14.03.2019 17:48
Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə Tarix fakültəsində “100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsinə start verilib.
Layihənin ilk qonağı Tarix fakültəsinin 1962-ci il məzunu, 1986-1990 və 1994-2004-cü illərdə dekan olmuş, Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, akademik Yaqub Mahmudov olub.
Dekan Azad Rzayev layihə barədə məlumat verib, onun işinə uğurlar arzulayıb.
Fakültənin tarixi barədə danışan A.Rzayev 100 illik fəaliyyəti dövründə görkəmli elm xadimləri ilə yanaşı, dövlətin ictimai-siyasi həyatında, dövlət strukturlarında çalışan çoxsaylı məzunlarının olduğunu, onların sırasında ilk olaraq dünya şöhrətli məzun, ulu öndər Heydər Əliyevin xatırlandığını qeyd edib.A.Rzayev layihənin ilk qonağı, akademik Yaqub Mahmudova görüşdə iştirakına görə fakültənin professor-müəllim və tələbə heyəti adından təşəkkürünü bildirib, 80 illik yubileyi münasibətilə təbrik edib.
Akademik Yaqub Mahmudov tələbəlik xatirələrindən, Azərbaycan tarix elmindəki mövcud vəziyyətdən, hazırda rəhbəri olduğu AMEA-nın Tarix İnstitutunda görülən işlərdən söz açıb.
Tədbir zamanı akademikin əsərlərinin sərgisi də təşkil olunub. Tədbirdən sonra kitablar Tarix fakültəsinə hədiyyə edilib.
Qeyd edək ki, “100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsinin rəhbəri Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev, koordinatorları isə dosentlər - Səidə Quliyeva, Sevinc Ruintən, Tarix fakültəsi Tələbə Həmkarlar Təşkilatının sədri Əli Babazadə və II kurs tələbəsi Mais Günəşlidir.