07.02.2019 10:03
İlk baxışdan sərt və güzəştsiz görünür. Dərinliyə nüfuz edən baxışları, keşməkeşli həyat yolundan xəbər verən alın qırışları dünyanın hər üzünü gördüyünə, müdrikliyinə dəlalət edir. Özünəməxsus maraq oyadan həyəcanlı çıxışları sanki onun alınmaz qala olduğu qənaətini yaradır. O, həmişə məşğuldur, həsəd aparılacaq cəldliyi və fəallığı onu tez-tez hadisələrin mərkəzinə gətirir. Gündəmə taleyüklü məsələlər gələndə, haqsızlıq baş verəndə, xəyanət ediləndə, şər-böhtanla üzləşəndə onun barışmazlığı üsyan edir, sözlərindən və gözlərindən od yağır. Onu tanıyanlar üçün bu sərtlik təşviş və qorxu yaratmır. Çünki onlar çoxlarının bilmədiyi və anlamadığı bir həqiqəti bilirlər: bilirlər ki, bu sərtliyin və güzəştsizliyin arxasında yenilməz bir mərdlik dayanır. Mərdlik qanla gələn, insanın içində yaşayan və ömrü boyu onu hərəkətə gətirən alicənablıq xüsusiyyətidir. Sərt olduğu qədər mərd, güzəştsiz göründüyü qədər mülayim, qorxulu bilindiyi qədər qayğıkeş olan bu alicənab insan illər ərzində daxili aləminə yaxından bələd olduğum Yaqub Mahmudovdur. Ömrünün 50 illini elmimizin inkişafına həsr etmiş akademik Yaqub Mahmudov sanki elə tarixçi olmaq üçün bu dünyaya gəlib. Çar Rusiyasının hakimiyyətinə qarşı çıxdığına görə sürgün edilmiş babasının, sovet hakimiyyətinə qarşı üsyan qaldırmış atasının fədakarlığını o özünün alimlik missiyasında davam etdirir. O da üsyankardır…
***
Tez-tez görüşdüyüm və istədiyim qədər söhbətləşə bildiyim başqa bir ziyalı həmyerlim – böyük filosof alim, professor Fərman İsmayılovla bütün düşüncələrimi və hətta yazdıqlarımı da rahatca bölüşə bilirdim. 8 ildən çox üzərində işlədiyim bir mövzuda yazdığım monoqrafiyamın əlyazmasını oxumaq üçün ona vermişdim. Növbəti görüşümüzdə əlyazmamı öz qeydləri ilə zənginləşdirərək mənə qaytaranda Fərman müəllim özünəməxsus tərzdə, beyindən daha tez ürəyə sirayət edən həzin musiqili səsi ilə dedi: “İdeya möhtəşəmdir, fəlsəfi baxımdan məntiqlidir, siyasi baxımdan aktualdır. Amma bu siyasi-tarixi metodologiya ilə işlənmiş bir nəzəriyyədir, yaxşı olar ki, həmyerlimiz akademik Yaqub Mahmudova da oxutdurasan” … Daxilimdə kiçicik bir tərəddüd baş qaldırsa da, “baş üstə” dedim…
Yaqub müəllimlə Şəkiyə gedib-gələrkən təsadüfən tanış olmuşdum. Təmaslarımız qısaca olaraq ənənəvi hal-əhval tutmaqla məhdudlaşırdı. 2010-cu ildə seçkilərdən sonra Milli Məclisdə ilk dəfə üzbəüz gələndə xüsusi bir istiqanlılıqla məni bağrına basmış və təbrik etmişdi. Milli Məclisin üzvü seçildiyim üçün səmimiyyətlə sevindiyi üz ifadələrindən aydın sezilirdi. Amma bütün bunlar nə qədər istəsəm də ona daha çox yaxınlaşmaq üçün mənə cəsarət təlqin edə bilmirdi. Şəxsiyyətin böyüklüyü, ictimai mühitdə haqqında formalaşmış ucalıq və böyüklük zəhmi məni çəkindirirdi. Amma başqa yol qalmırdı. Mənəvi ustadım hesab etdiyim Fərman müəllimin sözündən çıxa bilməzdim. Növbəti dəfə Şəkidə görüşəndə gözləmədiyim halda, hər hansı bir elmi işlə məşğul olub-olmadığım haqda özü məndən soruşdu. Lap yerinə düşdü və mən elmi işimlə bağlı gördüyüm işlərdən danışıb, Fərman müəllimin fikirlərini də ona çatdırdım. “Mənə çatdır, oxuyaram” deyəndə bu qədər məşğul adamın - böyük bir alimin və siyasi xadimin mənim yazılarımı oxumaq üçün vaxt tapacağına şübhə etsəm də, elə həmin gün əlyazmamı ona çatdıracağımı bildirdim…
Cəmi bir həftə sonra 350 səhifəlik qovluğu oxuyub mənə qaytaranda sevindim, əlyazmam haqqında söylədikləri isə məni daha çox sevindirdi. Yazdığım tədqiqat işini monoqrafiya şəklində çap etdirməyi və hətta başqa dillərə tərcümə olunaraq nəşr olunmasını da tövsiyə etdi. Sonda nəşr olunacaq monoqrafiyaya “ön söz” yazmaq haqqında düşündüyünü bildirməsi elmi işimin perspektivlərinə inamımı birdəfəlik qətiləşdirdi… Az sonra akademikin gələcək kitabıma yazdığı “Ön söz” onu mənə daha yaxından tanıtdı. Sevə-sevə şərh etdiyi Böyük Türk Dünyasının keçmişinə sədaqət, bu gününə məhəbbət, gələcəyinə ümid və inam bizi bir-birimizə doğmalaşdırdı...
Bütün bunlar çox sonralar olacaqdı. Hələlik isə onun – Yaqub Mahmudovun gənclik illərinə qayıdaq.
***
Tariximizin qaranlıq dövrü idi - işğal, deportasiya, cəmi iki illik azadlıqdan sonra yenə işğal, sovetləşmə, kolxozlaşma, repressiya, müharibə və aclıq illərinin bir-birini əvəzlədikdən sonra gəlib yetişdiyimiz və hələ mənim də yenicə dünyaya gəldiyim 60-cı illər idi. Milli tariximizin məqsədli şəkildə təhrif edildiyi, soy-kökümüzün, dövlətçilik tariximizin öyrənilməsi və təbliğinin yasaq edildiyi həmin dövrdə o “qapalı” bir mövzuya – Azərbaycanın dövlətçilik tarixini araşdırmağa cəsarət etmişdi. Beləcə böyük elmə gedən yolun hələ ilk addımları mübarizə ilə başlamışdı. 1966-cı ildə "Ağqoyunlu dövlətinin Venesiya Respublikası ilə qarşılıqlı əlaqələri (XV əsrin 60-70-ci illəri)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək o bu mübarizədən qalib çıxmışdı. Sonrakı illərdə Azərbaycan Ensiklopediyasında çalışması ona tariximizin keçib gəldiyi bütün yolları addım-addım izləmək imkanı yaratmışdı. Qədim dünyanın tarixinə baş vurmuşdu, orta əsrləri ələk-vələk eləmişdi, bizə nəhəng kimi görünən bu dünyanın tarixində “balaca” kimi göstərilən tariximizin əslində nə qədər böyük və qüdrətli olduğunu duymuşdu. Bu möhtəşəm tarixin öyrənilməli, açılmalı, danışılmalı nə qədər gizlinləri varmış…
Şanlı tariximizin gənc nəslə öyrədilməsini öz missiyasının yeni və faydalı mərhələsi hesab edərək 1986-cı ildən etibarən artıq uzun müddət çalışdığı Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı vəzifəsində fəaliyyətə başladı. Tariximizin yeni-yeni açılan səhifələri minlərlə tələbənin hafizəsinə yazıldı, onların qan yaddaşını təzələdi. Nəfəs dərmədən aparılan axtarışlar və heyrətləndirici tapıntılar onun milli tariximiz haqqında düşüncələrini daha da qətiləşdirdi, məqsədində yanılmadığına, getdiyi yolun doğruluğuna əminliyini artırdı. Bəli, o yanılmamışdı. Ata-babalarımız tarixdə silinməz izlər qoymuşdular. Elə dərin izlər ki, onları əsrlərlə keçilən yollardan silməyə düşmənlərimiz nə qədər çalışsalar da, mümkün olmamışdı. Beləcə, 1989-cu ildə “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı - XVII əsrin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyası ərsəyə gəldi. Öz xalqının tarixindən doğan qürur hissləri onu məhz həmin tarixin qovluğunu qapatmış bir məkana – Moskvaya gətirdi. Azərbaycan xalqının böyük tarixə və dövlətçilik ənənələrinə malik olduğunu M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Elmi Şurasında müdafiə etdi. Dövlətçiliyimizin guya sovetlərdən bəxşiş olaraq verildiyini iddia edənlərin gözləri qarşısında tarixi dövlətçilik ənənələrimizi səhifə-səhifə sərgilədi. Tarix elmində “İnkarı inkar qanunu”nu isbat etdi.
“Tarix təkrarlanır” deyirlər. Çox keçmədi ki, xalq yenidən özünə qayıtmaq, oğurlanmış və yasaqlanmış tarixinin müstəqillik şərəfini yenidən yaşamaq arzuları ilə azadlıq mübarizəsinə qalxdı. Həmişə olduğu kimi, yenidən bu müqəddəs arzunun qarşısına sipər çəkildi. Bu dəfə Azadlıq yolunu kəsmək istəyənlər kommunist partiyasının yazdığı saxta tarixə aludə olmuş manqurtlar idi. Onlar 1990-cı ilin noyabrında Tarix fakültəsinin xalq hərəkatında fəal iştirak edən bir qrup tələbəsinin universitetdən xaric olunması haqqında qərar verdilər.
Üsyankarlıq özünü çox gözlətmədi. Tarixi azadlıq fürsətini əlimizdən almağa və bizi hələ uzun illər əsarətdə yaşamağa məhkum etmək istəyənlərə etiraz əlaməti olaraq Yaqub Mahmudov dekan vəzifəsindən istefa verdi. İtaətsizlik, “kommunizm ideallarına xəyanət” imperiya qulluqçularını şaşırmışdı. Onlar Yaqub Mahmudovun qan yaddaşında bəslədiyi ideallardan xəbərsiz idilər. Üsyankar alim isə öz qərarında qəti idi. Təzyiqlərdən çəkinməyərək, milli kimliyimizi xalqa tanıtmaq, milli qürurumuzu alovlandırmaq və bu atəşi üzərimizə hücum çəkmiş düşmənin üstünə saçmaq professorun həyat mübarizəsinə çevrilmişdi. Bu mübarizə Yaqub Mahmudov üçün nəsil köklərindən gələn milli ideya uğrunda ölüm-dirim savaşı idi. Bu müqəddəs savaş 1991-ci ildə Azərbaycan xalqının tarixi qələbəsi ilə başa çatdı. Milli müstəqilliyimiz bərpa olundu. Öz xalqını, millətini sevənlər, Vətən uğrunda ölümə hazır olanlar üçün bundan da böyük səadət ola bilərdimi…
Azadlıq mübarizəsinin vətən torpağına gətirdiyi hürriyyət onu daha coşqun bir həvəslə işləməyə, araşdırmağa, tariximizin qaranlıq səhifələrini aşkarlamağa sövq edirdi. 1994-cü ildə Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri vəzifəsində qalmaqla yenidən Universitetin Tarix fakültəsinin dekanı seçilməsi Yaqub Mahmudovun bütün yaradıcılıq enerjisini hərəkətə gətirdi. 2004-cü ilədək bu vəzifədə fəaliyyət göstərən professor minlərlə tələbənin yeni dünyaya əski tariximizin şərəfi ilə addımlaması üçün tariximizin sirlərinin öyrədilməsi yolunda fədakarlıqla çalışdı. Müstəqillik dövründə 10 il ərzində Tarix fakültəsinə rəhbərlik etməsi ona milli ruha köklənmiş bütöv bir tarixçilər nəslini yetişdirmək imkanı verdi. Vətən tarixini öyrətmək işini etibarlı əllərə ötürmək üçün yetərincə gənc alimlər yetişmişdi. Daha böyük işlər, daha geniş və daha dərin araşdırmalar isə məhz onun – Yaqub Mahmudovun yolunu başqa bir ünvanda gözləyirdi.
2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutuna direktor təyin olundu. Bununla da milli tarix institutumuzun tarixində yeni bir mərhələ başladı. Genişmiqyaslı elmi araşdırmalar, elmi mübahisələr, sevindirici tapıntılar, saysız-hesabsız yeni nəşrlər Tarix İnstitutunu milli elmimizin ən mütəhərrik orqanizminə çevirdi. Bu gün Tarix İnstitutu yüzlərlə alimin fədakarlıqla çalışdığı böyük bir elm müəssisəsidir. Burada Azərbaycan tarixinin ən mühüm problemləri üzrə çoxsaylı monoqrafiyalar və kitablar yazılır, indiyədək bilmədiyimiz həqiqətlər ortaya çıxarılır. Yuxusuz gecələr və yorulmaz gündüzlər hesabına tariximizin ən dərin qatlarına öz zəkası ilə işıq salan tarixçi alimlərimiz dünyanın çoxsaylı elmi mərkəzləri ilə birgə araşdırmalar aparır, Azərbaycan tarixinin parlaq səhifələrini bütün dünyaya təqdim edirlər.
Akademik Yaqub Mahmudovun yazmaq, yaratmaq əzmi isə həmişə olduğundan daha yüksəkdir. O milli tarix elmimizdə ən böyük və ən sanballı elmi irs sahibi sayıla bilər. Akademik Yaqub Mahmudov Azərbaycanın orta əsrlər tarixi, diplomatiya tarixi və ümumdünya tarixinə dair 700-dək monoqrafiya, kitab, dərslik, dərs vəsaiti, elmi və elmi-publisistik məqalənin, eləcə də vaxtaşırı dövri mətbuatda yayımlanan çoxsaylı yazıların və nəşrlərin müəllifidir. Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvüdür. Türkiyə, ABŞ, Rusiya, Yunanıstan, İran, Koreya, Səudiyyə Ərəbistanı, İraq, İsveçrə, Belçika, Şimali Kipr Türk Cümhuriyyəti, Pakistan, Xorvatiya, Filippin, İsveç, Macarıstan, İtaliya və başqa ölkələrdə keçirilən beynəlxalq elmi simpoziumlardakı çıxışları ilə dünyanın elmi dairələri tərəfindən yaxşı tanınan böyük bir alimdir. Təsadüfi deyil ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Yaqub Mahmudovun elmi fəaliyyətini yüksək qiymətləndirmiş, onu Azərbaycanın «böyük tarixçisi» adlandırmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev akademik Yaqub Mahmudovun elmi və siyasi-ictimai fəaliyyətini yüksək dəyərləndirərək onu dövlət mükafatına layiq görüb, dəfələrlə ölkənin ali orden və medalları ilə təltif edib. O, çoxsaylı siyasi, ictimai və elmi təşkilatların - Azərbaycan Respublikası Prezidenti yanında Heraldika Şurasının, «Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyası»nın, Azərbaycan Respublikası Milli Məclisi Toponimika Komissiyasının, Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyəti İdarə Heyətinin, Qafqaz Müsəlmanları İdarəsi elmi-dini şurasının, Azərbaycan Milli Ensiklopediyası Baş Redaksiya şurasının, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür. Ölkə üzrə tarix ixtisası sahəsində Dissertasiya Şurasının, Təhsil Nazirliyi Elmi-Metodik Şurası Tarix bölməsinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Tarix fənni üzrə elmi-nəzəri seminarın sədridir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Xalqın yetişdirdiyi hər bir zəka o xalqa xidmət edirsə, haqlı olaraq millətin fəxarət ünvanına çevrilir. O da bizim fəxrimizdir. 2000-ci ildən başlayaraq 2-ci, 3-cü, 4-cü və 5-ci çağırış parlament seçkilərində Şəki şəhərindən millət vəkili seçilmiş Yaqub Mahmudov şəkililərin sevimlisidir. Bütün rəsmi titullarına, yüksək vəzifə statuslarına, qazandığı nailiyyətlərə və mükafatlara baxmayaraq, sadə və təvazökar həyat yaşayan Yaqub Mahmudov elimizin ağsaqqalı kimi yüksək nüfuz sahibidir.
Elimizin və elmimizin ağsaqqalı Yaqub Mahmudov həyatının 80-ci baharına qədəm qoyur. Baharın gətirdiyi yenilik gücü, həyat eşqi, yaratmaq arzusu ömrünün bütün fəsillərində onu müşayiət edib və o bu gün də bahar ovqatlıdır. Qışda da, yazda da eyni sevgi, eyni məhəbbət, eyni fədakarlıq və eyni vətənpərvərliklə yaşayıb yaradan möhtərəm ağsaqqalımıza həmişəbahar təravətli uzun ömür, möhkəm cansağlığı və yeni-yeni böyük qələbələr arzulayıram.
Müəllif: Millət vəkili Cavanşir Feyziyev
Mənbə: Modern.az