11.02.2019 10:53
Milli Kitabxanada AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovun 80 illik yubileyi ilə əlaqədar “Akademik Yaqub Mahmudov” adlı geniş kitab sərgisi açılıb.
Milli Kitabxanadan bildirilib ki, sərgidə 700-dən çox elmi əsərin və elmi publisistik məqalənin müəllifi olan görkəmli alimin əsərlərindən, redaktoru olduğu, “Ön söz” yazdığı, rəyçisi olduğu, elmi məsləhətçiliyi, həmmüəllifliyi ilə çap olunan, həmçinin haqqında nəşr edilmiş müxtəlif dillərdə 300-dən çox ədəbiyyat nümayiş edilir.
Qeyd edək ki, Azərbaycanda yüksək ixtisaslı tarixçi kadrların yetişdirilməsində mühüm rol oynayan, çoxillik səmərəli elmi yaradıcılığı və pedaqoji fəaliyyəti ilə ölkəmizdə və ondan kənarda çox böyük hörmət və nüfuz qazanan, tarix elminin patriarxı səviyyəsinə yüksəlmiş Yaqub Mahmudov çoxsaylı fəxri adlara, diplom və medallara layiq görülüb. Prezident İlham Əliyev fevralın 9-da Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Yaqub Mahmudovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Mənbə: Azərtac