AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Yaqub Mahmudov “Gənclərin dostu” mükafatı ilə təltif olunub

01.02.2019 15:53

Fevralın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu 2 fevral - Gənclər günü ilə bağlı tədbir keçirib.

Tarix İnstitutundan verilən məlumata görə, tədbirdə institutun direktoru, akademik Yaqub Mahmudov gənclərin cəmiyyətdəki rolundan, ölkəmizdə onlara göstərilən diqqət və qayğıdan danışıb.

Yaqub Mahmudov deyib: “Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı siyasətini müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Hələ ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilib”.

Akademik Azərbaycan gəncliyinə səslənərək bildirib: “Tariximizə sahib çıxmalıyıq. Tarixinə sahib çıxan xalq yenilməzdir. Tarixinə sahib çıxmayan xalq isə məhvə məhkumdur”.

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov akademiyada çalışan gənclərin respublikanın elmi və ictimai-siyasi həyatındakı rolundan danışıb. O, Tarix İnstitutunun gənclərinin ötənilki fəaliyyətini yüksək qiymətləndirib.

Tarix İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Rəşad Mustafa bildirib ki, institut məktəblilər arasında “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” və “Gənc tarixçilərin qış məktəbi” layihələrini həyata keçirir: “İnstitutun gənc alimləri 2018-ci ildə 12 beynəlxalq elmi konfransda iştirak ediblər. İnstitutun bir qrup gənc alimi isə qədim mixi yazıları və osmanlı xətlərini bilir”.

Bildirilib ki, institut təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində fəal iştirak edir.

Daha sonra Yaqub Mahmudov gənclərin alim kimi yetişməsində rolu və xidmətlərinə görə Tarix İnstitutunun “Gənclərin dostu” mükafatı ilə təltif olunub. Onun elmi rəhbərliyi ilə 65 nəfər fəlsəfə və elmlər doktorlarından ibarət tarixçilər məktəbi formalaşıb.

Qeyd edək ki, institut “Gənclərin dostu” mükafatını 2018-ci ildə təsis edib. Mükafatın ilk laureatı AMEA-nın prezidenti, akademik Akif Əlizadədir.

Sonda “Gənc tarixçilərin qış məktəbi”nin iştirakçılarına sertifikatlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridir.

Paylaş: