AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Professor: Dünya ölkələrinin tarixləri ilə müqayisədə Azərbaycanın inkişaf yolu olduqca mürəkkəb olub

22.04.2026 14:35

Azərbaycan tarixinə yeni konseptual baxış bizim üçün böyük əhəmiyyət kəsb edir. “Azərbaycan” sözü və onun etimologiyası ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bu adın şəxs adı ilə bağlı olması ehtimallardan biri kimi göstərilir. İlk dəfə Strabon irəli sürüb ki, “Azərbaycan” adı Atropatenadan götürülüb. Azərbaycan xalqı isə bu adı daha çox “Odlar yurdu” kimi səciyyələndirir. Bununla belə, dərsliklərə nəzər saldıqda bu məsələyə dair aydın və vahid yanaşmanın olmadığı görünür. Həmçinin Azərbaycanın qərb sərhədlərinin yalnız Gürcüstan və Ermənistanla müəyyən edilməsi yanaşmasının yanlış olduğu qeyd olunur.

Bu fikirləri AMEA-nın Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qədim Turan haqqında və Kiçik Asiya ərazilərində prototürk qəbilələri və onların Qafqaz əlaqələri” mövzusunda konfransda deyib.

Professor bildirib ki, eramızın III əsrindən etibarən bu coğrafiya ata-babalarımızın məskəni olub: “Bəzən 1918-ci ildə “Azərbaycan” adlı dövlətin yaradıldığı qeyd edilsə də, Azərbaycan adı və Azərbaycan xalqı bu ərazidə formalaşmış bütün sivilizasiyaların varisidir. Azərbaycan tarixində uzun müddət yanlış konsepsiyalar mövcud olub. Belə ki, guya əvvəl Atropatena və Midiya formalaşıb, daha sonra Səlcuqlar gəlib. Halbuki türk xalqları yaşadıqları ərazilərdə məskunlaşıb və türklüyün vətəni Ön Asiya olub. Azərbaycan çoxmillətli dövlətdir. Dünya ölkələrinin tarixləri ilə müqayisədə Azərbaycanın inkişaf yolu olduqca mürəkkəbdir. Azərbaycan tarixini dərindən öyrənmək üçün ən azı 70 dövlətin tarixini bilmək zəruridir. Azərbaycanda dövlətçilik ənənələri eramızdan əvvəl III minilliyə gedib çıxır və bu günə qədər fasiləsiz şəkildə davam edir”.

Paylaş: