10.02.2019 20:19
Azərbaycan tarixşünaslıq elminin tarixi qədim olsa da, bu elm sahəsi XX əsrdə akademik səviyyədə, sistemli şəkildə inkişaf etmişdir. Bununla belə, sovet hakimiyyəti dövründə Vətən tarixşünaslığı ideoloji buxovların çərçivəsinə salınaraq, daha çox hakim kommunist partiyasının siyasi xəttinə doğru istiqamətləndirilmişdi. Buna baxmayaraq, Azərbaycan tarixşünaslıq elmi mövcud çətinliklər şəraitində də öz sözünü deməyə səy göstərmişdir. Xüsusən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi XX əsrin yetmiş-səksəninci illərində ədəbiyyat və incəsənət, elm və maarifçilik sahələrində məqsədyönlü şəkildə həyata keçirilmiş azərbaycançılıq siyasəti bu istiqamətlərin hər birində xalqımızın maraqlarına cavab verən əsərlər yaradan görkəmli alimlərə meydan açmış, yeni yaradıcı nəsilləri ön mövqeyə çəkmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov respublikamızda tarixinin qızıl dövrü hesab olunan həmin mərhələdə formalaşaraq inkişaf etmiş görkəmli elm xadimlərindən biridir.
Ölkə tarixşünaslığının aparıcı siması olan Yaqub Mikayıl oğlu Mahmudov elm və təhsil sahəsində məsuliyyətli və şərəfli bir yol keçmişdir. Şəki rayonunun Baş Göynük kəndində orta təhsil alan Yaqub Mahmudov Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tələbələr arasında elmi dünyagörüşü, tədqiqatçılığa böyük marağı ilə seçilən Yaqub Mahmudov fakültə elmi şurasının qərarı ilə aspiranturaya zəmanət almışdır. O, həmin dövrdə elmi mühitdə üstünlük verilən sovet dövrü Azərbaycan tarixini deyil, orta əsrlər tariximizin az öyrənilmiş, diqqətdən kənarda qalmış hadisələrini tədqiqat obyekti kimi seçmişdir. Yaqub Mahmudovun 1966-cı ildə "Ağqoyunlu dövlətinin Venesiya Respublikası ilə qarşılıqlı əlaqələri (XV əsrin 60-70-ci illəri)” mövzusunda müdafiə etdiyi namizədlik dissertasiyası Azərbaycan tarixşünasları tərəfindən yüksək qiymətləndirilmişdir.
XX əsrin 70-80-ci illəri Yaqub Mahmudov üçün sınaq və etimad mərhələsi olmuşdur. Bu parlaq dövrdə Yaqub Mahmudov çoxcəhətli elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O, təhsil aldığı Azərbaycan Dövlət Universitetinin Qədim dünya və orta əsrlər tarixi kafedrasında dərs deyərək, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında fəal iştirak etmişdir. Yaqub müəllim, eyni zamanda, Azərbaycan Ensiklopediyasında müxtəlif vəzifələrdə çalışmış, baş redaktor müavini vəzifəsinədək yüksəlmişdir. Azərbaycan Dövlət Universitetindən sonra Azərbaycan Ensiklopediyası da onun üçün elmi məktəb funksiyasını daşımışdır. Tarix elmləri namizədi Yaqub Mahmudov respublikada yaradılmış şəraitin ruhuna uyğun olaraq, Azərbaycan Sovet Ensiklopediyasında xalqımızın keçmiş tarixinin və görkəmli şəxsiyyətlərinin xidmətlərinin obyektiv şəkildə öz əksini tapması üçün var qüvvə ilə çalışmışdır. O, eyni zamanda, Azərbaycan Dövlət Universitetində Qədim dövr və orta əsrlər Azərbaycan tarixi kafedrasının müdiri, Tarix fakültəsinin dekanı kimi də tarix elminin inkişafına və yüksəkixtisaslı mütəxəssislərin hazırlanması işinə ürəklə xidmət etmişdir.
Elmi tədqiqat fəaliyyətini davam etdirən Yaqub Mahmudov orta əsrlərin milli dövlətçilik tarixi ilə əlaqədar dövrlərinin araşdırılıb öyrənilməsi istiqamətində axtarışlarını daha da genişləndirmiş və dərinləşdirmişdir. Onun "Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin I yarısı - XVII əsrin əvvəlləri)” mövzusu üzrə apardığı tədqiqat işi elmi mühitdə sanballı doktorluq dissertasiyası kimi qəbul olunmuşdur. Bu, Azərbaycan tarixşünaslıq elmində həmin mövzuya həsr edilmiş birinci doktorluq dissertasiyası kimi diqqəti cəlb etmiş, müəllifinə ciddi elmi nüfuz qazandırmışdır. Yaqub Mahmudov doktorluq dissertasiyasında aşkara çıxardığı materiallar əsasında Azərbaycan xalqının zəngin dövlətçilik tarixinə malik olduğunu, görkəmli dövlət xadimləri yetişdirdiyini və hələ orta əsrlərdə milli dövlətçiliyimizin, görkəmli dövlət xadimlərimizin Avropa ölkələrində nəinki tanındığını, qəbul olunduğunu isbat etmişdir. Ağqoyunlu-Səfəvi hakimiyyəti ilə Avropa dövlətlərinin diplomatik yazışmalarına dair qiymətli səhifələrə işıq salan Yaqub Mahmudov eyni zamanda milli dövlətçilik ənənələrimizin müasir əhəmiyyətinə xüsusi diqqət yetirmişdir. Mixail Lomonosov adına Moskva Dövlət Universiteti Tarix fakültəsinin Elmi şurasında 1989-cu ildə uğurlu müdafiə etdiyi doktorluq dissertasiyası həm də sovet ideologiyasında möhkəm yer tutmuş SSRİ-yə daxil olan respublikaların təmsil etdikləri xalqların tarixi keçmişinin, soykökünün unutdurulması siyasətinə də məntiqi mənada etirazın ifadəsi idi.
Akademik Yaqub Mahmudov 2004-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru vəzifəsində çalışır. Onun rəhbərliyi ilə Tarix İnstitutunun işi ölkəmizin müstəqil dövlətçilik maraqları əsasında qurulmuş, yeniləşdirilmiş və inkişaf etdirilmişdir. Hazırda AMEA Tarix İnstitutu ölkə üzrə milli tarixşünaslıq elminin əsas elmi mərkəzi funksiyasını həyata keçirir.
Azərbaycan tarixinin orta əsrlər dövrü üzrə ixtisaslaşan akademik Yaqub Mahmudov 50 illik elmi fəaliyyəti dövründə Vətən tarixinin, demək olar ki, bütün mərhələləri üzrə sanballı tədqiqatlar aparmış, çoxsaylı monoqrafiyalar, dərsliklər və məqalələr yazmışdır. Onun "Azərbaycan və Avropa: orta əsrlərdə diplomatik əlaqələr (Ağqoyunlu və Səfəvi dövrü)” kitabı Moskvada, Nyu Yorkda, Vaşinqtonda və Romada, "Azərbaycan və Avropa: Ağqoyunlu dövründə qarşılıqlı əlaqələr (XV əsrin ikinci yarısı)”, "Azərbaycan tarixi: Erkən intibah dövrü (IX əsrin ikinci yarısı - XIII əsrin əvvəli)” monoqrafiyaları Los-Ancelesdə, "Azərbaycanın qısa dövlətçilik tarixi” kitabı Pakistanda və Ukraynada, "Heydər Əliyev ideyalarının zəfər yürüşü” monoqrafiyası Ukraynada nəşr edilmişdir.
Alimin müəllifliyi və rəhbərliyi ilə "Qarabağ: real tarix, faktlar, sənədlər” (6 dildə), "Naxçıvan: tarixi və abidələri” (2 dildə)”, "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” (8 dildə), "Tarixi adlara qarşı soyqırımı” (2 dildə), "Qubadlı: Azərbaycan torpağı Zəngəzurun qapısı” (üç dildə), "Real tarix: və "böyük Ermənistan” uydurması” (7 dildə), "1918-1920-ci illərdə Azərbaycanın türk-müsəlman əhalisinə qarşı soyqırımları” (3 dildə), "Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları: təşkilatçılar və cəlladlar”, "Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları”, "Şuşa-Pənahabad”, "Azərbaycan Tarixi Atlası” kitabları ictimaiyyətə təqdim edilmiş və rəğbətlə qarşılanmışdır. Bu kitablar tədqiqat obyekti haqqında aydın və əhatəli təsəvvür yaratmaqla bərabər, mötəbər elmi mənbələr kimi də əhəmiyyətlidir.
Ulu öndər Heydər Əliyev irsinin hərtərəfli tədqiq edilməsinə və Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətinin araşdırılmasına akademik Yaqub Mahmudov xüsusi diqqət yetirmiş və bu mövzuda bir sıra qiymətli əsərlər yazıb nəşr etdirmişdir. Alimin "Azərbaycan dövlətçiliyinin xilaskarı”, "Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti”, "Heydər Əliyev ideyalarının zəfər yürüşü” (3 dildə), "Heydər Əliyev” (2 cilddə),
"İlham Əliyev və Azərbaycan tarix elmi” kitablarında şəxsiyyət və zaman, lider və xalq, ümummilli ideal və cəmiyyət münasibətlərinin fonunda böyük siyasi proseslər təhlil edilib qiymətləndirilmişdir. Yaqub Mahmudovun təşəbbüsü ilə Tarix İnstitutunda "Əliyevşünaslıq” şöbəsi yaradılmış və ulu öndərin irsinin, həyat və fəaliyyətinin tədqiqinə həsr edilmiş "Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri”, "Heydər Əliyevin inkişaf strategiyası və Naxçıvan Muxtar Respublikası” kimi müxtəlif tədqiqat əsərləri və "Heydər Əliyev Azərbaycan elminin keşiyində” (2 cilddə) adlı sənədlər toplusu nəşr olunmuşdur.
Ulu öndər Heydər Əliyevin və ölkə Prezidentinin çağırış, tövsiyə və tapşırığı ilə Yaqub Mahmudovun rəhbərliyi və baş redaktorluğu ilə az vaxtda Azərbaycan Xalq Cümhuriyyəti tarixinin müxtəlif problemləri ilə bağlı ciddi elmi araşdırmaları özündə əks etdirən ikicildlik Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (Bakı: 2004-2005; yeni nəşri - 2014) hazırlanıb nəşr olunmuşdur. Yaqub Mahmudov Azərbaycan Milli Ensiklopediyası Baş redaksiya şurasının, Naxçıvan Ensiklopediyası redaksiya heyətinin üzvü kimi də səmərəli iş aparmışdır.
Akademik Yaqub Mahmudovun müəllifliyi və elmi redaktorluğu ilə nəşr olunan 5 kitabdan ibarət ikicildlik "Azərbaycan Respublikasının tarixi” fundamental elmi tədqiqat əsəri Azərbaycan tarix elminin son 15 il ərzində qazanılmış mühüm uğurlarından biridir. Əsərin birinci cildi Heydər Əliyev epoxasını, ikinci cildi Prezident
İlham Əliyev mərhələsinin böyük tarixi hadisələrinin obyektiv və ümumiləşmiş elmi mənzərəsini əks etdirir. Bu çoxcildlik nəşr humanitar və ictimai elmlər sahəsində Azərbaycan elminin mühüm nəticələrindən biridir.
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunda akademik Yaqub Mahmudovun rəhbərliyi ilə "Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi həyata keçirilir. Bu layihə çərçivəsində Moskva, Sankt-Peterburq, İstanbul, Ankara, Paris, London, Berlin, Dehli, Tiflis, Dərbənd, Mahaçqala və Krasnovodsk kimi şəhərlərin arxivlərində Azərbaycan tarixi ilə bağlı saxlanılan qiymətli sənədlər Tarix İnstitutuna gətirilmişdir. Bu layihənin həyata keçirilməsi ilə Azərbaycan tarixinin xüsusi məqsədlərlə təhrif olunmuş və saxtalaşdırılmış səhifələrinin yenidən yazılması, Azərbaycanın müxtəlif tarixi dövrlərdə itirilmiş torpaqlarının tarixinin araşdırılaraq bugünkü nəsillərə olduğu kimi çatdırılması əsas tədqiqat obyektinə çevrilmişdir. Cəmi bir neçə gün əvvəl Tarix İnstitutunda istifadəyə verilmiş elektron kitabxana və elektron arxiv elmi tədqiqat işlərinin daha səmərəli təşkilinə şərait yaradır. Eyni zamanda, Azərbaycan elmində ilk dəfə olaraq Tarix İnstitutunda hazırlanmış Tarix Atlası ölkəmizin elm və təhsil ictimaiyyətinə əhəmiyyətli töhfədir.
Tarix İnstitutunda Yaqub Mahmudovun rəhbərliyi ilə həyata keçirilən elmi layihələrdən biri də ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi və burada məskunlaşdırılması, xalqımıza qarşı ermənilərin həyata keçirdikləri soyqırımları və etnik təmizləmənin araşdırılmasıdır. Bu elmi tədqiqat istiqamətini əks etdirən sənədlər topluları kitab halında nəşr olunmuş və institutun əməkdaşları həmin sənədlər əsasında ölkəmizin bütün bölgələrində - Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, İrəvanda, Naxçıvanda, Urmiya gölü ətrafında və Şərqi Anadoluda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımlarına ayrı-ayrılıqda qiymətli tədqiqat əsərləri həsr etmiş, erməni saxtakarlığını tutarlı dəlillərlə ifşa edən ciddi elmi araşdırmaları ortaya qoyulmuşdur.
Məhz Yaqub Mahmudovun təşkilatçılığı ilə XX əsrdə ermənilərin xalqımıza qarşı həyata keçirdikləri soyqırımı və etnik təmizləmə siyasətini beynəlxalq elmi ictimaiyyətə daha dolğun şəkildə çatdırmaq məqsədilə dünya ölkələri alimlərinin iştirakı ilə Bakıda, Qubada, Şamaxıda, Lənkəranda və Qusarda soyqırımı və deportasiya problemlərinə həsr olunmuş yüksək səviyyəli 5 beynəlxalq elmi konfrans keçirilmişdir. Eyni zamanda, Tarix İnstitutunun nəzdində türk-müsəlman xalqlarına qarşı soyqırımları problemi ilə əlaqədar beynəlxalq əlaqələndirmə mərkəzi yaradılmışdır.
Bundan başqa, akademik Yaqub Mahmudovun rəhbərliyi ilə Tarix İnstitutu "Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində Bakı şəhərinin müxtəlif lisey və orta mək-təblərində və Şəki şəhərində "Heydər Əliyev”, "Həsən Padşah”, "Şah İsmayıl Səfəvi”, "Şah Təhmasib Səfəvi”, "Şah Abbas Səfəvi”, "Nadir şah Əfşar”, "Ağa Məhəmməd şah Qacar”, "Vətən qeyrətli qadın hökmdarımız - Tomris”, "Hacı Çələbi xan” mövzusunda elmi-praktik konfranslar keçirmişdir. Bu konfransların gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında rolu əvəzsizdir.
Yaqub Mahmudovun təşəbbüsü və iştirakı ilə ulu öndərdən bəhs edən "Dahi azərbaycanlı”, Prezident İlham Əliyevə həsr olunmuş "Tariximizin keşiyində”, həmçinin tarixi mövzulardan söz açan "İrəvan: gizlədilmiş həqiqətlər”, "Şuşa-Pənahabad”, "İrəvan xanlığı”, "Zəngəzur”, "Qarabağ: əcdadlarımızın mirası”, "Sürgün” və digər tarixi-sənədli televiziya filmləri ərsəyə gəlmişdir. Bu filmlərdə Azərbaycan tarixinin aktual problemləri elmi-kütləvi şəkildə Azərbaycan xalqına çatdırılmışdır.
Ölkədə yüksəkixtisaslı tarixçi kadrların yetişdirilməsinə də akademik Yaqub Mahmudov böyük əmək sərf etmişdir. O, 40 ilə yaxın bir müddətdir ki, Bakı Dövlət Universitetində və AMEA-nın Tarix İnstitutunda dissertasiya şuralarına rəhbərlik edir. Bilavasitə onun elmi rəhbərliyi ilə 65 nəfər tarix üzrə elmlər doktoru və fəlsəfə doktorundan ibarət tarixçilər elmi məktəbi formalaşmışdır. Onun rəhbərliyi və müəllifliyi ilə orta ümumtəhsil məktəblərinin 5-9-cu sinifləri üçün tarix dərslikləri hazırlanmışdır.
Dünyanın müxtəlif elmi mərkəzlərində - Ankara, İstanbul, Vaşinqton, Nyu York, Moskva, Sankt-Peterburq, Kiyev, Afina, Tehran, Seul, Hoseo, Pusan, Kayseri, Təbriz, Zəncan-Sultaniyyə, Vladimir-Suzdal, Bağdad, Cenevrə, Brüssel, Manila, Stokholm, Budapeşt, Venesiya, Roma və başqa şəhərlərdə keçirilən beynəlxalq simpoziumlarda iştirak və çıxışlar edən Yaqub Mahmudov geniş elmi məkanda Azərbaycan elmini layiqincə təmsil edir.
Akademik Yaqub Mahmudovun elmi fəaliyyəti beynəlxalq aləmdə də diqqət mərkəzindədir. Belə ki, görkəmli alim Beynəlxalq Sokrat Komitəsinin Dublin Sammitində böyük elmi nailiyyətlərinə görə "The Name in Science” ("Elmdə ad”) fəxri tituluna layiq görülmüş, rəhbərlik etdiyi Tarix İnstitutu səmərəli elmi tədqiqat işlərinə əsasən Oksford Universitetinin "Best Enterprises-2012” diplomunu almışdır. Yaqub Mahmudov 2013-cü il dekabrın 16-19-da Böyük Britaniyanın Oksford şəhərində "Elm və təhsil: Yeni imkanlar və istiqamətlər” mövzusunda keçirilən beynəlxalq elmi konfransda milli dəyərlərin qorunması və yüksək rəşadət ideallarının tədqiqi sahəsindəki fəaliyyətinə görə "Kraliça Viktoriya” diplomu ilə təltif olunmuşdur.
Yaqub Mahmudov Azərbaycan Respublikası Prezidenti yanında Heraldika Şurasının, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasının, Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyəti İdarə Heyətinin, Qafqaz Müsəlmanları İdarəsi Elmi-dini şurasının və Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür. Təmsil olunduğu qurumlarda Yaqub Mahmudov fəal elm və vətəndaşlıq mövqeyi, səmərəli təklifləri, şəxsi töhfəsi ilə fərqlənmişdir.
Görkəmli tarixçi-alim Yaqub Mahmudov Yusif Məmmədəliyev, Rəsul Rza, "Qızıl qılınc”, "Qızıl qələm”, "Samir Əsgərxanov”, "Humay”, "Gənclərin dostu” milli mükafatlarının laureatıdır. O, Azərbaycan Kazakları İcmasının "Ataman Anton Qolovatıy” adına ordeni ilə də təltif olunmuşdur. Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Rusiya Federasiyası Dağıstan Respublikasının Əməkdar elm xadimi, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı kimi müxtəlif fəxri adlara və mükafatlara layiq görülmüşdür. Bundan başqa, o, həm də elm sahəsində xidmətlərinə görə "Şöhrət” və "Şərəf” ordenləri ilə təltif edilmişdir.
Tanınmış ictimai-siyasi xadim Yaqub Mahmudov Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi (II, III, IV və V çağırış) ölkənin daxili həyatı və xarici siyasəti ilə bağlı məsələlərdə, elmin və təhsilin inkişaf etdirilməsi sahəsində prinsipial vətəndaşlıq mövqeyi nümayiş etdirir. O, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü kimi də ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir. Müstəqillik dövrü Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə və xalqımıza çatdırılmasında da Yaqub Mahmudov səmərəli iş aparır. Azərbaycan ictimaiyyəti akademik Yaqub Mahmudova fəal vətəndaşlıq mövqeyinə malik elm xadimi kimi böyük ehtiram bəsləyir.
Görkəmli elm xadimi, böyük elm təşkilatçısı, akademik Yaqub Mahmudovu anadan olmasının 80 illiyi münasibətilə təbrik edir, ona daha böyük uğurlar arzulayırıq.
İsa HƏBİBBƏYLİ,
AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik
Mənbə: Azərbaycan qəzeti