09.01.2019 18:47
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurasında Atropatena // Azərbaycan dövlətinin yaranma tarixi geniş müzakirə olunub.
Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri, tarix elmləri doktoru Həsən Həsənov Elmi Şuranın genişləndirilmiş iclasında “Azərbaycan” adlı dövlətin yaranma tarixi barədə geniş məruzə ilə çıxış edib.
İnstitutun direktoru, akademik Yaqub Mahmudov Azərbaycanın Polşadakı səfirliyinin fəaliyyətindən danışaraq bildirib ki, Varşavanın mərkəzi parklarından birində Azərbaycan ordusunun polyak generalı Məmməd bəy Sulkeviç və Polşa ordusunun azərbaycanlı polkovniki Vəli bəy Yadigarın xatirəsinə abidə ucaldılıb: “Polşada Uzun Həsən və IV Kazimirə, İqnaçı Paderevski və Əlimərdan bəy Topçubaşova, Adam Mitskeviç və Mirzə Cəfər Topçubaşova həsr edilmiş xatirə lövhələri quraşdırılıb”. Akademik əlavə edib ki, bu günlərdə Varşava Universitetində Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb.
H.Həsənov iclasda tarixçi alimlərə “Azərbaycan” adlı dövlətin Aşşur imperiyasının süqutundan dərhal sonra yarandığını təsdiqləməyə imkan verən konsepsiya barədə ətraflı məlumat verib. O bildirib ki, Atropatena ölkəsinin adı müasir “Azərbaycan” anlayışının fonetik versiyasıdır: “Mən Roma tarixçisi Ammian Marsellin (IV əsr) və “Karki de Bet Selox” adlı Suriya xronikasına (V əsr) istinad edərək bildirirəm ki, “Azərbaycan” adlı dövlət e.ə. VII əsrdə yaranıb. İndiyə kimi elmimizdə Atropatena dövlətinin Makedoniyalı İsgəndərin ölümündən sonra e.ə. 321-ci ildə yarandığı bildirilir. Əslində Atropatena e.ə. IV əsrdə yaradılmayıb, e.ə. 321-ci ildə sadəcə olaraq onun müstəqilliyi bərpa olunub. Adları çəkilən qədim Suriya və Roma mənbələri əsas verir ki, e.ə. 612-ci ildə Aşşur imperiyasının süqutu nəticəsində “Atropatena/Adorbayqan” adlı dövlətin yarandığını təsdiq edək”, - deyə H.Həsənov qeyd edib. Beləliklə, e.ə. 612-ci il “Azərbaycan” adlı dövlətin yarandığı ildir.
H.Həsənov çıxışında xüsusi qeyd edib: “Dövlətimizin və xalqımızın adlarının əsasını təşkil edən Atarpatena/Atropatena/Adorbayqan sözü nə fars, nə də yunan mənşəlidir, V əsr Suriya mənbəsinə görə, onun kökündə 2700 il bundan əvvəl dövlətimizi yaradan sərkərdənin valilik titulu olan “Arpat” və yaxud “Orbay” durur. Atropatenanın ərazisi şimal-qərbdə Qara dənizə, şimalda isə Baş Qafqaz dağlarınadək olan əraziləri əhatə edirdi”.
H.Həsənov məruzəsində bildirib ki, Albaniya dövləti e.ə. I əsrdə yaranıb: “Albaniya dövlətinin yarandığı ərazi e.ə. 612-ci ildən e.ə. II-I əsrlərə qədər Adorbayqan/Atropatena/Atarpatena adlanan dövlətin tərkib hissəsi olub. Alban çarlığı kimmerlərin Qamir dövləti və skiflərin Aşquz çarlığının hüquqi varisi sayılır”.
Tədbirin sonunda Yaqub Mahmudov bildirib: “Həsən Həsənovun Elmi Şuramızda qaldırdığı məsələlər ilk mənbələrə və elmi ədəbiyyata, xüsusən qərb mənbələrinə və Avropa tarixçilərinin əsərlərinə əsaslanır. Ona görə də ciddi elmi maraq doğurur. Elmdə yeni fikirlər süngü ilə qarşılanmamalı, onlara layiqincə yer verilməli, tədqiqatlar daha da genişləndirilməlidir”.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridir.