AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Xocalı soyqırımı ilə əlaqədar Misirdə anım mərasimi keçirilib

25.02.2019 17:30

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyində anım mərasimi keçirilmişdir.

Səfirlikdə keçirilən anım mərasimində Misirin ictimai-siyasi xadimləri, qubernator və səfirlər, Misir-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri və üzvləri, Ərəb Dövlətləri Liqasının Mədəniyyətlərarası Dialoq Departamentinin rəhbəri, Misirin Ali Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəhbəri, Misir Elmlər Akademiyasının vitse-prezidenti, Əl-Əzhər və Qahirə universitetlərinin rektor müavinləri, dekan, doktor və professor heyəti, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov və onun başçılıq etdiyi nümayəndə heyəti, Qahirə və Ayn-Şəms universitetlərinin Azərbaycan dilində təhsil alan tələbələri, Azərbaycan diasporu və azərbaycanlı tələbələr, habelə Misir ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Misirdəki səfiri Tural Rzayev Xocalı soyqırımı zamanı erməni silahlı qüvvələri tərəfindən törədilmiş vəhşiliklər, amansızcasına qətlə yetirilmiş yaşlılar, qadınlar və uşaqlar barədə məlumat vermişdir.

T.Rzayev Xocalıda dinc insanlara qarşı törədilmiş soyqırımla bağlı ciddi ölçülərin götürülməməsindən təəssüfləndiyini bildirmiş, bir milyondan çox azərbaycanlının öz tarixi torpaqlarından çıxarılaraq, qaçqın və köçkün vəziyyətdə yaşadıqlarını vurğulamışdır. Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən sülh danışıqlarının da indiyədək heç bir müsbət nəticə verməməsini Ermənistan tərəfinin tutduğu qeyri-konstruktiv mövqeyi ilə əlaqələndirmişdir.

Sonra akademik Yaqub Mahmudov çıxış edərək, erməni təcavüzkarlarının müstəqil Azərbaycana qarşı işğalçılıq siyasətindən, xalqımıza qarşı törədilən soyqırımlarından, xüsusilə Xocalı soyqırımından bəhs etmiş, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə baxmayaraq, Ermənistanın Azərbaycan torpaqlarını hələ də işğal altında saxlamaqda davam etdiyini vurğulamışdır.

Akademik tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində və ölkəmizin işğal olunmuş Qarabağ torpaqlarında yüzlərlə tarixi abidənin, İslam tarixi irsinin məhv edildiyini və Azərbaycana aid toponimlərin saxtalaşdırıldığını xüsusilə vurğulayaraq, bu vandalizmə qarşı elmi müstəvidə birləşməyin vacibliyini diqqətə çatdırmışdır.

Daha sonra tədbirdə iştirak edən və Diaspora mərkəzində Azərbaycan dilini öyrənən misirli tələbələr ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımları pisləyən çıxışlar etmiş və birgə Səməd Vurğunun “Azərbaycan” adlı şerini səsləndirmişlər.

Anım mərasimində Xocalı soyqırımını əks etdirən kitablar nümayiş etdirilmişdir.

Qeyd edək ki, Azərbaycanın Misirdəki səfirliyində keçirilən anım mərasimi Misirin bir sıra nüfuzlu qəzet və internet səhifələrində geniş şəkildə işıqlandırılmışdır.

Paylaş: