AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Akademik Yusif Məmmədəliyev - 120 il

01.12.2025 13:12

Akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 05 iyul 2025-ci ildə sərəncam imzalayıb. Həmin sərəncamda qeyd olunur ki, 2025-ci ilin dekabr ayında görkəmli alim və ictimai xadim, Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından biri, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Heydər oğlu Məmmədəliyevin anadan olmasının 120 ili tamam olur: “Akademik Yusif Məmmədəliyev Azərbaycan elminin yetirdiyi parlaq simalardandır. Azərbaycanda neft kimyasının bünövrəsini yaratmış alimin qiymətli sənaye məhsullarının alınması üçün böyük tətbiqi əhəmiyyətə malik texnoloji proseslərin işlənib hazırlanmasında müstəsna xidmətləri vardır. Neft-kimya elmində mühüm hadisəyə çevrilən yüksək oktanlı aviasiya yanacaqları istehsalının yeni üsulunu kəşf etməsi Yusif Məmmədəliyevə şöhrət qazandırıb. Respublikada bir sıra elmi müəssisə və qurumların təşkili onun adı ilə bağlıdır. Geniş spektrli fundamental tədqiqat işlərini səmərəli pedaqoji fəaliyyətlə paralel surətdə davam etdirən Yusif Məmmədəliyevin formalaşdırdığı Azərbaycan neft-kimya məktəbi ölkənin hüdudlarından çox-çox uzaqlarda tanınıb”. Həmin sərəncamla Azərbaycan elminin inkişafına verdiyi misilsiz töhfələri nəzərə alınaraq, akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyinin keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasına Elm və Təhsil Nazirliyi ilə birlikdə tədbirlər planı hazırlayıb həyata keçirilməsi tapşırılıb.

Akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu tədbirlər həyata keçirir, tədqiqatlar aparır.

28 noyabr 2025-ci il tarixində Tarix və Etnologiya İnstitutunda görkəmli alim, dünya şöhrətli kimyaçı, akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyinə həsr olunmuş “Akademik Yusif Məmmədəliyev - 120 il” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri institutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev açaraq akademik Yusif Məmmədəliyevin Azərbaycan elminin inkişafındakı müstəsna xidmətlərini, keçmiş SSRİ-də, Azərbaycanda  neft kimyası sahəsinin formalaşmasında və beynəlxalq elmi arenada tanıdılmasında mühüm rol oynadığını qeyd edib. İ.Niftəliyev maraqlı bir məlumatı diqqətə çatdıraraq bildirib ki, 2011-ci ildə Ermənistanda çıxan “Erkramas” qəzetində “Silva Kaputikyan və Arsax hərəkatı” adlı məqalədə Yusif Məmmədəliyevin S.Kaputikyana cavab məktubu yer alıb. Həmin məqalədə yazılıb ki, 1959-cu ildə Qarabağda olan erməni şairə hər addımda “əsir alınmış, lal-dinməz olmuş kilsələri, qırılmış qanadlı xaçkarları, dağıdılmış körpüləri” görəndən sonra  dərhal Azərbaycan Elmlər Akademiyasının prezidenti Yusif Məmmədəliyə məktub yazıb. Bu məktuba aldıqdan sonra akademik Y.Məmmədəliyev şairəyə belə cavab verib: “Azərbaycan, sizə məlum olduğu kimi, arxeoloji və tarixi abidələrlə son dərəcə zəngindir… və mən hesab edirəm ki, elə qərəzli bir adam tapmaq çətindir ki, hər hansı bir xalqın öz torpağında yerləşən, onun vətəninin tarixinin susmayan şahidləri olan tarixi abidələri qəsdən məhv edə biləcəyini güman etsin”. Akademik Yusif Məmmədəliyevin bu cavabı hələ XX əsrin ortalarında Azərbaycan ziyalılarının ermənilərin ərazi iddialarına, xalqımızın maddi-mənəvi mədəniyyətini mənimsəmək niyyətlərinə qarşı mübarizəsinin bir sübutudur.

       Dəyirmi masada “Azərbaycanın sovet dövrü tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor İkram Ağasiyev “Yusif Məmmədəliyevin ictimai-siyasi fəaliyyəti”, “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov “Yusif Məmmədəliyevin sovet ordusunun döyüş qabiliyyətinin artırılmasında rolu”, “Azərbaycanın sovet dövrü tarixi” şöbəsinin  elmi işçisi Aybəniz Osmanova “Azərbaycanda astrofizika rəsədxanasının yaradılmasında Yusif Məmmədəliyevin rolu” adlı geniş məruzələrlə çıxış ediblər. Çıxışlarda göstərilib ki, Yusif Məmmədəliyev neft kimyası sahəsində elmi məktəb yaradan görkəmli alim olmaqla yanaşı, Azərbaycan elminin modernləşməsinə, elmi kadrların yetişdirilməsinə böyük töhfələr vermiş şəxsiyyətlərdən biridir. Məruzələrdə akademik Y.Məmmədəliyevin elmi araşdırmaları, onun kimya elminə gətirdiyi yeniliklər, kataliz və sintetik neft məhsulları sahəsində dünya elminə verdiyi fundamental töhfələr barədə ətraflı maraqlı məlumatlar diqqətə çatdırılıb. Natiqlər alimin ictimai fəaliyyətini, təşkilatçılıq bacarığını və elmi irsin bu gün də aktual olduğunu xüsusi vurğulayıblar.

“Tarixi etnologiya” şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d. İsmayıl Umudlu Naxçıvanda etnoqrafik ekspedisiya zamanı Y.Məmmədəliyevin ev muzeyində baş çəkdikləriniı qeyd edərək, onun böyük ziyalı nəslinin nümayəndəsi olduğunu, bunun muzeydə saxlanılan, XX əsrin birinci yarısına aid məktublardan, ailə eksponatlarından, fotoşəkillərdən də aydın göründüyünü vurğulayıb.

Dəyirmi masada bütün çıxışlarda Yusif Məmmədəliyevin rəhbərliyi altında formalaşan elmi məktəbin bu gün də fəaliyyətini davam etdirdiyi, ölkəmizdə kimya sahəsində aparılan tədqiqatların onun elmi irsindən güc aldığı bildirilib. Məruzəçilər akademikin yubileyinin qeyd edilməsinin həm elmi mühit, həm də gənc tədqiqatçılar üçün mühüm stimul olduğunu bildiriblər. Çıxışçılar və iştirakçılar akademikin həyat və yaradıcılığı ilə bağlı fikir mübadiləsi aparıb, onun zəngin irsinin sistemli şəkildə öyrənilməsinin və gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti vurğulayıblar. Yekunda belə tədbirlərin gələcəkdə də keçirilməsi qərara alınıb.

        

______________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: