17.01.2019 18:30
“Son illərdə Tarix İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaranması tarixinə həsr olunmuş ilk əhatəli və sanballı tədqiqatı (Azərbaycan və rus dillərində) ortaya qoyub”.
Bunu institutun direktoru, akademik Yaqub Mahmudov “Azərbaycan SSR Elmlər Akademiyasının formalaşması və yaranması tarixi (1920-1945)” mövzusundakı doktorluq dissertasiyasının müzakirəsində deyib.
Dissertasiya işinin müəllifi tarix üzrə fəlsəfə doktoru, dosent Tamilla Kərimovadır. Onun elmi məsləhətçisi isə institutun Azərbaycanın mədəniyyət tarixi şöbəsinin müdiri, professor Tamilla Musayevadır.
Müzakirədə Yaqub Mahmudovla yanaşı, professorlar Fuad Məmmədov və Şövqi Göyçaylı, institutun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov, şöbə müdirləri İradə Bağırova, Sevinc Əliyeva, İlqar Niftəliyev və başqaları da iştirak ediblər.
Bildirilib ki, T.Kərimova AMEA-nın yaranması tarixinə dair 2 kitab yazıb. Onun “Azərbaycan Milli Elmlər Akademiyasının yaranması” adlı kitabının (2015) baş elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik Akif Əlizadə, layihə rəhbəri və ön sözün müəllifi Yaqub Mahmudovdur.
Y.Mahmudov bildirib ki, Ulu öndər Heydər Əliyevin “Azərbaycan xalqının milli sərvəti” adlandırdığı AMEA dirçəliş dövrünü yaşayır.
T.Kərimovanın dissertasiyasında AMEA-nın təşəkkülü, 1930-1940-cı illərdə repressiyaya məruz qalmış alimlər və 1941-1945-ci illər müharibəsində faşizm üzərində qələbədə alimlərimizin mühüm rolu nəzərdən keçirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridir.