27.11.2025 11:50
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri və aidiyyəti şəxslər iştirak ediblər.
İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.
İclasda müzakirəyə çıxarılan ilk məsələ Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında” 5 noyabr 2025-ci il tarixli Sərəncamı ilə təltif edilən AMEA əməkdaşlarına müvafiq təltiflərin təqdim edilməsi haqqında olub.
Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli dövlət başçısının sözügedən Sərəncamının Akademiyanın 80 illik şərəfli tarixinin əlamətdar hadisələrindən biri olduğunu söyləyib. Qeyd edib ki, bundan öncə dövlət başçısının müvafiq Sərəncamı ilə Akademiya əməkdaşları ölkə üzrə ən çox “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilənlər sırasında idi. Akademik İsa Həbibbəyli bildirib ki, bu, Prezident İlham Əliyevin Azərbaycan elminə, aliminə, ziyalısına, Azərbaycan Milli Elmlər Akademiyasına verdiyi böyük dəyərin və qiymətin bariz ifadəsidir. Həmçinin ölkə başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamının Akademiya tarixinin çox əhəmiyyətli səhifələrindən biri olduğunu deyən akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Sərəncamda AMEA-nın keçdiyi şanlı tarixi yola nəzər salınır, bu tarix dövlət başçısı tərəfindən yüksək qiymətləndirilir və gələcək fəaliyyətə dəstək verilir, qarşıya vəzifələr qoyulur.
“Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında iştirakı və proqram xarakterli, dərin məzmunlu nitqi Akademiyanın, alimlərimizin gələcək fəaliyyətinin yol xəritəsidir. Prezident İlham Əliyevin IV Sənaye inqilabının əsas çağırışlarından olan kibertəhlükəsizlik, süni intellekt və rəqəmsal texnologiyalara dair yubiley nitqindəki fikirləri bundan sonrakı fəaliyyətimizin əsasını təşkil edəcək. Akademiya və Azərbaycan alimləri olaraq cənab Prezidentin nitqindən irəli gələn vəzifələrin yüksək səviyyədə icrası əsas vəzifəmizdir”, - deyə akademik İsa Həbibbəyli bildirib.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında” 5 noyabr 2025-ci il tarixli Sərəncamı ilə əlaqədar təltif olunanlara mükafatları təqdim olunub. Təltif olunanlar çıxış edərək dövlət başçısına Azərbaycan elminə, aliminə verdiyi yüksək diqqət və dəyərə görə minnətdarlıqlarına bildirib, alimlərimizin qarşısına qoyduğu vəzifələrin icrası istiqamətində bundan sonra da yorulmadan çalışacaqlarını söyləyiblər.
______________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir