyü məsələsi” adlı məruzələrlə çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, bu gün Azərbaycan dövləti xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.
__________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir