27.12.2018 16:22
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Qaraş Mədətovun (1928-1993) 90 illik yubileyi qeyd olunub.
Tədbir AMEA-nın Rəyasət Heyətinin qərarına əsasən təşkil olunub.
Yubiley tədbirini giriş sözü ilə açan Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, Qaraş Mədətov Azərbaycanın müasir tarixini öyrənən elmi məktəbin yaradıcılarından biri olub: “O, 1968-ci ildən ömrünün sonunadək Tarix İnstitutunun “Azərbaycanın müasir dövr tarixi” şöbəsinə rəhbərlik edib”.
Bildirilib ki, Q.Mədətovun namizədlik dissertasiyası müasir Azərbaycan tarixşünaslığında Naxçıvan bölgəsinin tarixi ilə bağlı köklü məsələlərin elmi cəhətdən öyrənilməsi və ümumiləşdirilməsi baxımından ilk sanballı əsər olub. Q.Mədətovun elmi fəaliyyətində əsas yeri “Azərbaycan Böyük Vətən müharibəsində” mövzusu tutsa da, o, bütövlükdə ölkə tarixinin aktual problemlərinə münasibət bildirmiş, qiymətli kitab və məqalələri ilə tanınmışdır.
Qeyd olunub ki, görkəmli alim tarix elmimizi respublika sərhədlərindən kənarda da şərəflə təmsil etmiş, onun təbliği sahəsində böyük iş aparmışdır. Q.Mədətovun əsərləri Moskva, Kiyev, Minsk, Tbilisi, Riqa və başqa şəhərlərdə çap olunub.
Tədbirdə tarixçi alimlər Ədalət Qasımov və Cəbi Bəhramovun məruzələri dinlənilib.
Akademik Teymur Bünyadov, AMEA-nın müxbir üzvləri Nizami Xudiyev, Vəli Əliyev, professor Rəhilə Quliyeva və başqaları Qaraş Mədətovun Azərbaycan tarixinə verdiyi elmi töhfələrdən bəhs etmişlər.
Tədbirdə Q.Mədətovun “Azərbaycan Böyük Vətən Müharibəsi illərində” monoqrafiyasının yenidən işlənmiş və təkmilləşdirilmiş nəşrinin təqdimatı keçirilib. Yeni nəşr “Azərbaycan SSR 1941-1945-ci illər müharibəsində” adlanır. Kitab Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub. Layihə rəhbəri akademik Yaqub Mahmudov, nəşrin elmi redaktorları isə tarixçi alimlər Cəbi Bəhramov və Elmar Məhərrəmovdur.
Azərbaycan tarixinin tədqiqi və təbliği sahəsində böyük xidmətlərinə görə Q.Mədətov 1983-cü ildə AMEA-nın müxbir üzvü seçilmiş, 1990-cı ildə isə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
Tədbirdə görkəmli alimin oğlu Tofiq Mədətov atasının xidmətlərinin yüksək qiymətləndirilməsinə, xatirəsinin əziz tutulmasına və tədbirin təşkilinə görə ailəsi adından minnətdarlığını bildirib.
Sonda tədbir iştirakçıları Qaraş Mədətovun elmi-pedaqoji fəaliyyətini əks etdirən kitablar və monoqrafiyalardan ibarət sərgiyə baxmışlar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridir.