17.01.2019 23:15
“Prezident İlham Əliyevin 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında sərəncamı Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliğinə çox böyük töhfədir. Bu sərəncam Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda böyük razılıqla qarşılanıb. 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ölkəmizdə nəsimişünaslığın inkişafına böyük təkan verəcək”.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib.
Onun sözlərinə görə, sərəncamda qeyd edildiyi kimi, şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir.
“Həmin yubiley tədbirlərinin davamı olaraq 1979-cu ildə Bakının mərkəzində İmadəddin Nəsiminin heykəli ucaldılıb və şair haqqında məşhur bədii film çəkilib.
Ulu öndər Heydər Əliyev kimi, İlham Əliyev də tariximizə sahib çıxan, onu dirçəldən, qoruyan və inkişaf etdirən Prezidentdir. Ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunan və ssenari müəllifi olduğum “Dahi azərbaycanlı” filmində (2013) onun təşəbbüsü və tapşırığı ilə çəkilən “Nəsimi”, “Babək”, “Dədə Qorqud” və “Nizami” filmləri barədə məlumat verilib”.
Deputat bildirib ki, Nəsimi dövrü və onun fəlsəfi görüşləri lazımınca araşdırılmayıb:
“Onun ustadı Fəzlullah Nəimi hürufilik elmi-fəlsəfi cərəyanının banisidir. Sovet dönəmində Nəsiminin din əleyhinə olduğu iddia edilir, əslində isə o, dinin əleyhinə deyildi. O, dində islahatların tərəfdarı idi. Nəsiminin dində islahatlar təklifi orta əsr Avropasındakı dini islahatlardan daha öncə baş verib. Bəşəri dəyərlərə, insana sevgiyə və əmin-amanlığa çağırış Nəsimi yaradıcılığının əsas xəttidir”.
Akademik Nəsiminin məzarının Hələbdən Azərbaycana gətirilməsi haqda təkliflərə də münasibət bildirib.
“60 milyonluq Azərbaycan xalqı dünyanın hər yerində öz tarixini yaradıb. Biz onların məzarlarını bura yığa bilmərik. Ən görkəmli adamlarımız harada yaşayıb-yaradıbsa, dəfn olunubsa, bizim orda tariximiz var. Tariximizə toxunmaq olmaz. Və Nəsiminin məzarının Hələb şəhərində qalmasının tərəfdarıyam.
Bilirik ki, böyük mütəfəkkirimiz Rəsul Rza Nəsiminin qəbrinin Hələbdə olduğunu aşkar edib. Mən o zaman bu məsələlərlə bağlı Rəsul Rzayla çoxsaylı söhbətlər etmişəm. O, Nəsiminin məzarının aşkar olunması və qorunub saxlanılmasında mühüm rol oynayıb”.
Y.Mahmudov onu da bildirib ki, Tarix İnstitutu bu il Şamaxı şəhərində Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirəcək.
Mənbə: Modern.az - Tarixçi-deputat: “Nəsiminin məzarının Hələbdə qalmasının tərəfdarıyam”
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridir.