18.01.2019 16:04
Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda 20 Yanvar faciəsi ilə bağlı elmi konfrans keçirilib.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən təşkil edilən konfransı Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov açaraq iştirakçıları salamlayıb.
Yaqub Mahmudov qeyd edib ki, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edilib.
İnstitutun direktoru bildirib: “Kommunist diktaturası 1956-cı ildə Macarıstana, 1968-ci ildə Çexoslovakiyaya və 1979-cu ildə Əfqanıstana qarşı törətdiyi cinayətkar hərbi müdaxiləni 1990-cı ildə Azərbaycan xalqına qarşı da həyata keçirdi. Lakin bu beynəlxalq cinayət öz qəddarlığına görə kommunist diktaturasının bütün əvvəlki cinayətlərindən fərqlənirdi. Fərq onda idi ki, Azərbaycana göndərilən peşəkar cəza dəstələrinin tərkibinə Stavropol, Krasnodar, Rostov və başqa yerlərdən səfərbərliyə alınan erməni əsgər və zabitləri, Azərbaycandakı sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi”.
Akademik qeyd edib ki, 1988-1990-cı illərdə BDU-nun Tarix fakültəsi azadlıq hərəkatının ən mühüm mərkəzlərindən biri idi: “BDU-nun Elmi Şurasında milli azadlıq hərəkatının fəalları olan bir qrup tələbənin universitetdən xaric edilməsi barədə qərar çıxarılmasına kəskin etiraz etdim və onların universitetdə saxlanmasına nail oldum. Mənə qarşı elə rejim yaratdılar ki, Tarix fakültəsinin dekanı işləyə bilmədim və istefa verdim”.
“Fəxr edirəm ki, 1990-cı ildə hələ SSRİ dağılmamış bir dekan kimi Tarix fakültəsində gənclərin təşəbbüsü ilə S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tarixi adının (Bakı Dövlət Universiteti) bərpa olunması barədə sədri olduğum Elmi Şurada məsələ qaldırdım və buna nail oldum”, - deyə Yaqub Mahmudov bildirib.
Tarix İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Rəşad Mustafa qeyd edib ki, 1990-cı il yanvarın 21-də Ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, xalqla birgə olduğunu bildirib və 20 Yanvar faciəsinin Mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərib.
Konfransda Tarix İnstitutunun gənc alimləri bildiriblər ki, sovet ordusu Tbilisi (1989) və Vilnüs (1991) hadisələrindən fərqli olaraq Bakıda geniş miqyaslı və qəddarcasına qırğın törədib. Keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçov gürcü və Litva xalqlarından üzr istədiyi halda Azərbaycan xalqından üzr istəməyib. Bu, heç şübhəsiz islam və türk amilləri ilə əlaqəlidir.
Elmi konfransda çıxış edənlər 20 Yanvar faciəsinin Azərbaycanın tarixinə qanla yazıldığını və xalqımızın azadlıq mübarizəsində şərəfli bir səhifə olduğunu söyləyiblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridir.