01.03.2019 12:30
Akademik Yaqub Mahmudovun 80 illik yubileyinə
Bu il fevral ayının 10-da görkəmli elm xadimi, ictimai-siyasi fəaliyyəti ilə seçilən, vətəndaş mövqeyi ilə çoxlarına örnək olan və minlərlə soydaşımızın hörmətlə adını yad etdiyi akademik Yaqub Mahmudovun yaşının üstünə 1 il də əlavə oldu. Üzərinə götürdüyü ictimai-mənəvi yükün məsuliyyətini və ağırlığını heç zaman unutmayan Yaqub müəllim yüksək təşkilatçılıq qabiliyyəti sayəsində və gəncliyə xas olan enerjisi ilə yorulmadan bu gün də çoxsaylı tarixçi ordusunu arxasınca aparmaqdadır. 15 ildir ki, onun rəhbərlik etdiyi Milli Elmlər Akademiyasının A.A. Bakıxanov adına Tarix İnstitutu özünün ən şərəfli dövrünü yaşayır. Ulu öndər Heydər Əliyevin şəxsən yüksək dəyər verdiyi Yaqub müəllim ona göstərilən etimadı bu gün də doğruldaraq, Azərbaycan tarix elmi qarşısında duran həlli vacib məsələlər üzərində çalışmaqdadır. Ölkə başçısı cənab İlham Əliyevin çağırışları, tövsiyə və tağşırıqlarını rəhbər tutaraq onun başçılığı altında institutun əməkdaşları təkcə tariximizin qaranlıq səhifələrinə aydınlıq gətirməklə kifayətlənmir, eyni zamanda, onu keçmişin ideoloji təsirlərindən və təhriflərdən təmizləməklə xalqa olduğu kimi çatdırmağa çalışır. Bunun bariz nümunəsi kimi kollektivin gücü ilə son illərdə görülən işlər sırasında ideoloji mübarizəmizdə olduqca əhəmiyyətli yer tutan “Naxçıvan: tarixi və abidələri”, “Tarixi adlara qarşı soyqırımı”, “Qarabağ tarixi: real tarix, faktlar, sənədlər”, “Azərbaycan Tarixi Atlası”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımı”, “Ermənilərin Azərbaycan torpaqlarında cinayət əməlləri haqqında tarixi faktlar”, 5 cilddə “Azərbaycan Respublikasının tarixi” kimi onlarla əsərləri saymaq olar. Institut əməkdaşlarının xarici ölkələrə elmi məzuniyyətləri nəticəsində oradakı arxivlərdə və elmi mərkəzlərdə saxlanan çoxsaylı sənədlər və ilk mənbələr Respublikaya gətirilmiş, onların bir qismi nəşr olunaraq elmi ictimaiyyətin istifadəsinə verilmişdir. Bütün bu işlər Yaqub müəllimin müstəsna xidmətləri sayəsində mümkün olmuşdur.
15 il bundan əvvəl Tarix institutunda start götürmüş yenidənqurma işləri və elmi yaradıcılıq sahəsindəki canlanma “Azərbaycanın qədim tarixi” şöbəsinə də sirayət etdi. Şöbəyə yeni təyin olunmuş Mirheydər Mirzəyevin 2007-ci ildə vaxtsız vəfatı Yaqub müəllimi başsız qalan şöbəyə rəhbərliyi şəxsi nəzarətinə götürməyə vadar etdi. Məqsəd cari və növbəti illər üçün baş plana uyğun nəzərdə tutulmuş işlərin icrasını təmin etmək idi. Bu müddət ərzində Yaqub müəllimin rəhbərlik etdiyi layihə çərçivəsində şöbə əməkdaşlarından Kamal Əliyevin, Solmaz Qaşqayın, Tofiq Məmmədovun, Fəridə Əliyevanın, Ella Əlibəyovanın, Rauf Məlikovun, Ələkbər Ələkbərovun, Allahverdi Əlimirzəyevin monoqrafiyaları, eləcə də kollektivin birgə əməyinin məhsulu olan “Azərbaycanın qədim tarixinə dair yazılı mənbələr” adlı müntəxəbat işıq üzü gördü. Bundan əlavə, tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 4 iddiaçının tamamladığı dissertasiya işlərinin uğurlu müdafiəsi keçirildi.
Şöbədə yaranmış yaradıcı elmi mühitə Yaqub müəllim özü də seyirci qalmadı. O zamanlar onu daha çox ermənilərin Albaniya dövlətini özünküləşdirmək cəhdləri narahat edirdi. Ümumiyyətlə, Albaniya tarixi ənənəvi olaraq şöbəmizin elmi fəaliyyətində prioritet mövzu olub. Antik dövr yunan-Roma və erkən orta əsrlərin erməni, gürcü mənbələri əsasında Albaniyanın etnosiyasi tarixinin tədqiqi istyiqamətində şöbəmizin əməkdaşları müxtəlif vaxtlarda 5 dissertasiya işi müdafiə etmiş, 300-dən artıq kitab və məqalə yazmışlar. Təbii ki, bu sahədə Yaqub müəllimin alim sözünə də ehtiyac duyulurdu. Qısa vaxt ərzində onun qələmindən gözlənilən məqalə 2007-ci ildə Tarix institutunun Elmi əsərlərinin 22-ci cildində çapdan çıxdı. “Qafqaz Albaniyasının dövlətçilik tarixi və etno-mədəni irsi Azərbaycan xalqına məxsusdur” adlanan məqalə həmin ilin 3-5 sentyabr tarixində İrəvanda antiazərbaycan ruhunda keçirilmiş beynəlxalq konfransdakı çıxışlara alimin operatv cavabı idi. Müəllif V.Barxudaryanın, R.Safrastyanın və A.Akopyanın Alban dövlətinin əsaslarının guya erməni xalqının güclü siyasi və mənəvi dəstəyi nəticəsində və “böyük Ermənistan” şahlığının siyasi təsiri ilə qoyulması kimi elmdən uzaq olan cəfəng və qərəzli çıxışlarını tənqid edərək onları Azərbaycan və Dağıstan xalqları arasında nifaq salmaqda ittiham edir. Məqalə müəllifi növbəti zərbəni həmin konfransda tanınmış sadvalçı, özünü “Şamil fondu” idarə heyətinin üzvü kimi təqdim edən T.Aytberov və onunla həmfikir olan A.Alikberov, H.Abduraqimov kimi Albanşünaslıqdan uzaq “tarixçilərə” vuraraq onları Alban dövlətinin coğrafi hüdudlarını saxtalaşdırmaqda, Azərbaycanda yaşayan qeyri-türk əhalini, o cümlədən avarları və ləzgiləri Azərbaycan dövlətinə qarşı itaətsizliyə çağırışlarına görə ittiham edir.
Sirr deyil ki, tarixən Alban tayfa ittifaqı özündə fərqli dillərdə danışan etnosları və onların yayıldığı geniş arealı ehtiva etmişdi. Alban dövlətinin öz mövcudluğunu 1000 il qoruyub saxlaya bilməsinin əsas səbəbi də etnik rəngarəngliyi və konfessionnalığı ilə bağlı idi. Ölkənin etnik simasını Qafqazdilli tayfalarla yanaşı, İran dillərinin müxtəlif dialektlərində danışan icmalar və türkdilli toplumlar təşkil etmişlər. Müasir Azərbaycan Respublikasının əhalisinin əksəriyyətini də məhz bu xalqların nümayəndələri təşkil edir. Albaniya dövlətinin özəyi və müxtəlif dövrlərdə siyasi mərkəzi olan 2 şəhəri – Qəbələ və Bərdə – indiki Azərbaycan Respublikasının ərazisində yerləşir, albanlara məxsus abidələrin və maddi mədəniyyət nümunələrinin böyük əksəriyyəti də Respublikamızın ərazisində aşkarlanıb. Dərbənd və ətrafındakı torpaqlar, Gürcüstanın şərq bölgələri və Ermənistan ərazisinin çox hissəsi tarixin bütün mərhələlərində Qafqazın ən böyük və güclü dövləti olan Albaniyanın periferiyalarını təşkil etmişlər. Bu tarixi həqiqətə düzgün qiymət verən Yaqub Mahmudov məkirli qonşularımızın hər cür iddialarına son qoymaq üçün elmə yeni terminin – “Azərbaycan Albaniyası” – istilahının gətirilməsinə nail oldu. Elmi cəhətdən əsaslandırıldığından bu termin qısa vaxtda elmi ictimaiyyət tərəfindən qəbul olundu. Həqiqətən də, yalnız müasir Azərbaycan Respublikası özünü Albaniya dövlətinin tarixi varisi elan etməkdə haqlıdır.
2013-cü ilin yazında Yaqub müəllim yenicə başa çatdırdığı əsərini şöbə əməkdaşlarının müzakirəsinə təqdim etdi. Elmi redaktorluğu mənə həvalə olunmuş bu əsər “Real tarix və “böyük Ermənistan” uydurması” adı altında 2014-cü ilin əvvəlində çapdan çıxdı. Əsər göstərdi ki, Yaqub Mahmudov müasir Azərbaycan tarix elmində mövzu məhdudiyyəti, xronoloji çərçivə və ideoloji maneələr tanımayan, dərin bilik və güclü məntiqlə silahlanmış nadir tarixçilərimizdən biri, mən deyərdim ki, birincisidir. Həcmcə çox da böyük olmayan bu kitab Balkanlardan Anadolunun şərqinə köç edib yerləşən erməni etnosunun gerçək tarixinin oxuculara çatdırılmasına, siyasi qurum kimi heç vaxt mövcud olmamış, süni surətdə qondarılan “böyük Ermənistan” məvhumunun ifşasına həsr olunub. Qısa müddət ərzində elmi ictimaiyyətin marağına səbəb olan və rəğbətlə qarşılanan bu əsər tarixi faktlarla istədiyi kimi manipulyasiya edən erməni “tarixçilərinə” və onların havadarlarına qarşı daima sərt mövqeyi ilə seçilən Yaqub Mahmudovun uzun illər boyu apardığı tədqiqatlarının məntiqi nəticəsi idi. Yaşının müdrik çağında müəllif ona bəlli olan Qədim Şərq və Antik dövr məxəzlərindəki məlumatları incəliyinədək nəzərdən keçirirək 3000 illik tarixin etno-siyasi mənzərəsini yaratmağa nail olmuşdur.
Respublikamızda ermənilərin tarix elmindəki saxtakarlıqlarına və onun doğurduğu acı nəticələrə dair elmi, publisist, kütləvi səpgidə onlarla əsərlər həsr olunub. Etiraf edim ki, onların heç birində “Real tarix və “böyük Ermənistan” uydurması” kitabında olduğu qədər zəngin faktoloji materiala əsaslanan əhatəli mənzərə ilə qarşılaşmırıq. Bu kitabda Yaqub müəllimin xidməti ondadır ki, ermənilərin keçmişi ilə bağlı qarışıq problemlərin oxuculara anlaşıqlı şəkildə catdırılmasının lakonik və optimal variantını seçə bilmişdir. O, mövzu ilə bağlı ilk mənbələrdəki məlumatları təhlil etməklə kifayətlənmir, məsələnin dünya tarixşünaslığında qoyuluşuna, söylənilən nəzəriyyələrin necə və hansı səbəblər üzündən vaxtaşırı dəyişdiyinə, ermənilərin mənşəyi ilə bağlı sovetlər dönəmində ortaya atılan nəzəriyyələrin gümanlar üzərində qurulduğunu və bu səbəbdən də hər dəfə sabun köpüyü kimi partladığına diqqət yetirir. Azərbaycan tarix elmində ilk dəfə bu kitabın səhifələrində Urartu şahlığının siyasi, maddi və mənəvi irsinə sahiblik məsələsində yalnız ermənilərdən çox Urartu tayfa ittifaqının formalaşdığı ərazidə yaşayan bütün müasir xalqların, o cümlədən Azərbaycanlıların, iddia qaldırmalı olduqları əsaslandırılır.
Müəllifin gəldiyi mühüm nəticələrdən biri də odur ki, Anadoluya köçlərinə qədər ermənilərin etnik adı haqqında heç bir məlumat qalmayıb, müasir “hay” və “erməni” adlarının kökündə onların məskunlaşdığı bölgələrin qədim adları durur. Həqiqətən də, Şərqin mixi yazılı kitabələrində Het dövlətinin tərkibində Hayasa, Türkiyə və Suriya sərhəddi yaxınlığında isə Armina vilayətlərinin mövcudluğu haqqında məlumatlar qalıb, lakin onların sakinlərinin etnik baxımdan ermənilərə və ümumiyyətlə hind-avropalılara heç bir aidiyyəti olmayıb.
Kitabda ayrıca bir fəsil ermənilərin adına bağlanan coğrafi terminlər sırasında yer alan “Erməni yaylası” ifadəsinə həsr olunub. Müəllif bu ifadənin yaranma tarixini araşdıraraq belə qənaitə gəlir ki, XIX əsrin birinci yarısından başlayaraq öncə çar Rusiyasının, sonralar kayzer Almaniyasının elmi və siyasi dairələrində təxminən 400 min km2 dağlıq ərazinin bir etnosun adı ilə “Erməni yaylası” adlandırılması siyasi ambisiyalardan irəli gələrək gələcəyə hesablanan düşünülmüş addım idi. Bu coğrafi termin Osmanlı imperiyasını parçalamaq planlarında təməl ideoloji amil olmalı idi. Y.Mahmudov haqlı olaraq bu nəhənglikdə coğrafi arealın “Erməni yaylası” adlanmasını Şərqi Anadolunun və həmhüdud bölgənin köklü sakinlərinə, burada yaşayan başqa xalqların nümayəndələrinə qarşı tarixi ədalətsizlik, onların mənəvi dəyərlərinə biganəlik hesab edir.
Kitabın sonuncu fəslində “böyük Ermənistan” ifadəsinin meydana gəlməsini “şərtləndirən” tarixi şərait nəzərdən keçirilir. Daha sonra “qədim erməni şahları” kimi təqdim olunan Artaxşayasi (yunanlar onu “Artaksi”, ermənilər “Artaşes” adlandırırlar) və Zariadrinin (erməni ənənəsində “Zarex”) etnik kimliyinə aydınlıq gətirilir və onların erməni deyil, iranmənşəli sülalənin nümayəndələri (bəzilərinin parfiyalı, bəzilərininsə atropatenalı) olduqları göstərilir. Armeniya şahlığının siyasi yüksəlişinin birinci mərhələsi Selevk strateqi III Antioxun ölümündən (e.ə. 187-ci il) IV Antioxun Artaxşayasi üzərində qələbəsinədək (e.ə. 165-ci il) olan 22 ili əhatə edir. Armeniya şahlığının növbəti yüksəlişi II Tiqranın hakimiyyətinin ilk 26 ilinə (e.ə. 95-69-cu illər) təsadüf edir. Hətta o vaxtlarda da bu dövlət rəsmi olaraq “böyük Ermənistan” adlanmayıb. Bu şahlıq o dövrdə və xeyli sonralar da ermənilərin “milli dövləti” olmamışdır. Təsadüfi deyil ki, erməni şahlarının adlarından zərb olunmuş sikkələrin üzərində onların başçılıq etdiyi siyasi qurumun adı yazılmayıb.
Etiraf olunası digər məqam odur ki, xarici dillərə daha çox tərcümə olunmuş əsərlər sırasıda birincilik “Real tarix və “böyük Ermənistan” uydurması” kitabına məxsusdur. İndi ingilis, fransız, alman, ərəb, ispan, fars, rus, gürcü, hətta ermənidilli oxucuların da bu əsərlə tanış olmasına imkan yaranıb. Kitab Respublikamızın hüdudlarını aşaraq sıravi oxucudan titmuş tanınmış alimlərin mütaliəsindən keçdikcə Yaqub müəllimin elmi irsi ilə bərabər, onun əsərlərinin işıq üzü görməsində əməyi olanlar da (elmi redaktor, tərcüməçi və digərləri) tanınırlar.
“Real tarix və “böyük Ermənistan” uydurması” kitabında əksini tapan mühüm müddəalar Yaqub müəllimin sonuncu əsərlərindən olan “Saxtakarların yalançı elmi, yaxud ermənisayağı “tarix” adlı kitabına da daxil edilib. Rus və ingilis dillərinə tərcümə olunduğundan bu əsərin də oxucu məkanı genişlənib.
Dövlətçilik və diplomatiya tariximizin tədqiqində Yaqub Mahmudovun özünəməxsus dəsti-xətti var və bu istiqamətdə uğurlu nailiyyətlərə imza atmaqla bərabər, məktəb yaradıb. Bu istiqamətdə elmi-tədqiqat planının icmalı onun müxtəlif dillərə tərcümə olunmuş “Azərbaycan: qısa dövlətçilik tarixi” adlı əsərində əksini tapıb. Bu günlərdə Yaqub müəllim bir qovluqda yeni tamamladığı əsərin əlyazmasını redaktə və zəruri düzəlişlər etmək məqsədilə mənə təqdim etdi. Əsərdə dövlətçiliyimizin keçdiyi tarixi yol lullubi, quti, turukku, kaspi, alban kimi qədim toplumlarımızın etnomədəni kontekstində təqdim olunur, Manna və Atropatena dövlətlərinin siyasi-iqtisadi yüksəlişi və tənəzzülü son dövrlərin müvafiq elmi ədəbiyyatı nəzərə alınmaqla yeni müstəvidə işıqlandırılır.
Y.Mahmudovun uğurlu layihələri bütövlükdə Azərbaycanda tarix elminin inkişafında yeni mərhələ açıb. Belə layihələrdən biri region və bölgələrimizin tarixinin elmi səviyyədə öyrənilməsinə xidmət edir. Layihə müxtəlif mərhələlərdə müvəqqəti itirilmiş tarixi torpaqlarımızı və Azərbaycan Respublikasının inzibati bölgələrini əhatə etməklə paralel olaraq 2 istiqamətdə həyata keçirilir. Layihə çərçivəsində bu və ya digər bölgənin ictimai-siyasi tarixinin qədim mərhələsinin yazılmasında “Azərbaycanın qədim tarixi” şöbəsinin əməkdaşlarının müstəsna xidmətləri var. Belə ki, şöbə əməkdaşlarının da səyi il 2013-cü ildə “Qubadlı. Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı” kitabı işıq üzü gördü. Prezident İlham Əliyevin göstərişi ilə Zəngəzurun tarixinə həsr olunmuş fundamental əsər başa çatıb və yaxın vaxtlarda nəşr olunaraq elmi ictimaiyyətə çatdırılacaq. Dərbənd tarixi ilə bağlı əsər də tamamlanmaq ərəfəsindədir. Azərbaycanın tarixi cənub torpaqlarında e.ə. I minilliyə qədər cərəyan edən proseslərin tədqiqinə həsr olunmuş monoqrafiya da tamamlanmaq üzrədir. Qarabulaq (Füzuli) və Şəki bölgələrinin tarixinə həsr olunmuş kitablar da nəşrini gözləyən əsərlər sırasındadır.
Yaxın perspektivdə konseptual baxımdan üçcildlik “Azərbaycan tarixi” əsərinin yeni akademik nəşrinin hazırlanması nəzərdə tutulub. Sələfi olan eyni adlı akademik yeddicildliyin birinci cildinin nəşrindən ötən 20 il ərzində tariximizin erkən yazılı mərhələsi ilə bağlı elmi dövriyyəyə daxil edilən yeni ilk mənbələr, xüsusən də mixi yazılı kitabələrin oxunuşu istiqamətində aparılan dəqiqləşdirmələr tarixi torpaqlarımızda miladdan öncə baş vermiş etnosiyasi proseslərin əhatəli mənzərəsini işıqlandıra biləcək əsərin yazılmasını gündəmə gətirmişdi. Hazırlanan əsər ən qədim zamanlardan ərəb işğallarınaqədərki uzun dövrü əhatə edir və əvvəlki akademik nəşrdən faktoloji materialın zənginliyi, rəngarəngliyi və qədim məxəzlərə elmin son nailiyyətlərinin tələbləri səviyyəsində yanaşılması baxımından, sətiraltı iqtibaslar və illüstrativ mateialın müşayiəti ilə fərqlənəcək. Şöbəmizin əməkdaşları bu il ikicildlik “Azərbaycan mədəniyyəti tarixi”nin müəllifləri heyətinə də daxil ediliblər.
Yaqub müəllimin həyata keçirdiyi tədris layihələri sırasında orta məktəb şagirdləri üçün dərsliklərin hazırlanması xüsusi yer tutur. Onun rəhbərliyi ilə bu istiqamətdə fəaliyyət göstərən heyət əsas diqqəti dərsliklərin qüsursuz yazılmasına, onlarda mübahisəli faktların yer almamasına, yorucu olmamasına, şagirddə maraq yaratmasına yetirir. Yaqub müəllimin təşəbbüsü ilə “Tarixi şəxsiyyətlərimizi tanıdaq” layihəsi çərçivəsində orta ümumtəhsil məktəbləri şagirdlərində vətənpərvərlik ruhunun artırılması məqsədilə vaxtaşırı keçirilən tədbirlərdə institutun heyəti sırasında şöbəmizin əməkdaşlarının da iştirakını xüsusi qeyd etmək istərdim. İndiyədək Respublikamızın müxtəlif lisey və orta məktəblərində Cavanşirə, Babəkə, Sara xatuna, Uzun Həsənə və digər siyasi xadimlərimizə həsr olunmuş elmi-kütləvi və mədəni tədbirlər keçirilib. İştirak etdiyim belə tədbirlərdən biri Nizami rayonunda yerləşən qabaqcıl orta ümumtəhsil məktəblərinin birində keçirilmiş və xalqımızın qəhrəman qızı Tomirisə həsr olunmuşdur. Həmin gün Yaqub müəllimin alovlu çıxışı və mərhum xalq artisti, Milli Dram Teatrının səhnəsində dəfələrlə Tomirisin rolunu məharətlə ifa edən Amaliya Pənahovanın iştirakı tədbirin ruhuna xüsusi rəng qataraq onun mədəni-estetik tərtibatını maraqlı şəkildə zənginləşdirmişdir. Mütəmadi olaraq belə tədbirlərin keçirilməsi yetişməkdə olan nəsldə tariximizə sevginin, müxtəlif dövrlərdə xalqı arxasınca aparmağa qadir olan şəxsiyyətlərimizə sayğının yaranmasına və artmasına xidmət edir. Keçmişini tanımayan xalq isə, Yaqub müəllimin təbiricə desək, “məhvə məhkumdur”.
Yaqub müəllimin tövsiyə və tapşırıqları “Azərbaycanın qədim tarixi” şöbəsinin əməkdaşlarının elmi yaradıcılığında müsbət təsirini göstərməkdədir. Əməkdaşlarımızdan üçü – Aysel Kərimova, Ramin Əlizadə və İradə Səfərova tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün götürdükləri dissertasiya mövzularını başa çatdırmaqdadırlar.
Şöbəmizdə yeni kadrların hazırlanması sahəsində Yaqub müəllimin müstəsna xidmətini xüsusi qeyd etməyə ehtiyac var. 2015-ci ildə Milli Elmlər Akademiyasında Ali təhsilin Magistratura pilləsi yaradıldı. Tarix institutunda müvafiq ixtisaslar üzrə 3 magistr təhsilə cəlb olundu. Açığını deyim ki, akademik elmə gələn gənclər tezliklə müdafiə edib elmi dərəcə almaq üçün asan yol axtarır, daha çox XIX-XX əsr xronologiyası çərçivəsində mövzulara üstünlük verirlər. Yaqub müəllim isə yeni qəbul olmuş magistrları “Qədim dövr və Orta əsrlər” ixtisasına yönləndirməklə bu sahənin daha dərindən öyrənilməsini təmin etmək niyyətində idi. Bu sahənin mütəxəssisləri qarşısında miladaqədərki tariximizin tədqiqində əsas mənbə olan mixi yazılı kitabələrin coxdan unudulmuş sirlərinə yiyələnmək, Orta əsr məxəzlərini oxumaq üçün isə ərəb və fars dillərinin öyrənilməsi kimi çətin vəzifələr dururdu. Yaqub müəllim yaşından asılı olmayaraq bu sahəyə meyl edən hər kəsə göstərdiyi qayğı və himayə ilə bu çətinlikləri aradan qaldırır. Magistraturaya qəbul olunmuş 3 qızımız – Selcan Məmmədzadə, Əsmər Göyüşova və Zərövşən Hüseynli 2 illik təhsil müddətində mixi yazı sistemlərinin və onların vasitəsilə tarixin yaddaşına həkk olunmuş şumer, akkad, elam, hurri və biayni kimi relikt dillərin sirlərinə bələd oldular, eləcədə Osmanlı dönəminin saray dəftərxanasının siyaqət yazı stilini mənimsəyə bildilər. Magistr təhsilini fərqlənmə diplomu ilə başa vuran qızlardan ikisi – Selcan Məmmədzadə və Əsmər Göyüşova elmi fəaliyyətlərini ixtisasları üzrə davam etdirmək üçün sənədlərini institutun doktoranturasına təqdim etmişlər. Daxil olacaqları halda, Yaqub müəllim hətta, onlara tədqiq edəcəkləri mövzuları da nəzərdə tutub. Əminəm ki, tariximizin qədim dövrünün öyrənilməsi kimi vacib və əhəmiyyətli missiyanın estafetini etibarlı əllərə ötürürük.
Azərbaycanın tarixində ömrünü, bilik və bacarığını ölkənin və xalqın tarixinin öyrənilməsinə və bildiklərini də öyrətməyə həsr etmiş çox mütəfəkkirlər, düha sahibləri olub. Iskəndər bəy Münşi və Abbasqulu ağa Bakıxanovdan başlayan bu nəcib amalın fədakarları hərə öz payına düşən qədər konkret tarixi zaman hüdudlarında izlərini qoyublar. Yaqub Mahmudov Azərbaycan tarixinin bütün mərhələləri haqqında istər lakonik, istərsə də əhatəli şəkildə, məkanından asılı olmayaraq saatlarla söz deməyə qadir olan ən nadir şəxsiyyətlərimizdəndir. Onu digər tarixçilərimizdən fərqləndirən cəhət orijinal kreativ ideyaları ilə tədqiqatların məcrasını həlli daha vacib prioritet problemlərə yönəldə bilməsindədir.
Çoxsaylı tələbələri və yetirmələri Yaqub Mahmudov məktəbinin layiqli davamçıları olduqları ilə fəxr edir. Yaqub müəllimin adı özlüyündə Azərbaycan milli tarix elmində hələ neçə illər bundan öncə brendə çevrilib. 80 yaşlı Yaqub müəllim ömrünün müdrik çağını yaşayır. Tarix institutunda onun rəhbərliyi ilə uğurla həyata keçirilən köklü islahatlar Azərbaycan milli tarix elminin dirçəldilməsi istiqamətində bu gün də töhfələrini verməkdədir. İnanıram ki, yaşının üstünə yaş gəlsə də yorğunluq bilməyən, daima yaratmaq arzusu ilə yaşayan Yaqub müəllimin həyatı akademik elmə yeni qədəm qoyan gənclərimizə örnək olacaq.
Məqalənin müəllifi: AMEA A.A. Bakıxanov adına Tarix institutunun “Azərbaycanın qədim tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Allahverdi Əlimirzəyev.