AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Gənc tarixçilərin ilk respublika elmi konfransı olub

02.04.2019 15:35

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda gənc tarixçilərin ilk respublika elmi konfransı keçirilib.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə reallaşan konfrans “Elm günü”nə həsr olunub.

İnstitutun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycanın 5 min illik dövlətçilik tarixi var: “Regionun ən qədim dövlətçilik tarixi bizə məxsusdur”.

Yaqub Mahmudov deyib: “Azərbaycan xalqına sovet dönəmində saxta tarix təqdim olunmuşdu. Guya Cənubi Qafqazın aborigen, yəni ən qədim yerli əhalisi ermənilərdir, biz isə Altaylardan köçüb gəlmişik. Belə halların qarşısını almaq məqsədilə İrəvan xanlığının tarixini və uydurma “böyük Ermənistan” nəzəriyyəsinin əleyhinə kitablar çap etdirmişik. “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” və digər kitablar müxtəlif dünya dillərinə tərcümə olunaraq xarici ölkələrdə yayılıb. “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabında ilk mənbələr əsasında ermənilərin Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəldikləri, mənşəcə qədim frigiyalılarla qohum etnos olduqları və Asiya qitəsinin aborigen əhalisi olmadıqları göstərilir”.

Tarix İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Rəşad Mustafa gənc tarixçilərin qarşısında duran başlıca vəzifə və elmi-tədqiqat istiqamətlərindən söhbət açıb: “İnstitut gənc tarixçilər arasında respublika müsabiqəsi təşkil edəcək. Tarixçilərin xarici dillər bilməsi çox önəmlidir. Misir Mədəniyyət Mərkəzində institutun əməkdaşları üçün ərəb dili kursları fəaliyyət göstərir”.

Tarixçi alimlər Cəbi Bəhramov, Tofiq Nəcəfli, İradə Əliyeva və Lamiyə Qafar-zadə bildiriblər ki, Tarix İnstitutu təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində fəal iştirak edir.

Elmi konfrans “Heydər Əliyev Azərbaycan Respublikasının qurucusudur”, “XX əsrdə türk-müsəlman xalqlarına qarşı deportasiyalar və soyqırımlar”, “Azərbaycan və digər türk xalqları yaşayan ərazilərdə çarizm və sovet rejiminə qarşı azadlıq mübarizəsi” və “Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Respublikası: xarici və daxili siyasət, oxşar məqamlar” bölmələrində fəaliyyət göstərib.

Bölmə iclaslarında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Qərbi Kaspi Universiteti və digər elm və təhsil müəssisələrindən olan 50-ə yaxın gənc tədqiqatçının məruzələri dinlənilib.

Qeyd edək ki, Tarix İnstitutunun gənclərinin təklifinə əsasən 2018-ci ildə “Gənclərin dostu” mükafatı təsis edilib. Mükafatın ilk laureatı AMEA-nın prezidenti, akademik Akif Əlizadədir.

Paylaş: