31.10.2025 14:31
31 oktyabr 2025-ci il tarixində Tarix və Etnologiya İnstitutunda “Azərbaycanın istiqlal şairi Bəxtiyar Vahabzadə-100 il” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən institutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 fevral 2025-ci il tarixində  “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncam imzaladığını, həmin sənədə əsasən ölkədə müxtəlif tədbirlərin keçirildiyini xatırladıb. 
İ.Niftəliyev bildirib ki, Bəxtiyar Vahabzadə çoxşaxəli fəaliyyəti ilə Azərbaycan tarixinə parlaq səhifələr yazmış simalardandır. O, öz yaradıcılığı ilə Azərbaycan istiqlal tarixini dolğun şəkildə əks etdirib, milli düşüncənin formalaşmasında, azərbaycançılıq ideyalarının təbliğində və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna xidmətlər göstərib.
 Dəyirmi masada “Azərbaycanın sovet dövrü tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor İkram Ağasiyev “Azərbaycan milli - azadlıq hərəkatında Bəxtiyar Vahabzadənin yeri”, Bakı Qızlar Universitetinin tələbələri Abbasova Minəzzim “Bəxtiyar Vahabzadənin keşməkeşli həyat yolu”, Nəsirova Ləman “Bəxtiyar Vahabzadə yaradıcılığında ana dili”, Məmişova Nənəxanım “Bəxtiyar Vahabzadə Türk birliyi ideyasının carçısı kimi”, Abdullayeva Günay “Bəxtiyar  Vahabzadə – əxlaqi dəyərlər  haqqında”, Abışova Xədicə “Türk dünyanın  böyük şairi Bəxtiyar Vahabzadə”, Babayeva Aydan “Bəxtiyar Vahabzadə bir dramaturq kimi”, Məmmədova Ruhanə Rusif qızı “Vətən və azərbaycançılıq haqqında”, Nəcəfova Rəqsanə “Bəxtiyar Vahabzadə yaradıcılığında azadlıq ideyası” adlı məruzələrlə çıxış edərək Bəxtiyar Vahabzadənin həyatı və yaradıcılığı haqqında bəhs ediblər. Çıxışlarda vurğulanıb ki, Bəxtiyar Vahabzadənin yaradıcılığı həm ədəbi, həm də ictimai-siyasi baxımdan böyük məktəbdir. O, ictimai xadim kimi xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə əsl ziyalı mövqeyi sərgiləyib. 
Tədbirdə Bakı Qızlar Universitetinin tələbələri Bəxtiyar Vahabzadənin şeirlərini səsləndirilib, şairin  həyat və yaradıcılığını əks etdirən foto və arxiv materialları nümayiş etdirilib.
_____________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
☎️ +994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir