31.10.2025 14:35
80 il öncə yaranmış Azərbaycan Milli Elmlər Akademiyası böyük və şərəfli inkişaf rolu keçib və elmimizin təşəkkülü, inkişafı, bir çox mühüm elmi-texniki naliyyətlər alimlərimizin fəaliyyəti ilə qırılmaz surətdə bağlıdır.
Bu yubiley günlərində AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Azərbaycan Respublikasının tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Tamilla Kərimova-Kocayevanın “Azərbaycan elm tarixi: biobiblioqrafik oçerklər. I hissə (A-K)” adlı kitabı nəşr edilib.
Tarix və Etnologiya İnstitutunun Elmi Şurasının qərarına əsasən çap edilən biobiblioqrafik oçerklərdə XIX əsrin ikinci yarısı-XX əsrdə Azərbaycanın müxtəlif elm sahələrində fəaliyyət göstərmiş alimlər haqqında məlumatlar öz əksini tapıb. Arxiv materialları əsasında yazılan 1134 səhifəlik kitab “Elm və təhsil” nəşriyyatında çap edilib.
Kitabın elmi redaktoru, Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev, rəyçilər “Azərbaycan Respublikasının tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Günel Musayeva, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Axundovadır.
Biobiblioqrafik oçerklər Azərbaycan alimləri haqqında bu səpkidə yazılan ilk kitabdır. Əsərdə Azərbaycan elminin bütün sahələrində çalışan alimlər, elm, təhsil, mədəniyyət xadimləri və təşkilatçıları, ixtiraçılar, konstruktorlar, mühəndislər, sənətşünaslar, həkimlər, ali məktəb müəllimləri, unudulmuş, repressiyaya uğramış alimlər və başqa görkəmli şəxslər haqqında heç bir yerdə rast gəlinməyən çox maraqlı faktlar və materiallar əksini tapıb. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan kitabda alimlərin bioqrafik məlumatları, elmi fəaliyyətlərinin əsas istiqamətləri, əsərlərinin siyahısı, eləcə də həyat və yaradıcılıqları haqqında ədəbiyyatlar ilə tanış olmaq mümkündür.
______________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
☎️ +994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir