31.01.2019 21:03
Azərbaycan tarix elminin görkəmli nümayəndəsi, Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar Elm xadimi, Dövlət mükafatı laureatı, Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mikayıl oğlu Mahmudovun 80 yaşı tamam olur.
Yaqub Mahmudov çoxillik səmərəli elmi yaradıcılığı və pedaqoji fəaliyyəti ilə ölkəmizdə və ondan kənarda çox böyük hörmət və nüfuz qazanmış, Vətən tarix elminin patriarxı səviyyəsinə yüksəlmişdir.
Vətənimizi dünyaya tanıdan onun övladları, onların məşğul olduğu fəaliyyət sahələridir. Bu sahələr arasında elmin özünəməxsus yeri və rolu vardır. Hər bir elm sahəsi qiymətlidir, çünki əldə edilən elmi nəticələr dövlətimizi, xalqımızı və onun görkəmli nümayəndələrini tanıdır, ölkəmiz haqqında müəyyən fikirlər formalaşdırır. Azərbaycanımızın tarixi haqqında olan Vətən tarixi elmi xalqımızı, ölkəmizi dünya xalqlarına tanıtmaqda müstəsna rola malikdir. Ona görə də Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Azərbaycan tarixinin obyektiv, hərtərəfli tədqiqinə xüsusi əhəmiyyət verməklə tarixçilərimiz qarşısında mühüm vəzifələr irəli sürmüşdür. Tarixçilərimiz həmin vəzifələri rəsmi dövlət tapşırığı kimi qəbul etmiş və bunları yüksək səviyyədə yerinə yetirmək üçün əzmlə çalışırlar.
Belə tarixçilərimizdən biri də elmi, pedaqoji, ictimai və təşkilatçılıq fəaliyyəti ilə çox böyük nüfuz sahibi olan, tariximizin aparıcı və görkəmli nümayəndəsi akademik Yaqub Mahmudovdur.
Azərbaycan tarixi problemlərini öz elmi və təşkilatçılıq fəaliyyətində nəzərə alan, yaratdığı elmi məktəbin nümayəndələri ilə həllinə nail olan, onu beynəlxalq səviyyəyə qaldıran, çoxsaylı elmi əsərlərin müəllifi kimi şöhrət və hörmət qazanan akademik Yaqub Mahmudovu respublikamızın ziyalıları arasında çətin ki, tanımayan adam tapılsın. O, elmi, ictimai-siyasi, pedaqoji və təşkilati fəaliyyəti ilə çoxsaylı mükafatlara, fəxri adlara və titullara sahib olmuş, çox məsul və şərəfli vəzifələrin öhdəsindən ləyaqətlə gəlmişdir.
Akademik Yaqub Mahmudov mənalı və ibrətamiz ömür yaşamış, həyatda dəfələrlə haqsızlıqlarla qarşılaşsa da, bir an da olsa belə geri çəkilməmiş, mübarizə əzmi ilə çalışmış, çox böyük uğurlar əldə etmişdir.
Yaqub Mahmudov 1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və universitetin aspiranturasına daxil olmuşdur. 1966-cı ildə Bakı Dövlət Universitetində namizədlik, 1989-cu ildə isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. 1966-1981-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor, elmi işlər üzrə Baş redaktor müavini, eləcə də həmin illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) baş müəllim, dosent, 1981-2004-cü illərdə Bakı Dövlət Universitetində dosent, professor, kafedra müdiri, dekan müavini və fakültə dekanı vəzifələrində çalışmışdır. Y.Mahmudov 2004-cü ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktorudur.
Akademik Yaqub Mahmudov dərin intellektə, geniş dünyagörüşə, əhatəli diapazona, yüksək elmi səriştəyə, elmi və təşkilatçılıq bacarığına, təsəvvür edilməyəcək dərəcədə çox məhsuldar elmi fəaliyyətə, çoxsaylı elmi dərəcəli yetirmələrə malik vətənpərvər və erudisiyalı tarixçi alimdir. Onun namizədlik dissertasiyası XV əsrin ikinci yarısında Azərbaycan Ağqoyunlu dövlətinin Venesiya ilə əlaqələrinə həsr olunmuşdur. O, ilk dəfə olaraq Azərbaycanın Qərbi Avropa dövlətləri ilə geniş ticarət və diplomatik əlaqələr apardığını aşkara çıxarmışdır. Tədqiqatçı araşdırmalarında Ağqoyunlu hökmdarı, böyük dövlət xadimi Uzun Həsənin, məşhur diplomat Sara xatunun həyat və fəaliyyətinin maraqlı və tariximiz üçün əhəmiyyətli hadisələrindən bəhs etmişdir. Yaqub Mahmudov arxivlərdən əldə etdiyi materiallar əsasında ötən əsrin 70-80-ci illərində çoxsaylı elmi-kütləvi və tədqiqat xarakterli əsərləri ilə nəinki elmi ictimaiyyətin, eləcə də geniş oxucu kütləsinin dərin marağına səbəb olan əsərlərini nəşr etdirir. "Öyrənilməmiş səhifələr", "Səyyahlar Azərbaycana gəlir", "Odlar yurduna səyahət", "Səyyahlar, kəşflər, Azərbaycan", "Azərbaycanın Avropa ölkələri ilə əlaqələri" kimi kitab və monoqrafiyaları müəllifə böyük hörmət qazandırır. O, 90-cı illərdə daha bir sıra dərslik, kitab və monoqrafiyalarını elmi ictimaiyyətə təqdim edir. "Ata yurdu" dərsliyi (V siniflər üçün) pedaqoji ictimaiyyətin və şagirdlərin dərin marağına səbəb olur. Vətən anlayışı, onun ərazisi, sərhədləri, ərazisindəki dövlətlər, görkəmli şəxsiyyətlər yüksək səviyyədə təqdim edilir, şagirdlərə vətənpərvərlik keyfiyyətləri aşılayır, onları vətəndaş kimi formalaşdırır.
Yaqub Mahmudov doktorluq dissertasiyası ilə elmdə özünəməxsus dəst-xəttə, tədqiqat istiqamətinə, orijinal elmi fəaliyyətə malik olan yüksək qabiliyyətli bir elm adamı olduğunu təsdiq etdi. Onun doktorluq dissertasiyası Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələrinə (XV əsrin ikinci yarısı - XVII əsrin əvvəlləri) həsr edilmişdir. Alimin bu tədqiqatında Azərbaycan-Avropa əlaqələrinə obyektiv qiymət verilmiş, Ağqoyunlu və Səfəvi dövlətlərinin beynəlxalq münasibətlərdə mühüm rol oynadıqları faktlarla əsaslandırılmışdır. Müəllif burada Qərb dövlətlərinin Şərq siyasətini, onların məkrli mövqelərinin əsl mahiyyətini açıqlamışdır. Bu qəbildən olan əsərləri içərisində "Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı - XVII əsrin əvvəlləri)", Azərbaycan diplomatiyası (XV-XVII əsrlər)", "Azərbaycan və Avropa" (rus və ingilis dillərində) fundamental monoqrafiyaları xüsusilə diqqəti cəlb edir. Y.Mahmudovun müəllifliyi və rəhbərliyi ilə hazırlanan "İrəvan xanlığı" monoqrafiyası 10-a yaxın xarici dildə nəşr edilərək dünyanın bir sıra ölkələrində yayılmışdır. Bu günə qədər Azərbaycan tarixşünaslığında əhatə dairəsinə görə bu səviyyədə əsər olmamışdır.
Azərbaycan tarixi, ümumdünya tarixi və diplomatiya tarixinin müxtəlif problemlərinə çoxsaylı əsərlər həsr edən Yaqub Mahmudovun 15 cildlik əsərləri işıq üzü görüb. Bu faktın özü görkəmli tarixçimizin məhsuldar elmi fəaliyyəti haqqında çox şey deyir. Müxtəlif elm sahələrində çalışan tədqiqatçıların bu səviyyədə kitab və monoqrafiyalarının, çoxcildliyinin nəşr olunması indiyə qədər məlum deyildir. Başqa elm sahələrində olmuş olsa da, Azərbaycan tarix elmində belə fakta rast gəlinməmişdir.
Akademik Y.Mahmudovun çoxillik elmi fəaliyyətində ensiklopediya yaradıcılığı da mühüm yer tutur. Onun "Azərbaycan Sovet Ensiklopediyası"nda çoxsaylı məqalələri verilmişdir. Y.Mahmudovun rəhbərliyi ilə "Azərbaycan Xalq Cümhuriyyəti" ensiklopediyası və üzvü olduğu "Naxçıvan ensiklopediyası" hazırlanmışdır.
Azərbaycan tarixinə aid xəritələrin hazırlanması da Y.Mahmudovun adı ilə bağlıdır. "Azərbaycan Xalq Cümhuriyyəti" ensiklopediyası üçün hazırlanmış xəritələr, 2017-ci ildə təkmilləşdirilərək "Azərbaycan tarixi atlası" adı ilə nəşr edilmişdir. Bu, ölkəmizin ərazisi, sərhədləri haqqında dolğun təsəvvür yaratmaqla, məkrli erməni iddialarına ən dolğun və obyektiv cavabdır.
Akademik Yaqub Mahmudov geniş diapazonlu, yüksək erudisiyalı alim olmaqla yanaşı, həm də ölkəmizdə elm və təhsil təşkilatçısı kimi də şöhrət qazanmışdır. O, Bakı Dövlət Universitetində Tarix fakültəsinin dekanı kimi yüksək ixtisaslı tarixçi kadrların hazırlanmasında müstəsna xidmətlər göstərmişdir. Yeni ixtisasların açılması, tədris planlarının yenilənməsi, oraya yeni fənlərin daxil edilməsi, elmi-tədqiqat laboratoriyalarının, Arxeologiya və Etnoqrafiya muzeyinin təşkili bilavasitə Yaqub Mahmudovun adı ilə bağlıdır.
Akademik Yaqub Mahmudov orta və ali məktəblərin şagird və tələbələri üçün onlarla dərslik hazırlamış, bir sıra dərslikləri rus dilindən Azərbaycan dilinə tərcümə etmişdir. 7 və 8-ci siniflər üçün Azərbaycan tarixi, Orta əsrlər tarixi, İstoriya Azerbaydjana, ali məktəblər üçün Azərbaycan tarixi, Orta əsrlər tarixi dərsliklərinin həmmüəllifi, yaxud tərcüməçisi olmuşdur.
Yaqub Mahmudov 2004-cü ilin sentyabr ayında Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutuna direktor təyin edilir. Təcrübəli elm təşkilatçısı olan Yaqub Mahmudov qısa müddət ərzində Tarix İnstitutunun fəaliyyətində də əsaslı dönüş yaradır. Onun təşəbbüsü və rəhbərliyi ilə institutun elmi-tədqiqat planları dəyişdirilərək yenidən işlənmişdir. Əsas diqqət Azərbaycanın itirilmiş ərazilərinin tarixinin araşdırılmasına, Azərbaycan xalqına qarşı həyata keçirilən deportasiyalar və soyqırımlar tarixinin öyrənilməsinə, xarici ölkələrin arxivlərində, elmi mərkəzlərində Azərbaycanla bağlı olan arxiv materiallarının, sənədlərin ölkəmizə gətirilməsinə və nəşr olunmasına, Azərbaycanın tarixi torpaqlarının tarixinin tədqiqinə və başqa bu kimi vacib olan problemlərin araşdırılmasına yönəldilmişdir.
Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun elmi fəaliyyətində Azərbaycan dövlətçiliyinin tarixi, tarixi dövrlərdə fəaliyyət göstərmiş Azərbaycan dövlətləri, Azərbaycanın müstəqillik dövr tarixi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqqında da fundamental tədqiqatların aparılması kimi məsələlər mühüm yer tutur. "Heydər Əliyev ideyalarının zəfər yürüşü", "Heydər Əliyev şəxsiyyəti" əsərlərində və çoxsaylı elmi məqalələrində müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin ömür yolunu, tarixi xidmətlərini, fenomen şəxsiyyətə xas olan yüksək qabiliyyətlərini, müasir Azərbaycan üçün əvəzedilməz rolunu tədqiq etmiş, Heydər Əliyev siyasi kursunun alternativsizliyini, Azərbaycan dövlətçiliyinin qorunması və əbədi yaşaması üçün yeganə təminat olduğunu bir daha təsdiqləyir.
Yaqub Mahmudovun rəhbərliyi, elmi redaktorluğu və müəllifliyi ilə ikicildlik "Heydər Əliyev" fundamental monoqrafiyası və "Heydər Əliyev. Azərbaycan elminin keşiyində" sənədlər və materiallar toplusunu iki cilddə hazırlayaraq nəşr etdirmişdir. Geniş tədqiqatçılar heyəti tərəfindən yazılmış "Heydər Əliyev" iki cildlik elmi araşdırma, sənədlər və materiallar toplusu dahi şəxsiyyətin ömür yolunun akademik səviyyədə araşdırılması və elmin keşiyindəki xidmətləri yolunda mühüm addımdır.
Tarix İnstitutunda "İlham Əliyev və Azərbaycan tarix elmi", "Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri", "Heydər Əliyevin inkişaf strategiyası və Naxçıvan Muxtar Respublikası" adlı fundamental monoqrafiyalar da hazırlanmış və nəşr olunmuşdur. Bütün bunlar Tarix İnstitutunun və onun rəhbərinin Azərbaycan dövlətinə, dövlətçiliyinə, ulu öndər Heydər Əliyev siyasi kursuna nə qədər sədaqətli və bağlı olduğunu bir daha təsdiq edir.
"İtirilmiş torpaqların tarixi" problemi müasir Azərbaycan tarixşünaslığında elmi və siyasi baxımdan aktuallıq kəsb edən istiqamətlərdən biridir. Məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu zamanı onun ərazisi 113,9 min kv.km idi ki, bunun da 97,3 min kv. km-i mübahisəsiz ərazilərimiz sayılırdı. Lakin XX əsrin müxtəlif illərində Azərbaycan müəyyən səbəblərdən ərazisinin 30 min kv. km-ə qədər hissəsini itirmişdir. Həmin torpaqlar qonşu dövlətlərin - Rusiyanın, Gürcüstanın və Ermənistanın tərkibindədir. Bu istiqamətin elmi dövriyyəyə cəlb edilməsi və bu problemin tədqiqi bilavasitə Yaqub Mahmudovun adı və rəhbərliyi ilə bağlıdır. Tarix İnstitutunda bu istiqamətdə əhəmiyyətli tədqiqat işləri aparılmış, fundamental tədqiqat əsərləri yazılmışdır. Yaqub Mahmudovun elmi redaktorluğu və həmmüəllifliyi ilə yazılmış "Qarabağ: real tarix, faktlar, sənədlər", "Naxçıvan: tarixi və abidələri", "İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" monoqrafiyaları özgə torpaqlarına yiyələnmək siyasəti aparan, "böyük Ermənistan" xülyası ilə yaşayan erməni işğalçılarının şovinist siyasətlərinə ciddi zərbə olmuşdur. Hər üç əsər saxta erməni tarixşünaslığının ifşasına yönəlmişdir. Bu əsərlərin Azərbaycan tarixi üçün böyük elmi və siyasi əhəmiyyəti nəzərə alınaraq 2012-ci il üçün Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür. Bu mükafatı akademik Yaqub Mahmudov və onun 12 nəfər tarixçi həmkarı almışdır.
Azərbaycan xalqı XX əsr boyu deportasiyaya və soyqırıma məruz qalmışdır. Yaqub Mahmudovun elmi-tədqiqat fəaliyyətində bu istiqamət üstün yer tutur. Tarix İnstitutunda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımları sübut edən tədqiqat işləri aparılmış və əhəmiyyətli əsərlər nəşr etdirilmişdir. Bakı şəhərində, İrəvan xanlığında, Naxçıvan diyarında, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Şərqi Anadoluda, Urmiya bölgəsində ermənilərin törətdikləri soyqırımlar ilkin mənbələr, arxiv materialları əsasında araşdırılmış və 20-dən artıq fundamental əsər işıq üzü görmüş, fəlsəfə doktoru və elmlər doktoru dissertasiyaları müdafiə edilmişdir. Yaqub Mahmudovun rəhbərliyi ilə son illərdə Qubada, Şamaxıda, Lənkəranda, Gəncədə bu istiqamətlə bağlı beynəlxalq simpoziumlar keçirilmiş və onların materialları toplu halında nəşr edilmişdir.
Tarix İnstitutunun elmi-tədqiqat planında Azərbaycanın tarixi torpaqlarının tarixinin tədqiqinə də xüsusi diqqət yetirilir. Azərbaycanın İrəvan, Naxçıvan, Zəngəzur, Göyçə, Borçalı, Tiflis əmirliyi, Car-Balakən camaatlığı, İlisu sultanlığı, Dərbənd şəhəri, Qarabağın tarixi ilə bağlı tədqiqatlar aparılır, bunların bəziləri haqqındakı tədqiqatlar yekunlaşmış və fundamental monoqrafiyalar çap olunmuşdur.
Akademik Yaqub Mahmudovun elmi fəaliyyətində daha çox diqqət yetirdiyi məsələlərdən biri də dünyanın müxtəlif ölkələrinin arxivlərindən ölkəmizlə bağlı sənəd və materialların əldə edilməsi, tədqiqi və nəşridir. Bunu Tarix İnstitutunun ən müsbət və dəyərli işi kimi qeyd edə bilərik. İnstitutun bir qrup əməkdaşı tərəfindən Rusiya Federasiyasının bir sıra şəhərlərindən, London, Paris, Dehli, Ankara, İstanbul, Berlin, Tiflis kimi şəhərlərin arxivlərindən əldə olunan sənəd və materiallar toplular şəklində hazırlanaraq elm adamlarına və geniş oxucu kütləsinə təqdim edilmişdir. Arxiv sənədləri əsasında nəşrə hazırlanmış və işıq üzü görmüş kitabların sayı 35-dən artıqdır.
Azərbaycan Respublikasının tarixinin, mədəniyyətinin, beynəlxalq əlaqələrinin tanıdılmasında, rol və əhəmiyyətinin artırılmasında Tarix İnstitutunun üzərinə çox vacib və mühüm vəzifələr düşür. Bu işləri düzgün məcrada istiqamətləndirən direktor Yaqub Mahmudov həm institut xətti ilə bir sıra ölkələrdə keçirilən tədbirlərə, konfranslara qatılır, həm də Tarix İnstitutunun keçirdiyi beynəlxalq konfranslara xarici ölkələrin elm adamlarını dəvət edir. İnstitutun son illərdə təşkil etdiyi beynəlxalq konfrans və simpoziumlar - "Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı" mövzusunda keçirilən bir neçə beynəlxalq konfrans, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş" beynəlxalq elmi-praktik konfrans, "Ortaq Türk tarixinin araşdırılması problemlərinə həsr edilmiş" beynəlxalq elmi konfrans, "XIX əsrin əvvəllərində Qafqaz müharibələri və onların nəticələri" mövzusunda beynəlxalq elmi konfrans və simpoziumlar mühüm tarixi əhəmiyyət daşıyır. İnstitutun direktoru Yaqub Mahmudov dünyanın 22 ölkəsinin 60-a yaxın şəhərində keçirilən beynəlxalq simpoziumlarda, müxtəlif xarakterli toplantılarda, görüşlərdə, konfranslarda iştirak və çıxışlar etmiş, ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə etmişdir.
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu 1936-cı ildə yaranmışdır. İnstituta Azərbaycanda tarix elminin inkişafında böyük əməyi olan respublikanın görkəmli alimləri rəhbərlik etmişlər. 2004-cü ildən instituta professor Yaqub Mahmudov rəhbərik edir. Müdrik insan, elmi-pedaqoji, elmi-təşkilati təcrübəsi ilə respublikanın aparıcı tarixçisi sayılan Yaqub Mahmudov Tarix İnstitutuna uğurla rəhbərlik edir. Tarix İnstitutu heç vaxt indiki səviyyədə, indiki nüfuzda olmamış, institut əməkdaşlarının indiki qədər əsərləri nəşr edilməmiş, beynəlxalq arenaya çıxmamışdır. Bu gün Tarix İnstitutunda dünya tarixinin ən əhəmiyyətli, elmi həllini gözləyən problemlər araşdırılır və bunlar elmi nəşrlərdə öz əksini tapır. İnstitutda yaradılan yeni şöbə və qruplar respublika miqyaslı problemlərin tədqiqinə yönəldilir və uğur qazanır. Yeri gəlmişkən, 2012-ci ildə Beynəlxalq Sokrat Komitəsi Oksford sammitində AMEA Tarix İnstitutu elmi-tədqiqat fəaliyyətinə görə ən yaxşı müəssisə - "Best Enterprises" diplomuna layiq görülmüşdür.
Yaqub Mahmudov Vətən tarixi, Ümumi tarix, Beynəlxalq münasibətlər tarixi, Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları ixtisasları üzrə namizədlik və doktorluq dissertasiyalarının müdafiəsi üzrə birləşmiş Dissertasiya Şurasının sədri kimi də böyük elmi-təşkilati iş aparır. Əgər nəzərə alsaq ki, AMEA-nın Tarix İnstitutu respublikada tarix üzrə mühüm tədqiqat mərkəzidir, onda demək olar ki, Yaqub Mahmudov elmi təsadüfi, perspektivi olmayan işlərdən qoruyur, Azərbaycan tarixşünaslığına böyük fayda verən dissertasiyalara yaşıl işıq yandırır. Dissertasiya Şurası onun rəhbərlik etdiyi dövrdə 300-ə yaxın istedadlı gənc tədqiqatçılara elmi vəsiqə vermişdir. Onların böyük əksəriyyəti elmdə və təhsildə özlərini doğrultmuşdur.
Tədqiqatları, əsərləri ilə tariximizi zənginləşdirən, ona hörmət və nüfuz qazandıran akademik Yaqub Mahmudov mənalı və şərəfli ömür yaşamışdır. Tarixçi alim bütün ömrü boyu Azərbaycanın keçmişini, dövlətçilik və milli tarixini öyrənərək sanballı əsərlər yazıb. O, görkəmli alim olmaqla yanaşı, Azərbaycanı sevən böyük vətəndaşdır, Azərbaycanın canlı ensiklopediyasıdır. Yaqub Mahmudov Sovet dövründə belə Azərbaycan tarixini milli düşüncə zəminində araşdıran alimlərdən biri olub.
Tarix elminin xalq və dövlət qarşısında ən mühüm vəzifələrindən biri də dövrün, zamanın çağırışına cavab verməsidir. Yaqub Mahmudov bu çağırışlara cavabların müəllifi və təşkilatçısıdır. "Azərbaycan yalnız Arazın şimalı deyil...", "Tarixin ən böyük və ən təhlükəli yalanı", "Böyük Ermənistan uydurması", "Naxçıvan bəşər sivilizasiyasının başlandığı məkandır", "Məzarlıqdan 26 deyil, 23 cəsəd aşkar edildi", "Tarixi şəxsiyyətlərimizə sahib çıxaq" kimi məqalə və müsahibələri Y.Mahmudovun vətənpərvər tarixçi, əsl vətəndaş, milli mövqeyi üstün tutan tədqiqatçı olduğunu təsdiq edir.
Akademik Yaqub Mahmudov geniş ictimai fəaliyyət göstərən alim-ziyalılarımızdandır. O, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Azərbaycan Respublikasının Milli Məclisinə II, III, IV və V çağırış deputat seçilmişdir. Azərbaycan Respublikasının "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, Əməkdar Elm xadimidir. 2012-ci ildə "Elmdə ad" fəxri tituluna, 2013-cü ildə "Kraliça Viktoriya" diplomuna və medalına layiq görülmüşdür. 2013-cü ildə Azərbaycan Kazakları İcmasının "Ataman Anton Qolovatıy" ordeni ilə təltif olunmuşdur. O, ölkəmizin Yusif Məmmədəliyev, Rəsul Rza, "Qızıl qılınc", "Qızıl qələm", "Samir Əsgərxanov", "Humay", "Gənclərin dostu" milli mükafatlarının laureatı, onlarla Şura, Komitə və Komissiyaların üzvü, Lütfi Zadə adına Beynəlxalq müasir Elmlər Akademiyasının həqiqi üzvüdür.
Yekunda, hörmətli müəllimim Yaqub Mikayıl oğlu Mahmudovu - görkəmli və nüfuzlu Azərbaycan tarixçisini, tanınmış elm mücahidini, ictimai xadimi 80 illik yubileyi münasibətilə çoxsaylı yetirmələri adından səmimi qəlbdən təbrik edir, Ulu Tanrıdan ona uzun ömür, möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
İsmayıl HACIYEV
AMEA Naxçıvan Bölməsinin sədri, akademik, Əməkdar elm xadimi
Mənbə: 525-ci qəzet.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridir.