12.01.2019 21:12
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institut və təşkilatlarının ictimaiyyətlə əlaqələr şöbələrinin 2018-ci il üçün hesabat iclası keçirilib.
AMEA Rəyasət Heyəti aparatı Mətbuat və informasiya idarəsi tərəfindən təşkil olunan tədbirdə idarə rəisi Zülfüqar Fərzəliyev hesabat ili ərzində elmin populyarlaşdırılması və təbliğində kütləvi informasiya vasitələrinin (KİV) rolunun artırılması, bu sahədə mövcud problemlərin həlli, bilik və təcrübə mübadiləsinin aparılması və s. istiqamətdə görülən tədbirlərin əhəmiyyətini qeyd edib. Z.Fərzəliyev respublika mətbuatında və elektron mediada xüsusən də elmi-populyar məqalələrin keyfiyyət və kəmiyyət göstəricilərinin artırılmasının elmin kütləviləşdirilməsində başlıca şərtlərdən olduğunu deyərək, AMEA-nın institut və təşkilatlarının ictimaiyyətlə əlaqələr şöbələrini bu istiqamətdə fəaliyyəti gücləndirməyə çağırıb.
Mətbuat və informasiya idarəsinin rəis müavini Ülviyyə Rzayeva ictimaiyyətlə əlaqələr şöbələrinin yerli və xarici kütləvi informasiya vasitələri ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, mediada elmi mövzuda müxtəlif səpkili materialların vüsət alması, bu istiqamətdə fəaliyyətin təkmilləşdirilməsi məsələlərinə toxunub. Rəis müavini hər bir institutun müvafiq şöbəsi ilə dövlət və qeyri-dövlət qurumlarının mətbuat xidmətləri arasında əməkdaşlıq münasibətlərinin yaradılması və birgə layihələrin həyata keçirilməsinin əhmiyyətindən də bəhs edərək, onları bu işdə fəal olmağa çağırıb.
Sonra AMEA institutlarının ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri 2018-ci il ərzində həyata keçirilən tədbirlər, KİV ilə aparılan işlər və s. haqqında hesabatlarını təqdim ediblər. İdarəetmə Sistemləri İnstitutundan texnika üzrə fəlsəfə doktoru Rəna Əsədova, Dilçilik İnstitutundan filologiya üzrə fəlsəfə doktoru Təranə Şükürlü, Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu, Zoologiya İnstitutundan biologiya üzrə fəlsəfə doktoru Vüsalə Nərimanova, Mərkəzi Elmi Kitabxanadan Mübariz Göyüşlü, Milli Azərbaycan Tarixi Muzeyindən Aynur Babayeva, Kataliz və Qeyri-Üzvi Kimya İnstitutundan Mətanət Həmidova, Mikrobiologiya İnstitutundan Nərminə Hüseynova, Tarix İnstitutundan Nazim Xəlilov və Botanika İnstitutundan Məhsəti Qurbanova rəhbərlik etdikləri şöbələrin fəaliyyəti, institutun veb-saytının idarə edilməsi və informasiya təminatı, hesabat ili ərzində KİV-də işıqlandırılan məlumatların statistik göstəriciləri, elmi tədqiqatların, əldə edilən uğurların populyarlaşdırılması və təbliği, institutun fəaliyyətinin sosial mediada təbliği istiqamətində görülən işlər haqda geniş təqdimatla çıxış ediblər. Həmçinin 2018-ci il üçün saytlara edilən müraciətlərin, “Xəbərlər” bölməsi üzrə yerləşdirilən materialların statistikası təqdim edilib. Bundan əlavə, tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən hər bir institutun veb-saytı üzrə aparılan monitorinqin nəticələri də təqdim olunub. 16 tələb üzrə aparılan monitorinqdə müsbət nəticələrlə yanaşı qeyd edilən bir sıra nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlərin görüldüyü qeyd edilib.
Hesabat iclasında iştirakçıların sualları cavablandırılıb, qarşılıqlı maraq doğuran məsələlər, təkliflər ətrafında müzakirələr aparılıb, elmin populyarlaşdırılması istiqamətində görülən işlərin daha da gücləndirilməsi tövsiyə olunub, müvafiq tapşırıqlar verilib.
Mənbə: science.gov.az
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridir.