AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubileyində tarixi nitqi: Müasir tarixi tədqiqatların yol xəritəsi (Tarix və etnologiya institutunun genişləndirilmiş Elmi Şurasından)

20.11.2025 14:40

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki nitqində ölkə və qlobal miqyasda baş verən hadisələr ətraflı təhlil edilib, tarix sahəsində elmi tədqiqatların əsas istiqamətləri barədə vacib vəzifələr irəli sürülüb. AMEA-nın Tarix və Etnologiya İnstitutu dövlət başçısının nitqində irəli sürülən bütün müddəaların, xüsusilə elmi-tədqiqat prioritetlərinə uyğun olan istiqamətlərin dərindən öyrənilməsi və həyata keçirilməsinə böyük önəm verir. Bu məsələlər institutun 19 noyabr 2025-ci il tarixində keçirilən genişləndirilmiş Elmi Şurasında müzakirə olunub, gələcək fəaliyyət üçün əsas kimi qəbul olunub.

İclasda Elmi Şura üzvlərindən “Azərbaycanın VII-XIV əsrlər tarixi” şöbəsinin müdiri, akademik Nərgiz Axundova, “Türk xalqlarının tarixi və etnologiyası” şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Güllü Yoloğlu, “Azərbaycan Respublikasının tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Günel Musayeva, “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov, “Dünya tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor İradə Bağırova, “Azərbaycanın XIX əsr-XX əsrin əvvəlləri tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, professor Hacı Həsənov, “Tarixi etnologiya” şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent İlhamə Məmmədova, “Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Vaqif Abışov, “Sovet dövrü tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor İkram Ağasıyev,  “Qafqaz tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Qasım Hacıyev və Elmi Şuranın iclasına dəvət olunanlardan “Əliyevşünaslıq” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Leyla Hüseynova və digər elmi əməkdaşlar çıxış edib. Çıxışlarda Azərbaycan Prezidenti İlham Əliyevin yubiley nitqində əksini tapan, xüsusi ilə tarix və etnologiya elm sahələri ilə bağlı müddəaların alimlər qarşısında yeni vəzifələr  qoyduğu, yeni istiqamətlər müəyyənləşdirdiyi vurğulanıb. Azərbaycanın qədim dövlətçilik tarixinin, orta əsrlər tarixinin, müasir tarixin tədqiqi, Qərbi Azərbaycan tarixinin və tarixi coğrafiyasının öyrənilməsi, xəritələrin, atlasların hazırlanması və s. məsələlərlə bağlı qarşıda duran vəzifələrdən bəhs edilib.

Elmi Şuranın iclasında institutun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov Azərbaycanda tarixə dair müasir çağırışların irəli sürülməsində və həyata keçirilməsində Prezident İlham Əliyevin rolundan bəhs edib. Bunun üçün Prezident İlham Əliyevin 2005, 2011, 2015 və 2025-ci illərdə AMEA-dakı nitqlərində tarixə dair müddəalar təhlil edilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin AMEA-nın 80 illiyinə həsr edilmiş yubileyndəki çıxışı bir sıra mühüm xüsusiyyətlərə malikdir. Belə ki, əvvəlki çıxışlar Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı dövrünə təsadüf edirdisə, AMEA-nın 80 illik yubileyindəki çıxış Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası dövründə olmuşdur. Kərim Şükürov Prezident İlham Əliyevin bu barədəki fikirlərini diqqətə çatdırıb: Bu gün Azərbaycan bütün suveren torpaqlara sahibdir. Bizim ərazimizdə işğalçı qüvvələr yoxdur. Bizim ərazimizdə xarici hərbi birləşmələr yoxdur. Bu gün biz bu torpaqlarda qurub-yaradırıq. Biz bir neçə gündən sonra şanlı Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik. Son beş il ərzində dünyada bir çox yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş verirdi və hər şey müqayisə ilə ölçülür. Bunu da alimlər yaxşı bilir. Deyə bilərəm ki, bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmamışdır”.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın yeni dövr tarixinin əsas istiqamətlərini, onun yol xəritəsini də müəyyən edib. Azərbaycanın dövlətçilik tarixinin, Qərbi Azərbaycan tarixinin, kartoqrafiyanın, tarixi-etnoloji problemlərin öyrənilməsində yeni istiqamətlər irəli sürülüb, rəqəmsal texnologiyalardan istifadənin aktuallığı və perspektivləri  müəyyən edilib. Bütün bunlar nəzərə alınaraq Tarix və Etnologiya İnstitutu qarşısında duran əsas vəzifələr müəyyənləşdirilib. Belə ki, institutun 2026-2030-cu illər üçün fəaliyyət planı tərtib edilərkən bu vəzifələr əsas kimi qəbul ediləcəkdir. Qarşıdakı dövrdə Tarix və Etnologiya İnstitutunda hazırlanmış “Azərbaycanın tarixi coğrafiyası”, Azərbaycanın tarixi atlası” (yeni variant); “Deportasiya 1948-1953” (məqalələr və sənədlər toplusu), iki cildlik “Zəngəzur tarixi”nin birinci cildi, “Müasir vandalizm: Ermənistan Azərbaycanın tarixi abidələrinə qarşı” və digər fundamental kitabların nəşr olunacaqdır. Uzun müddətdən sonra yeni konsepsiya əsasında hazırlanmış bir cildlik “Azərbaycan tarixi” çap olunacaqdır. Bununla yanaşı, 15 cildlik “Azərbaycan tarixi”; çoxcildlik “Qərbi  Azərbaycan tarixi”, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərlərinə həsr edilmiş  “Böyük Qayıdış” toplusunun növbəti cildləri və digər kitablar nəşrə hazırlanacaqdır. Azərbaycan Respublikasının tarixinə həsr edilmiş çoxcildlik də nəşrə hazırlanan kitablar içərisində xüsusi yer tutacaqdır.  Nəşr işləri ilə bərabər, Azərbaycan tarixi və etnologiyasına dair araşdırmalarla bağlı beynəlxalq elmi konfransların təşkili, beynəlxalq elmi konfranslarda Azərbaycan tarixi və etnologiyasına aid məruzələrlə çıxışlara nail olunması diqqət mərkəzində olacaqdır. Azərbaycan tarixinə dair yeni mənbələrin elmi dövriyyəyə gətirilməsi üçün xarici ölkələrin arxiv və kitabxanalarına elmi ezamiyyətlər həyata keçiriləcəkdir.

Müzakirələr zamanı irəli sürülən ideya və təkiliflər əsasında Elmi Şuranın müvafiq qərarı qəbul edilib.

 

______________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

 

Paylaş: