19.02.2026 14:28
18 fevral 2026-cı il tarixində AMEA A.A Bakıxanov adına Tarix və Etnologiya İnstitututunda “Türk Birliyinin Fədailəri (Birinci Türkoloji Qurultayın 100 ili)” adlı dəyirmi masa keçirilib.
Dəyirmi masanı institutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev açaraq bildirib ki, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2025-ci il tarixli sərəncamına uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyası Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirir, Tarix və Etnologiya İnstitutu da həmin plana uyğun olaraq tədbirlər təşkil edir, mövzu ilə bağlı elmi tədqiqatları genişləndirir, elmi əməkdaşlar monoqrafiya və məqalələr yazır, KİV-də çıxışlar edilir.
İ. Niftəliyev bildirib ki, Birinci Türkoloji Qurultay türk xalqlarının ortaq elmi platformada bir araya gəlməsi baxımından mühüm hadisə olub: “Müasir dövrdə türk respublikaları arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə doğru qətiyyətlə atılan addımlar artıq davamlı xarakter daşıyır. 2025-ci il oktyabrın 6–7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşünün Bəyannaməsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi çağırışının öz əksini tapması bunun daha bir təzahürüdür”.
Azərbaycanın sovet dövrü tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor İkram Ağasiyev “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin I Türkoloji Qurultayın təşkilində rolu” mövzusunda çıxış edərək cəmiyyətin qurultayın keçirilməsində oynadığı rolu təhlil edərək bildirib ki, XX əsrin 20-ci illərində baş tutmuş beynəlxalq miqyaslı bu unikal elmi forumda türkologiyanın ən aktual məsələləri geniş və sistemli müzakirə obyektinə çevrilib, türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin gələcəyi ilə bağlı vacib qərarlar qəbul edilib, latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçilməsi xüsusi diqqət mərkəzində saxlanılıb. Professor İkram Ağasiyev deyib ki, Bakı şəhəri XX əsrin əvvəllərindən intellektual həyatın yüksək səviyyəsi ilə seçildiyi və dünya türkologiyasının nüfuzlu mərkəzlərindən biri kimi tanındığı üçün Birinci Türkoloji Qurultaya ev sahibliyi edib.
Dünya tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor İradə Bağırova “M.A. Şahtaxtlının fəaliyyətində türk əlifbasının islahatı məsələləri” mövzusunda məruzə ilə çıxış edərək əlifba islahatı ideyalarının formalaşması tarixini, elmi əsaslarını diqqətə çatdıraraq vurğulayıb ki, yeni əlifbanın ilk kütləvi tətbiqinə məhz Azərbaycanda başlanılması hələ XIX əsrdən etibarən mütərəqqi düşüncəli ziyalılarımızın əlifba islahatı uğrunda apardıqları ardıcıl mübarizənin nəticəsi idi.
Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Güllü Yoloğlu “Ümumittifaq Türkoloji Qurultaya siyasi mühacirlərin baxışı” adlı məruzəsində vurğulayıb ki, Birinci Türkoloji Qurultayda səslənən başlıca fikir və müddəaların həyata keçməsinin qarşısı az sonra bolşevik rejiminin və sovet totalitar idarə üsulunun yaratdığı maneələrlə sərt formada alınıb, qurultay nümayəndələrinin böyük əksəriyyəti 1930-cu illər repressiyasına məruz qalıb, bununla da türkologiyanın inkişafına olduqca ağır zərbə vurulub. Güllü Yoloğlu məruzəsində mühacirət mühitində qurultaya münasibət barədə detallı şəkildə məlumat verib, maraqlı müqayisələr aparıb.
Azərbaycanın sovet dövrü tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Aypara Rüstəmova “I Türkoloji Qurultayın tarixşünaslığının bəzi məsələləri”, Dünya tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Yaqut Əmirova “I Türkoloji Qurultayın Türkiyədə əlifba islahatına təsiri”, Azərbaycanın sovet dövrü tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru İlham Həsənov “I Türkoloji Qurultaya müasir baxışların aspektləri”, Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin elmi işçisi Fidan Şahmalıyeva “Birinci Ümumittifaq Türkoloji Qurultay: tarixi zəmin və müasir türk dünyasına təsiri”, Tarix və Etnologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhmən Əliyev “Mehmet Fuad Köprülünün Azərbaycan tarixinin və etnologiyasının tədqiqində rolu” mövzusunda məruzə söyləyib, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aygün Əzimova, Azərbaycanın XV-XVIII əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Rafik Səfərov çıxışlar ediblər. Birinci Türkoloji Qurultayın həyata keçirilməsinə sovet dövlətinin münasibəti, məqsədi, siyasi maraqları, qurultay iştirakçıları, onların çıxışları, sonrakı taleləri, qurultayda qəbul edilən qərarlar barədə maraqlı məlumatlar səsləndirilib, yeni arxiv materialları haqqında məlumatlar verilib.
Məruzə və çıxışlarda qurultayın həm tarixi, həm də müasir əhəmiyyətini geniş şəkildə şərh edilib. Qeyd olunub ki, Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdəndir. Yüz ildən sonra bu irsə yenidən qayıtmaq həm tarixi yaddaşın qorunması, həm də müasir türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi baxımından vacibdir.
Tədbirin sonunda mövzu ilə bağlı, eləcə də Birinci Türkoloji Qurultayın irsinin gələcək tədqiqat perspektivləri ilə əlaqədar geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.
______________
İctimaiyyətlə əlaqələr şöbəsi
070-253-75-93
info.tarixinstitutu@gmail.com
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir