AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Azərbaycan tarix elminə Prezident qayğısı

22.05.2019 22:00

Tarix İnstitutu son 15 ildə

Tarix İnstitutu ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzidir.

İlham ƏLİYEV

Prezident İlham Əliyev "Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 26 aprel 2012-ci il tarixli sərəncamında Milli Elmlər Akademiyası Tarix İnstitutunun fəaliyyətini yüksək qiymətləndirərək bu elmi-tədqiqat müəssisəsini "ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi” adlandırmışdır.

İnstitutun yaradıcı heyəti son 15 il ərzində birbaşa Prezident İlham Əliyevin tariximizin taleyüklü problemləri ilə bağlı irəli sürdüyü təşəbbüslər, çağırışlar və dövlət başçısının konkret tapşırıqları əsasında fəaliyyət göstərmişdir.

Ölkə başçısı öz çıxışlarında, akademiyadakı görüşlərində, institut rəhbərliyinə verdiyi konkret tapşırıqlarda Tarix İnstitutu qarşısında başlıca olaraq aşağıdakı istiqamətlərdə tədqiqatlar aparılması vəzifəsini qoymuşdur:

- Tariximizin bütün dövrlərinin Heydər Əliyevin azərbaycançılıq məfkurəsi əsasında tədqiq olunaraq xalqımıza olduğu kimi çatdırılması;

- Azərbaycan tarix elminin ayrı-ayrı dövrlərdə məqsədyönlü surətdə həyata keçirilmiş saxtalaşdırmalardan və təhriflərdən təmizlənməsi;

- İlk növbədə Azərbaycanın qədim dövlətçilik tarixini əks etdirən "Azərbaycan Tarixi Atlası”nın yaradılması;

- Xarici ölkələrdə saxlanılan ilk mənbələrin, o cümlədən arxiv sənədlərinin ölkəyə gətirilməsi və bununla Azərbaycan tarix elminin ilk mənbə bazasının genişləndirilməsi;

- Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırımları və deportasiyalar tarixini Heydər Əliyevin müəyyən etdiyi konsepsiya istiqamətləri əsasında daha dərindən araşdıraraq 26 Bakı komissarının fəaliyyətinə düzgün elmi qiymət verilməsi və ölkəmizin müxtəlif bölgələrində həyata keçirilmiş soyqırımları barədə ayrı-ayrılıqda elmi-tədqiqat əsərlərinin yazılması və nəşr olunması;

- Erməni saxtakarlarının "Arsax”la (erməni saxtakarları sak türkləri ilə bağlı "Ərsak” terminini təhrif edərək və özününküləşdirərək "Arsax” kimi təqdim edirlər) bağlı cızmaqaralarını ifşa edən mükəmməl Qarabağ tarixinin yazılması və nəşr olunması;

- Ermənilərin Naxçıvanla və bu bölgəmizin tarixi abidələri ilə bağlı heç bir elmi əsası olmayan uydurmalarına qarşı ən qədim zamanlardan günümüzədək bütün dövrləri əhatə edən Naxçıvan tarixinin yazılması;

- Azərbaycanın itirilmiş torpaqlarının, o cümlədən İrəvan xanlığının tarixinin yazılması və milli tarixşünaslığımıza daxil edilməsi;

- Tarixi Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Zəngəzurun mükəmməl tarixinin yaradılması;

- Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair tədqiqatların genişləndirilməsi və ulu öndərin vəsiyyətinə uyğun olaraq Xalq Cümhuriyyətinin tarixini əks etdirən ensiklopedik nəşrin hazırlanması.

Ölkə başçısının tarix elmimizin inkişafı ilə bağlı yuxarıda göstərilən müdrik göstərişlərinin yerinə yetirilməsi mahiyyətcə xalqımızın hər cür saxtalaşdırmalardan və təhriflərdən təmizlənmiş gerçək tarixinə sahib çıxmasının təmin olunması demək idi. Tarix İnstitutu totalitar sovet rejiminin doğurduğu bütün meyillərdən uzaqlaşaraq ölkənin mühüm azərbaycançılıq mərkəzinə çevrilməli idi. Əlbəttə, bu, asan məsələ deyildi. Qarşıya qoyulmuş son dərəcə şərəfli və bir o qədər də çətin vəzifələrin öhdəsindən gəlmək üçün bir tərəfdən tariximizin bütün dövrləri və taleyüklü problemləri barədə bundan əvvəl yazılanlar saxtalaşdırmalardan təmizlənməli, digər tərəfdən isə müstəqil təfəkkürlə vətənin hər bir dövrünün, hər bir elmi probleminin yeni tarixi yazılmalı idi. Bu ağır problemlərin həlli zamanı, təbiidir ki, həm daxildə, həm də xaricdə saxta konsepsiyalar əsasında tarix yazanların və onların tərəfdarlarının müqaviməti ilə qarşılaşacağımız labüd idi...

Çətinliklərlə və maneələrlə dolu olan yeni yolu seçmək və bu yoldan keçmək, əlbəttə, asan olmur. Tarix İnstitutu Prezident İlham Əliyevin qətiyyətinə arxalanaraq tariximizi xalqa olduğu kimi çatdırmaq yolunu tutdu. İnstitutun elmi-tədqiqat planları tamamilə dəyişdirildi. Ölkə başçısını narahat edən bütün məsələlər elmi-tədqiqat planlarına daxil edildi. Müstəqillik təfəkkürü əsasında yeni mövzu toplusu yaradıldı. Fəlsəfə doktorluğu və elmlər doktorluğu dissertasiyalarının mövzuları yeniləşdirildi. Əsaslı struktur islahatları keçirildi.

Bir sözlə, institutun tarixində yeni dövr başlandı: ulu öndər Heydər Əliyevin ideyaları və Prezident İlham Əliyevin konkret göstərişləri əsasında Tarix İnstitutunun ölkənin mühüm azərbaycançılıq mərkəzinə çevrilməsi dövrü.

İlk uğur

Öz fəaliyyətində vacib dövlət tapşırıqlarını əsas tutan institut az vaxt içərisində mühüm uğurlar qazandı. İnstitut ilk uğurlarından birinə Ensiklopediyanın xüsusi "Azərbaycan” cildi hazırlanarkən imza atdı. 2004-cü ilin aprelində tələm-tələsik təqdimat mərasimi keçirilərkən dövlət başçısı bu cildi kəskin tənqid etmişdi.

Prezident Administrasiyasında dövlət başçısının rəhbərliyi ilə keçirilən müşavirədə bu sətirlərin müəllifi də söz alaraq tənqidi çıxış etmişdi. Bu müzakirədən sonra hazırlanan yeni variantda da tariximiz lazımınca əks etdirilməmişdi. Azərbaycanın ən qədim zamanlarından günümüzə qədər davam edən tarixinə cəmi 30 səhifəlik səthi material ayrılmışdı. İnstitutun təkidi ilə xüsusi "Azərbaycan” cildinə tariximizlə bağlı nəzərdə tutulmuş 30 səhifə əvəzinə 220 səhifəlik mükəmməl Azərbaycan tarixi oçerki əlavə olundu. İlk dəfə məhz həmin cildə 40-a qədər tarix xəritəsi daxil edildi. Xüsusi cild saxtalaşdırmalardan və təhriflərdən təmizləndi. Bu, Tarix İnstitutunun vətənimizin tarixi keçmişini müstəqillik dövrünün azad təfəkkürü ilə yenidən yazmaq yolunda atdığı ilk addım idi, daha doğrusu, ilk uğurumuz idi.

İlk "Azərbaycan Tarixi Atlası”

İnstitut Prezidentin tapşırığına əsasən növbəti mühüm uğuruna 2007-ci ildə imza atdı. Azərbaycanın dövlətçilik tarixinin bütün dövrlərini əhatə edən 55 xəritədən ibarət olan "Azərbaycan Tarixi Atlası”nı nəşr etdi. Bu, olduqca mühüm elmi nailiyyət idi. Çünki ermənilər sovet dövründə tarixi Azərbaycan torpaqlarını əhatə edən qondarma "Ermənistan dövləti”nin tarixinə dair dəfələrlə atlaslar buraxdıqları halda Azərbaycan tarixi atlasının nəşr olunmasına imkan verməmişdilər. Bu istiqamətdə edilən bütün cəhdlər nəticəsiz qalmışdı. Yeri gəlmişkən, ötən əsrin 60-cı illərində ilk Azərbaycan Ensiklopediyasının nəşrinə başlanılarkən Baş redaktor Rəsul Rzanın təşəbbüsü ilə bununla bağlı ilk addım atılmışdı. O zaman Ensiklopediyanın Azərbaycan tarixi redaksiyasının müdiri, sonralar isə elmi işlər üzrə baş redaktor müavini olan bu sətirlərin müəllifi Rəsul Rzanın yaxından köməyi ilə Kiyev Xəritə Fabrikində (bu müəssisə SSRİ-də ermənilərin təsiri altında olmayan yeganə xəritə fabriki idi) Azərbaycan tarixi xəritələrinin nəşrinə nail olmuşdu. Lakin Moskvadan və İrəvandan olan bədxahlarımız, habelə onların əlaltıları olan daxildəki dönüklərdən ibarət antiazərbaycan qüvvələri bu xəritələrin müstəqil "Azərbaycan Tarixi Atlası” halında nəşr olunmasına imkan verməmişdilər.

Bu baxımdan Prezident İlham Əliyevin yüksək dövlətçilik qayğısı sayəsində 2007-ci ildə ilk "Azərbaycan Tarixi Atlası”nın işıq üzü görməsi tarixi nailiyyət idi. Məhz bu elmi uğur nəticəsində 2014-cü ildə dövlət başçımızın xeyir-duası ilə işıq üzü görən "Azərbaycanın Milli Atlası”nın nəşri üçün çox gərəkli bir zəmin yaradılmış oldu. Milli atlasın ilk səhifələrinə Azərbaycan tarixinə dair 70 xəritə daxil edildi. Beləliklə, ölkəmizin qədim dövlətçilik tarixinin bütün mərhələləri xəritələrdə öz əksini tapdı. Ermənilərin saxta xəritələri Azərbaycan tarixşünaslığında Cənubi Qafqaz tarixinin elmi dövriyyəsindən çıxarıldı.

"Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi və onun icrası

Tarix İnstitutu Prezidentin qarşıya qoyduğu tarixi vəzifələri icra etmək üçün "Azərbaycan tarixi ilk mənbələrdə” layihəsini hazırladı və onun icrasına başladı. Moskva, Sankt-Peterburq, İstanbul, Ankara, Berlin, Paris, London, Dehli, Tiflis, Mahaçqala, Həştərxan və dünyanın digər elmi mərkəzlərindən Tarix İnstitutuna minlərlə arxiv sənədi gətirildi. Bu sənədlərin xeyli hissəsi artıq onlarla sənəd toplusu halında nəşr olunmuşdur. Həmin sənədlər və sənəd topluları içərisində tariximizin taleyüklü problemlərini əhatə edən xanlıqlar dövrü və ölkəmizin çar Rusiyası ilə Qacarlar İranı arasında bölüşdürülməsi ilə bağlı sənədlər xüsusi yer tutur. İnstitut bu sənədlərin Azərbaycana gətirilməsini daim diqqət mərkəzində saxlamışdır.

Bunun nəticəsidir ki, artıq xanlıqlar dövrünə, Azərbaycan torpaqlarının bölüşdürülməsi və qanlı Qafqaz müharibələrinə aid "Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri). I cild. Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivinin sənədləri”; "Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri). Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivinin sənədləri. II cild”; "Azərbaycan tarixi arxiv sənədlərində. XVIII əsr. Rusiya Federasiyası Dağıstan Respublikası Mərkəzi Dövlət Arxivinin sənədləri”; "Azərbaycan tarixi arxiv sənədlərində (XVI-XX əsrlər). I cild. Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivinin və Dağıstan Mərkəzi Dövlət Tarix Arxivinin sənədləri”; "Azərbaycan tarixi arxiv sənədlərində (XVI-XX əsrlər). II cild. Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivinin və Dağıstan Respublikası Elmlər Akademiyasının Əlyazmalar fondunun sənədləri”; "Rossiə i Azerbaydjanskie xanstva vo vtoroy polovine XVIII - naç. XIX vekov. Sbornik dokumentov), T. 1 (1751-1775 qq.)”; "Russkoəzıçnıe istoçniki po istorii Azerbaydjana pervoy polovinı XVIII veka T. II (1726-1750 qq.)”; "Russkoəzıçnıe istoçniki po istorii Azerbaydjana pervoy polovinı XVIII veka T. III (Prilojeniə)”; "Azerbaydjan v dokumentax qosudarstvennoqo arxiva Astraxanskoy oblasti (Sbornik dokumentov), T.2 (1734-1744 qq.)”; "Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrlər). I cild. Rusiya Dövlət Tarix Arxivinin sənədləri”; "Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri). II cild. Rusiya Dövlət Hərbi Tarix Arxivinin sənədləri” adlı onlarla sənəd toplusu və bu toplulara daxil edilmiş yüzlərlə sənəd əlimizdədir.

Son iki yüz ilin tarixi yenidən yazılır

Ölkəmizə gətirilmiş yuxarıda göstərilən nadir sənədlər əsasında ulu öndərin "Son iki yüz ilin tarixi yenidən yazılmalıdır” göstərişi əsas götürülərək geniş tədqiqat işlərinə başlandı. Təkcə tariximizin xanlıqlar dövrünə aid 50-yə yaxın monoqrafiya və müxtəlif xarakterli toplular nəşr olundu. Dövlət mükafatı laureatı, əməkdar elm xadimi T.T.Mustafazadənin qiymətli monoqrafiyaları və nəşr etdirdiyi sənəd topluları Azərbaycan xanlıqlarının tarixinə yeni elmi baxışın təşəkkülündə mühüm rol oynadı. İnstitutda aparılan tədqiqat işləri Azərbaycanın həm Şimal, həm də Cənub xanlıqlarının tarixini əhatə etdi. Xanlıqlar tarixinə fəlsəfə doktorluğu və elmlər doktorluğu dissertasiyaları həsr olundu.

İnstitut xanlıqlar dövrünün tarixinin araşdırılmasında da ən mühüm addımı Prezident İlham Əliyevin təşəbbüsü ilə atdı. Birbaşa Prezidentin qayğısı sayəsində "Qarabağ: real tarix, faktlar, sənədlər”, "Naxçıvan: tarixi və abidələri”, "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kimi fundamental tədqiqatlar işıq üzü gördü. Ermənilərin Cənubi Qafqazın aborigen etnosu olmadığı və Azərbaycana çar Rusiyası tərəfindən XIX əsrdə köçürülüb gətirildiyi sübuta yetirildi. Bununla sak türklərinin tarixi ilə bağlı Ərsak yer adını saxtalaşdıran erməni cızmaqaraları, qədim oğuz yurdu Naxçıvanla bağlı uydurmalar ifşa olundu. "İrəvan xanlığı” dünya dillərinə tərcümə olunub yayıldı.

Bütün bunlar dövlət başçısının qətiyyəti sayəsində tarix elminin qazandığı böyük uğurlardır. Dövlət başçısı bu mühüm elmi nailiyyətə görə özünün 25 may 2012-ci il tarixli sərəncamı ilə Tarix İnstitutunun 13 nəfər əməkdaşını (Y.M.Mahmudov, T.T.Mustafazadə, K.K.Şükürov, S.A.Məmmədov, G.C.Nəcəfli, G.N.Məmmədova, H.N.Həsənov, İ.S.Məmmədov, V.V.Umudlu, İ.M.Məmmədova, S.M.Hacıyeva, N.R.Gözəlova) Dövlət mükafatına layiq gördü.

"Dünyanı bəzəyən Abbasın tarixi”

2010-2014-cü illərdə institutun tarixində ilk dəfə olaraq XVI-XVII əsrin əvvəllərində yaşamış böyük Azərbaycan tarixçisi İsgəndər bəy Münşinin "Dünyanı bəzəyən Abbasın tarixi” adlı irihəcmli (159 ç.v.) əsəri farscadan tərcümə olunaraq öz dilimizdə oxuculara təqdim olundu. Bu qiymətli ilk mənbənin tərcümə olunması barədə qərar hələ 1996-cı ildə qəbul olunsa da, iş görülməyərək qalırdı. Odur ki, iki kitabdan ibarət olan 2544 səhifəlik ilk mənbənin dilimizə çevrilməsi ölkə başçısının qayğısı sayəsində qazanılmış böyük elmi uğurdur. Yeri gəlmişkən, bu qiymətli ilk mənbəni çevirən professor Şahin Fərzəliyev XVI əsrdə yaşamış digər böyük tarixçimiz Həsən bəy Rumlunun "Tarixlərin ən yaxşısı” əsərinin də farscadan dilimizə çevrilməsini başa çatdırmışdır və həmin mənbə indi çapa hazırlanır. Bu gün Tarix İnstitutunda "Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi uğurla davam etdirilməkdədir. Bununla belə, tarixçilərimiz artıq ölkəmizə gətirilmiş ilk mənbələr, o cümlədən arxiv sənədləri əsasında tariximizin bütün dövrlərinin təhriflərdən və saxtalaşdırmalardan təmizlənmiş gerçək mənzərəsini yarada bilərlər.

Soyqırımlarının tarixi: institutun qarşısına qoyulan ən mühüm vəzifələrdən biri

Azərbaycan xalqına qarşı soyqırımları tarixinin dərindən və hərtərəfli araşdırılması, 26 Bakı komissarı adlanan daşnak-bolşevik güruhunun antiazərbaycan fəaliyyətinə düzgün elmi qiymət verilməsi dövlət başçısının Tarix İnstitutu qarşısında qoyduğu ən mühüm vəzifələrdən biri idi.

Ulu öndər Heydər Əliyev özünün 18 dekabr 1997-ci il tarixli "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” və 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında” sərəncamları ilə bu istiqamətdə aparılacaq tarixi tədqiqatların konseptual əsasını müəyyən etmişdir. Dahi şəxsiyyət imzaladığı bu mühüm dövlət sənədləri ilə əslində Azərbaycan tarix elmini yeni yola - müstəqillik yoluna çıxarmışdır.

Prezident İlham Əliyev ulu öndərin Azərbaycan tarixi ilə bağlı müəyyən etdiyi konseptual elmi istiqaməti yaradıcılıqla daha da zənginləşdirdi və qətiyyətlə davam etdirdi. Bu baxımdan dövlət başçısının 26 Bakı komissarına, daha doğrusu, soyqırımı cəlladlarına məxsus məzarlığın şəhərin mərkəzindən - Sahil bağından ümumşəhər qəbiristanlığına köçürülməsi barədə göstərişi müstəqillik dövrü tariximizin çox mühüm hadisəsi kimi heç zaman yaddaşlardan silinməyəcəkdir. Prezident bu müdrik və cəsarətli addımı ilə hər şeydən əvvəl xalqımızı onun qanını tökən cəlladların "abidəsi” qarşısında səcdə etmək həqarətindən xilas etdi. Digər tərəfdən, cəsədlərin köçürülməsi prosesində məzarlıqda 26 deyil, 23 cəsədin qalığı olduğu aşkar edildi. Bu fakt sovet dövründə yazılmış tarix əsərlərinin nə qədər iyrənc saxtakarlıqlarla və təhriflərlə dolu olduğunu bariz şəkildə sübut etdi. Bu baxımdan soyqırımı cəlladlarının cəsədlərinin qalıqlarının ümumi qəbiristanlığa köçürülməsi Prezident İlham Əliyevin öz xalqı qarşısında, Azərbaycan tarix elmi qarşısında misilsiz tarixi xidmətidir.

Məlum məzarlıqda 26 deyil, 23 cəsədin qalıqlarının aşkar edilməsi Tarix İnstitutunda elmi şuranın müzakirəsinə çıxarıldı. Tədqiqatlar genişləndirildi. Dünyanın müxtəlif ölkələrindən yeni sənədlər gətirildi. Daşnak cəlladı Stepan Şaumyanın 26-larla bir sırada güllələnmədiyi, onun 26-ların güllələnməsindən sonra 10 gün ərzində Krasnovodsk həbsxanasında Anastas Mikoyanla birlikdə eyni kamerada yaşadığı, bundan sonra hər iki məhbusun müəmmalı şəraitdə "yoxa çıxdığı” sübut olundu. Azərbaycan tarix elmi sübuta yetirdi ki, Stepan Şaumyan bolşevik şineli geyinməsinə baxmayaraq, "Daşnaksütyun” partiyasının rəhbərlərindən biri, həmin partiyanın Bakı komitəsinin üzvü olmuşdur.

Tarix İnstitutu xalqımıza qarşı soyqırımları tarixini sistemli şəkildə araşdırmaq üçün ayrıca Soyqırımları tarixi elmi tədqiqat şöbəsi və xüsusi tədqiqat qrupu (Natiq Məmmədzadə, Güntəkin Nəcəfli, İlqar Niftəliyev, Kamran İsmayılov, Vaqif Abışov, Nigar Maksvell, Rəşad Rüstəmov) yaratdı. Respublika Prokurorluğu işə cəlb olundu. Nəticədə "Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı”. I cild; "Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı”. II cild, 1-ci kitab. Gəncə quberniyası; "Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı”. II cild, 2-ci kitab. İrəvan quberniyasında soyqırımı; "Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı. III cild. Xatirələr” kimi qiymətli sənəd topluları və ölkəmizin bütün bölgələrində həyata keçirilmiş soyqırımları tarixini əhatə edən aşağıdakı tədqiqat əsərləri nəşr olundu: "İstoriçeskie faktı o deəniəx armən na azerbaydjanskoy zemle”; "Historical facts of Armenians actions in Azerbaijan land”; "Qenoüid azerbaydjanskoqo naroda 1918 qoda: orqanizatorı i palaçi”; Abışov V.V. "Azərbaycanlıların soyqırımı (1917-1920-ci illər)”; "Vandalizm. Tarixi adlara qarşı soyqırımı”; Qafarov V. "A törtenelem veres, elfelejthetetlen pillanatai "Qenecıdium”; "Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları”; Nəcəfli G.C. "1917-1918-ci illərdə Urmiya bölgəsində azərbaycanlılara qarşı soyqırımı” "(ATASE-nin sənədləri əsasında)”; Nifteliev İ.V. "Qenoüid azerbaydjanüev v İrevanskoy qubernii (1918-1920)”; Nəcəfli G.C. "1918-1920-ci illərdə Şərqi Anadolu, Naxçıvan və İrəvan bölgəsində ermənilərin türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımı”; Gözəlova N.R. "Azərbaycan türk-müsəlman əhalisinin soyqırımı Britaniya kitabxanasının arxiv sənədlərində”; Mustafa N. "İrəvan quberniyasında azərbaycanlıların soyqırımı (1918-1920)”; Abışov V.V. "Bakıda 1918-ci il mart soyqırımı”; yenə onun "Şamaxı qəzasında Azərbaycan xalqına qarşı soyqırımı”; və "Quba qəzasında türk-müsəlman soyqırımı”; Məmmədzadə N. "Qenoüid azerbaydjanüev v Karabaxskom reqione Azerbaydjana (1918-1920)”; İsmayılov K.N. "Zəngəzurda Azərbaycan xalqına qarşı soyqırımı. (1918-1920)”; Əlibəyli H.C. "Birinci Dünya müharibəsi illərində Urmiyada türk-müsəlman əhalinin soyqırımı”; Mahmudov Y.M. "Qenoüid turko-musulmanskoqo naseleniə Azerbaydjana v 1918-1920 qodax”; yenə onun "Genocide of turkic-muslim population of Azerbaijan in 1918-1920” və s.

İnstitut xalqımıza qarşı soyqırımları ilə bağlı toplanmış faktiki material əsasında xarici ölkələrin görkəmli alimlərinin iştirakı ilə Bakıda, Şamaxıda, Gəncədə, Qubada, Lənkəranda, Qusarda 6 beynəlxalq soyqırımı konfransı keçirdi. Qusarda keçirilən Beynəlxalq soyqırımı konfransında dünya alimləri A.A.Bakıxanov adına Tarix İnstitutunun Deportasiyalar və Soyqırımları Problemi üzrə Dünya Tarixçilərinin Əlaqələndirmə Mərkəzinin təsdiq olunması barədə qərar qəbul etdilər. Bütün bu soyqırımı konfranslarına ölkəmizin başçısı müraciətlər ünvanladı, Prezident Administrasiyasının məsul əməkdaşları bu müraciətləri səsləndirdi.

Yeri gəlmişkən, xalqımıza qarşı soyqırımları tarixinə dair yeni-yeni faktlar aşkar olunduqca Tarix İnstitutunu "tarixi siyasiləşdirməkdə” qınayanlar da tapıldı. Belələrinin cavabını yenə Prezidentimiz verdi: soyqırımları tarixinin dövlət səviyyəsində araşdırılması qərara alındı. Akademiyanın prezidenti akademik A.A.Əlizadə soyqırımlarını araşdıran komissiyanın sədri, vitse-prezident akademik İsa Həbibbəyli isə onun müavini təsdiq olundu.

Tarix İnstitutu xalqımıza qarşı həyata keçirilmiş soyqırımları tarixini araşdırmaqda davam edir. Bu yolu ulu öndər başlamışdır. Bu yolu böyük cəsarət və müdrikliklə Prezident İlham Əliyev davam etdirir. Tarixçilər isə onlara verilmiş dövlət tapşırığını yerinə yetirərək və qarşılarına çıxan bütün maneələri dəf edərək bu yolla irəliləməyi özlərinə şərəf borcu hesab edirlər.

Cümhuriyyət tarixi institutun əsas tədqiqat istiqamətlərindən biridir

İnstitutda ayrıca "Azərbaycan Xalq Cümhuriyyətinin tarixi” şöbəsi fəaliyyət göstərir. Bütün Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin hərtərəfli və dərindən araşdırılması üçün mühüm işlər görülmüşdür. Şöbə rəhbəri Nigar Maksvelin tərtib etdiyi "Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Böyük Britaniyanın arxiv sənədlərində” (Azərbaycan və rus dillərində). Bakı, 2008-2011, sənədlər toplusu, "Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Hindistan Milli Arxivinin sənədlərində” sənədlər və materiallar toplusu, şöbə əməkdaşlarının nəşr etdirdikləri monoqrafik tədqiqatlar ("Qenoüid azerbaydjanskoqo naroda 1918 qoda: orqanizatorı i palaçi”; R.H.Rüstəmov, Ş.F.Rəhmanzadə, Ə.F.Məmmədov, İ.H.Əliyeva. "Azərbaycan Xalq Cümhuriyyəti Xadimlərinin dövlətçilik fəaliyyətinin Tiflis dövrü” (Azərbaycan, rus və gürcü dillərində); R.Bayramova. "Azərbaycanın Quba bölgəsi tarixin dönüş mərhələsində (1917-1920-ci illər)” cümhuriyyət tarixinə həsr olunmuş mühüm əsərlərdir. Ulu öndərin vəsiyyətinə əsasən Prezident İlham Əliyevin nəşr etdirdiyi ikicildlik "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” (baş redaktoru Yaqub Mahmudov) cümhuriyyət tariximizə çox mühüm töhfədir. 2018-ci ili ölkədə "Cümhuriyyət ili” elan etmiş ölkə rəhbəri Azərbaycan Xalq Cümhuriyyəti tarixinin araşdırılmasını daim diqqət mərkəzində saxlayır. 2018-ci il sentyabrın 15-də ölkə başçımızın təşəbbüsü və qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakının Qafqaz İslam Ordusu və Azərbaycan Milli Ordusu tərəfindən daşnak-bolşevik dəstələrindən azad olunmasının 100 illiyinin təntənəli hərbi paradla qeyd olunması tarixi keçmişimizin bugünkü və gələcək nəsillərə olduğu kimi çatdırılması işinə dövlət qayğısının parlaq nümunəsidir.

İnstitutda cümhuriyyət tarixinin yeni səhifələrinin aşkar olunması üzərində tədqiqatlar davam etdirilir. Hazırda Britaniya arxivlərində cümhuriyyət tarixinə dair yeni arxiv sənədlərinin toplanması işi uğurla davam etdirilir.

Xalqın öz tarixinə sahib çıxması ölkə başçısının böyük uğurudur

Prezident İlham Əliyev dünyada böyük maraq doğuran inkişafın yeni Azərbaycan modelinin müəllifidir. Bu modelin tərkib hissələrindən biri milli-mənəvi dirçəliş və xalqın öz tarixinə sahib çıxmasıdır. Bu baxımdan son 15 il ərzində A.A.Bakıxanov adına Tarix İnstitutunda 500-ə yaxın tədqiqat əsərinin və sənəd toplularının nəşri Prezident İlham Əliyevin Azərbaycan tarix elminə göstərdiyi gündəlik dövlət qayğısının ən bariz nümunəsidir.

İnstitutda nəşr olunan əsərlər, demək olar ki, tarix elmimizin bütün dövrlərini və ən mühüm taleyüklü problemlərini əhatə edir. Belə ki, qədim dövrə aid nəşr olunan əsərlər içərisində S.Qaşqay. "Qədim Azərbaycan tarixi mixi yazılı mənbələrdə”; S.Qaşqay. "Ön Asiyada miqrasiya proseslərinə dair”; F.K.Aliyeva. "Kultura antiçnoqo Azerbaydjana - Midiyskoy Atropatenı i Kavkazskoy Albanii (IV v. do n.g. - III v. n.g.)”; F.Osmanov. "İstoriya i kultura Kavkazskoy Albanii”; A.N.Əlimirzəyev. "Erkən Elam cəmiyyəti: siyasi-iqtisadi münasibətlər və yazı tarixi (e.ə. IV-III minilliklər)”; A.Alekperov. "Turki Azerbaydjana”; R.Məlikov. "Qədim fars kitabələri (transliterasiya, tərcümə, qlossari)”; "Azərbaycanın qədim tarixi yazılı mənbələrdə”; Y.M.Mahmudov. "Real tarix və "böyük Ermənistan” uydurması” (Azərbaycan, rus, ingilis, ispan, ərəb, fransız, gürcü dillərində) kimi qiymətli tədqiqatlar xüsusi yer tutur.

İnstitutun ən mühüm şöbələrindən biri olan Orta əsrlər tarixi şöbəsində elmi araşdırmalara konseptual baxış əsaslı surətdə dəyişdirilmişdir. Əvvəllər yasaq olan mövzuların araşdırılması indi diqqət mərkəzində saxlanılır. Müxtəlif xarici dillərdə nəşr olunmuş ilk mənbələrin, əsərlərin araşdırılması və təhlil olunması şöbə əməkdaşlarının əsas tədqiqat istiqamətlərindən birinə çevrilmişdir. Son illərdə nəşr olunmuş əsərlər (R.Ə.Ağayev. "Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin qarşılıqlı münasibətləri (XV-XVII əsrlər)”; F.A. Quseyn. "Osmano - Sefevidskaə voyna 1578-1590”; "Venesiyalılar Şah I Təhmasibin sarayında”; Y.M.Mahmudov. "Azərbaycan diplomatiyası” (Azərbaycan, rus, ingilis, italyan və türk dillərində); Y.M.Mahmudov. "Azerbaijan diplomacy in the second half of the XV - the begenning of the XVII centuries”; Y.M. Mahmudov. "Azerbaijan - Evrope diplomatic relations”; V.Z.Piriyev. "Zəki Vəlidi Toğan. Azərbaycanın tarixi coğrafiyası”; Y.M.Mahmudov. "Azərbaycanın Avropa ölkələri ilə əlaqələri”; Y.M.Mahmudov, K.K.Şükürov. "Naxçıvan: tarixi və abidələri”; Ş.Hacıəli. "Şimal-Qərbi Azərbaycan: ingiloylar”; Y.M.Mahmudov. "Azərbaycan tarixi (erkən intibah dövrü)” (Azərbaycan, ingilis dillərində); Y.M.Mahmudov. "Azərbaycanlılar” (Azərbaycan, ingilis və rus dillərində); Y.M.Mahmudov. "Səyyahlar, kəşflər və Azərbaycan”; Y.M. Mahmudov, Kərim Şükürov. "Azərbaycan beynəlxalq münasibətlər və diplomatiya tarixi 1639-1828”; Q.Cəbiyev. "Girdiman tarixi”; T.Məmmədov. "Qafqaz Albaniyası ilk orta əsrlərdə”; Q.Ə. Hacıyev. "Bərdə şəhəri. Coğrafi, siyasi və mədəni tarixi”; X.S.Qasımov. "Orta əsrlərdə Azərbaycan mədəniyyəti”; Q.Ə.Hacıyev. "Qarabağın maddi və mənəvi mədəniyyəti” (Azərbaycan, ingilis və fransız dillərində); G.Latifova. "İlisuyskoe sultanstvo”; Mehmet Saray. "Quzey və Güney Azərbaycan türklərinin tarixi”; Ş.Məmmədli. "XVII-XVIII əsrlərdə Azərbaycan-Hindistan ticarət əlaqələri”; Ə.S.Quliyev. "XVI əsrin ortalarında Azərbaycan Səfəvilər dövlətinin ictimai-siyasi vəziyyəti (Mikel Membrenin "Səyahətnamə”si əsasında)”; Y.Gözəlova. "Orta əsrlərdə Avrasiyanın ticarət əlaqələri”; T.H.Nəcəfli. "Qaraqoyunlular və Ağqoyunlular” (fars dilində); T.H.Nəcəfli. "Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri”; T.H.Nəcəfli. "Səfəvi-Osmanlı münasibətləri”; N.A.Əliyeva. "Əs-Səmaninin "Kitab əl-əriasib” əsəri Azərbaycan mədəniyyət tarixinin öyrənilməsində mənbə kimi”; D.M.Əzimli. "Azərbaycanın Qərbi Avropa ölkələri ilə ticarət əlaqələri və Türkiyə (XV əsrin II yarısı - XVII əsrin I yarısı)”; A.Məmmədli. "Azərbaycanın şimal-qərb bölgəsinin tarixi abidələri”; A.Məmmədli. "Haylada unudulan tariximiz və dambur”; N.A.Əliyeva. "İbn Makula və Azərbaycan”; N.A.Əliyeva. "Azərbaycan ziyalılarının elmi əlaqələri və tədris fəaliyyəti”; N.V.Mamedova. "Vzaimootnoşenye Azerbaydjanskoqo qosudarstva Sefevidov s Osmanskoy imperiey v naçale XVI veka vo fransuzskoy istorioqrafii”; N.F.Axundova. "Azerbaydjanskie qosudarstva v XV-XVI vekax”; M.Şərifli. "IX əsrin ikinci yarısı-XI əsrlərdə Azərbaycan feodal dövlətləri”; N.F.Axundova. "Ob istorii Azerbaydjanskix qosudarstv Karakoönlu i Akkoönlu. Vıderjki iz "Kembridjskoy istorii İrana” Turkmenskie dinastii. Perevod s anqliyskoqo Narqiz Axundovoy”; N.F.Axundova. "Ob istoriçeskix soprikosnoveniəx Azerbaydjanskoy i Kitayskoy kultur”; S.Rəhimova. "Dərbənd şəhərinin tarixindən”; Ş.F.Ferzelibeyli. "Azerbaycan ve Osmanlı İmeparatorluğu (XV-XVI. Yüzyıllar)”; R.Ağayev. "Ərəb Xilafəti dövründə Azərbaycan əhalisi”; N.F.Axundova. "Razvitie sufizma v Azerbaydjane: Vozvışenie Şeyxa Sefi ad-Dina İsxaka Ardebili v epoxu İlğxanata (na osnove svedeniy zapadnoy istorioqrafii)”; L.R.Kafar-zade. "Voprosı rannesrednevekovoy istorii Azerbaydjana v anqloəzıçnoy istorioqrafii”)Azərbaycan orta əsrşünaslığının həm mühüm uğurları, həm də tariximizə müstəqillik təfəkkürü ilə yanaşmaq nümunəsidir.

XIX yüzilliyin əvvəllərində Azərbaycan iki imperiya arasında bölüşdürüldükdən və ölkəmizin şimal torpaqlarına - İrəvan-Göyçə, Zəngəzur ellərinə və Qarabağa ermənilər köçürüldükdən sonra tariximiz daha çox saxtalaşdırmalara və təhriflərə məruz qalmışdır. Buna görə də yeni və müasir dövr tariximiz, demək olar ki, yenidən yazılır. Tariximizin bu dövrlərindən bəhs edən əsərlər institutun ən mühüm uğurlarından sayıla bilər. Bu sıradan "Qarabaq. Körekçayskiy doqovor - 2005”; V.V.Umudlu. "Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalı və müstəmləkəçilik əleyhinə mübarizə (1801-1828)”; N.R.Məmmədov. "Azərbaycanın Şuşa qəzası (1900-1917-ci illər)”; F.Abbasov. "Qarabaqskoe xanstvo”; Z.Hacıyeva. "Qarabağ xanlığı: sosial-iqtisadi münasibətlər və dövlət quruluşu”; İ.M.Məmmədova. "Lənkəran xanlığı I Rusiya-İran müharibəsi dövründə”; Q.Dj.Nadjafli. "Azerbaydjan v XVIII-XIX vekax”; E.T.Babayev. "Gəncə xanlığının tarixindən”; Y.M.Mahmudov və Camal Mustafayev. "Şuşa-Pənahabad”; T.T.Mustafazadə. "Qarabağ xanlığı”; T.T.Mustafazade. "Karabağ hanlığı”; N.R.Məmmədov. "Azərbaycan Xankəndi şəhərinin tarixi”; G.C.Nəcəfli. "XVIII əsrdə Azərbaycan ərazisində erməni dövləti yaradılması cəhdləri”; G.C.Necefli. "XVIII yüzyılda Azerbaycanda ermeni devleti yaratmaq teşebbüsleri”; "Qubadlı: Azərbaycan torpağı Zəngəzurun qapısı”; "Gubadly: The ancient Azerbaijani land Zangazur's gateway”; "Qubadlı: vorota drevney Azerbaydjanskoy zemli Zanqezur”; T.T.Mustafazadə. "XVIII əsrin II yarısı - XIX əsrin əvvəllərində Azərbaycan-Rusiya münasibətləri”; Q.N.Qasanov. "İz istorii severo Azerbaydjanskoy derevni v konüe XIX - naçale XX vv.”; S.Mustafaeva. "İz istorii vzaimosvyazey narodov Azerbaydjana i Turkestana v borbe protiv qneta Rossiyskoy imperii”; R.Y.Niftəliyev. "XIX əsrin ikinci yarısında Azərbaycan kəndlilərinin azadlıq hərəkatı”; İ.M.Məmmədova. "Lənkəran xanlığı I Rusiya-İran müharibəsi dövründə”; H.Nərimanoğlu. "Zəngəzur: köç, deportasiya, soyqırımı, işğal tarixi”; Q.Raqimli. "Azer-baydjanskie xanstva v diplomatiçeskix otnoşeniyax Turüii, Rossii i İrana (vo vtoroy polovine XVIII - naçale XIX veka)” kimi tədqiqat əsərləri xüsusilə diqqəti cəlb edir.

Dövlət başçımız 9 noyabr 2015-ci il tarixdə Akademiyada çıxış edərkən tarixçilərin əməyinə yenidən yüksək qiymət verdi və müstəqilliyimizin 25-ci ildönümü münasibəti ilə Azərbaycan Respublikasının tarixinə dair ümumiləşdirilmiş bir tədqiqat əsərinin yazılması barədə təşəbbüs irəli sürdü. Prezidentin bu çıxışından sonra institutun elmi kollektivi səfərbərliyə alındı. Və ölkə başçısının müəyyən etdiyi vaxtda iki cild, beş kitabdan ibarət olan "Azərbaycan Respublikasının tarixi” işıq üzü gördü. 145 ç.v. və 2316 səhifədən ibarət olan bu fundamental nəşrin 1-ci cildi ulu öndərin, 2-ci cildi isə Prezident İlham Əliyevin ölkəmizə başçılıq etdiyi dövrlərə həsr olunmuşdur.

Kadr hazırlığı

İnstitutda tarix elminin gələcəyi nəzərə alınaraq yüksəkixtisaslı kadrlar hazırlanmasına xüsusi diqqət yetirilir. Dissertasiya şurasının fəaliyyəti diqqət mərkəzində saxlanılır. Şimali Azərbaycanın sovet dövrü tarixi yenidən yazılır. İtirilmiş torpaqlarımızın tarixi, qonşu xalqlarla tarixi əlaqələrimiz başlıca tədqiqat mövzularıdır. Bu baxımdan elmlər doktoru elmi dərəcəsi almaq üçün Güntəkin Nəcəflinin tədqiq etdiyi "Çar Rusiyasının Şimali Azərbaycanda erməni dövləti yaratmaq siyasəti (XVIII-XIX əsrin əvvəli)”, Cəbi Bəhramovun "Xəzər dənizinin Azərbaycan sektorunda neft hasilatı, neftçıxarma sənayesinin yaranması və inkişafı tarixi (XX əsrin II yarısı - XXI əsrin əvvəlləri)”, İradə Əliyevanın "Rusiya imperiyasının Şimali Azərbaycanda xristianlaşdırma siyasəti (XIX-XX əsrin əvvəlləri)”, İlqar Niftəliyevin "Azərbaycan SSR-də milli məsələ və kadr siyasəti (XX əsrin 20-30-cu illəri)”, Vaqif Abışovun "Şimali Azərbaycanda sovet hakimiyyətinin qurulmasının tarixşünaslığı”, Aslan Xəlilovun "Azərbaycan SSR-də sovet nomenklaturası: hakimiyyətdaxili mübarizə (XX əsrin 20-30-cu illəri”, Firdovsiyyə Əhmədovanın "Mərkəzi sovet hökumətinin Azərbaycana dair siyasəti (XX əsrin 20-30-cu illəri)”, Kamran İsmayılovun "Cümhuriyyət dövründə Azərbaycan bölgələrində ictimai-siyasi proseslər (1918-1920-ci illər)”, Ramil Ağayevin "Ərəb Xilafəti dövründə Azərbaycan əhalisinin etnik və sosial tərkibi (VII-IX əsrlər)”, Vasif Qafarovun "I Dünya müharibəsi illərində Osmanlı imperiyasının Azərbaycan siyasəti” və digər mövzuların araşdırılması təqdirəlayiqdir. Alimlərimiz "Şimal-Qərbi Azərbaycan” (İradə Bağırova, Elvira Lətifova, Arzu Məmmədova, Şamil Rəhmanzadə, Şirinbəy Əliyev), "Azərbaycan-Gürcüstan münasibətlərində ərazi məsələləri” (Şamil Rəhmanzadə), "İngiloylar” (Şirinbəy Əliyev), "İlisu sultanlığı” (Elvira Lətifova), "Car-Balakən camaatlığı” (Arzu Məmmədova), "Göynük hərəkatı” (Ənvər Məmmədov), "Dərbənd XIX-XX əsrin əvvəllərində” (Asəf Hacıyev), "Azərbaycan və Şimali Qafqaz xalqlarının qarşılıqlı əlaqələri” (Sevinc Əliyeva), "Tiflis quberniyasında azərbaycanlılara qarşı 1905-ci il kütləvi qırğınları” (Fəxri Valehoğlu), "Dağlıq Qarabağ gerçəklikləri, soyqırımı, terror, deportasiya, işğal” (Nazim Məmmədov), "Azərbaycan SSR ermənilərin ekspansionist planlarında” (İlqar Niftəliyev), "Əsrin müqaviləsi: Azərbaycan neft strategiyasının təməl daşı” (Ərəstun Mehdiyev), "Azərbaycan dövlətçiliyi tarixində gömrük işi” (Röfət Quliyev), "Azərbaycan Milli Elmlər Akademiyasının yaranması” (Tamella Qocayeva), "XX əsrdə Azərbaycan xalqına qarşı erməni terroru” (Mehriban Əliyeva), "Qafqazın Alman əhalisi” (İkram Ağasiyev), "Rusiyada Azərbaycan diasporu: yaranması və inkişaf meyilləri” (Məryəm Seyidbəyli) kimi qiymətli tədqiqatları ilə tarix elmimizi yeni faktlar və elmi nəticələrlə zənginləşdirdilər.

Tariximizin ən prinsipial və taleyüklü problemlərinin araşdırılmasında istiqamətverici rol oynaması və dövlətçilik mövqeyinin əks olunması baxımından akademik Ramiz Mehdiyevin ayrı-ayrı illərdə nəşr etdirdiyi "Azərbaycanlıların soyqırımı gerçəklikləri”, "Gorus-2010: absurd teatrı mövsümü”, "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi”, "Dağlıq Qarabağ - məxəzlərdən oxunmuş tarix”, "Şah İsmayıl Səfəvi: hökmdar və döyüşçünün portreti”, "Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (XVII əsr-XVIII əsrin ilk dörddəbiri)” "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kimi qiymətli əsərləri tarix elmimizin inkişafına mühüm təkan verdi.

Tarix elmləri doktoru, professor Ə.M.Həsənovun müstəqil Azərbaycanın xarici siyasət tarixinə həsr olunmuş qiymətli tədqiqatları ("Azərbaycan Respublikasının Milli İnkişaf və Təhlükəsizlik siyasəti”, "Müasir Beynəlxalq Münasibətlər və Azərbaycanın xarici siyasəti”, "Azərbaycanın geosiyasəti” və "Geosiyasət”, "Azərbaycan Respublikasının Milli İnkişaf və Təhlükəsizlik siyasətinin əsasları”, "Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti”) institutda fəaliyyət göstərən "Beynəlxalq münasibətlər tarixi”, "Ümumi tarix”, "Azərbaycan Respublikasının tarixi” və digər elmi tədqiqat şöbələrində çalışan alimlərin axtarışlarında istiqamətverici və metodoloji əsas rolunu oynayır, nəşr olunan əsərlərin keyfiyyətinə müsbət təsir göstərir.

Ölkə başçısının tapşırıqlarını yerinə yetirmək və bununla Tarix İnstitutunu mühüm Azərbaycançılıq mərkəzinə çevirmək üçün geniş struktur islahatları həyata keçirilmişdir. Bu islahatlar akademiyada həyata keçirilən geniş islahatlar proqramı çərçivəsində gerçəkləşdirilir.

Bu gün tarix institutunda aparılan tədqiqatlar ənənəvi strukturdan əsaslı surətdə fərqlənən yeni struktur çərçivəsində həyata keçirilir. Bu baxımdan yeni yaradılan "Əliyevşünaslıq”, "Azərbaycan Xalq Cümhuriyyəti tarixi”, "Beynəlxalq münasibətlər tarixi”, "Azərbaycan-Rusiya əlaqələri tarixi”, "Azərbaycan xalqına qarşı soyqırımları tarixi”, "Azərbaycanın tarixi demoqrafiyası”, "Sənətkarlıq tarixi”, "Mədəniyyət tarixi”, "Azərbaycan Respublikası tarixi” elmi tədqiqat şöbələrində aparılan araşdırmalar tariximizin bütün dövrlərini daha dolğun, daha ərtaflı və olduğu kimi işıqlandırmaq imkanı yaradır.

İnstitutda 2004-cü ilədək ulu öndərin dövlətçilik fəaliyyəti elmi tədqiqat planlarından kənarda qalsa da yeni yaradılmış "Əliyevşünaslıq” şöbəsi xətti ilə son illər ərzində nəşr olunmuş ikicildlik "Heydər Əliyev” fundamental araşdırması, ikicildlik "Heydər Əliyev Azərbaycan elminin keşiyində” sənədlər toplusu, Yaqub Mahmudov. "Heydər Əliyev ideyalarının zəfər yürüşü”, Əkub Maxmudov. "Peremojniyxıv idey Qeydara Alieva”; Ədalət Qasımov. "Heydər Əliyevin inkişaf strategiyası və Naxçıvan Muxtar Respublikası”; Ədalət Qasımov. "Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının inkişaf tarixi”; Leyla Hüseynova. "Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri” monoqrafiyaları təkcə Tarix İnstitutunun deyil, bütövlükdə akademiyanın, Azərbaycan elminin böyük uğuru sayıla bilər.

Bizim təşəbbüsümüz ilə Azərbaycan Televiziyasının "Azərbaycan Telefilm” yaradıcılıq birliyində ulu öndərə həsr olunmuş "Dahi Azərbaycanlı”, Prezident İlham Əliyevə həsr olunmuş "Tariximizin keşiyində”, "Şuşa-Pənahabad”, "İrəvan xanlığı”, "Sürgün” tarixi-sənədli televiziya filmləri, həmçinin Azərbaycan, rus və ingilis dillərində "İrəvan: gizlədilmiş həqiqətlər”, "Zəngəzur”, "Qarabağ: əcdadlarımızın mirası” sənədli filmləri Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin və AMEA Tarix İnstitutunun birgə əməkdaşlığı çərçivəsində ərsəyə gəlmişdir.

Tarix İnstitutunda son illərdə "Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi uğurla həyata keçirilməkdədir. Bu layihə çərçivəsində Bakı şəhərinin müxtəlif lisey və orta məktəblərində və Şəki şəhərində "Heydər Əliyev”, "Həsən Padşah”, "Şah İsmayıl Səfəvi”, "Şah Təhmasib Səfəvi”, "Şah Abbas Səfəvi”, "Nadir şah Əfşar”, "Ağa Məhəmməd şah Qacar”, "Vətən qeyrətli qadın hökmdarımız - Tomris”, "Hacı Çələbi xan” mövzularında elmi-praktik konfranslar keçirilmişdir. Bu konfransların gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında rolu əvəzsizdir.

2014-cü il iyul ayının 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan diplomatları qarşısında çıxışı zamanı demişdir: "Bilirsiniz ki, alimlərimiz mənim təşəbbüsümlə İrəvan xanlığı haqqında böyük elmi əsər yaratmışlar. Bunun çox böyük əhəmiyyəti vardır. Ancaq bu əsər daha çox faktoloji və elmi məsələləri əks etdirir. Hesab edirəm ki, daha geniş auditoriyaya çatdırmaq üçün kiçikhəcmli broşürlər də buraxılmalıdır”. Ölkə başçısının həmin çağırışına cavab olaraq Tarix İnstitutu aşağıdakı yeni broşürləri nəşr etdirmişdir: Akademik Yaqub Mahmudovun elmi redaktorluğu ilə G.C.Nəcəfli. "İrəvan qalası - qəhrəmanlıq qalası” (Azərbaycan, ingilis, rus, erməni və fars dillərində); G.C.Nəcəfli. "Cuxursəd hakimləri və İrəvan xanları” (Azərbaycan, ingilis, rus, erməni və fars dillərində); N.Mustafa. "Erməni vandallarının yox etdiyi İrəvan məscidləri” (Azərbaycan, ingilis, rus, erməni və fars dillərində); N.Mustafa. "Erməni vandallarının yox etdiyi Xan sarayı” (Azərbaycan, ingilis, rus, erməni və fars dillərində); G.C.Nəcəfli. "İrəvan xanlığının paytaxtı - İrəvan şəhəri” (Azərbaycan və rus dillərində); G.C.Nəcəfli. "Erməni vandallarının yox etdiyi İrəvan qalaları” (Azərbaycan və rus dillərində); G.C.Nəcəfli. "İrəvan xanlığının mahalları” (Azərbaycan və rus dillərində); İ.M.Məmmədova. "İrəvan xanlığının əhalisi” (Azərbaycan və rus dillərində).

Prezident İlham Əliyev 9 noyabr 2015-ci ildə AMEA-nın 70 illik yubileyi ilə bağlı tədbirdə çıxışı zamanı son illərdə Tarix İnstitutunda aparılan elmi tədqiqatları yüksək qiymətləndirmişdir: "Azərbaycanın çox zəngin tarixi vardır. Azərbaycan alimləri də, Azərbaycan ictimaiyyəti də bunu yaxşı bilirlər. Biz öz tariximizi, bu reallıqları dünya miqyasında daha da dolğun təqdim etməliyik. Nəyə görə? İlk növbədə, bizi tanısınlar, görsünlər ki, nə qədər zəngin tariximiz var. Digər tərəfdən, bizə qarşı təxribatlar aparılır. Yəni Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək bəzi hallarda buna nail olurlar. "Erməni alimləri” xüsusilə regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar dərc edirlər, təqdimatlar keçirirlər. Əlbəttə ki, bizim tariximiz bizim böyük sərvətimizdir. Bizim tariximiz onu göstərir ki, azərbaycanlılar bu torpaqda əsrlər boyu yaşamışlar. Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində yerləşən kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir. Budur reallıq. İrəvan xanlığının əhalisinin 70-80 faizi azərbaycanlılar olubdur. Çox şadam ki, mənim tövsiyəmlə İrəvan xanlığı haqqında çox sanballı elmi əsər yaradılıb, bir neçə xarici dilə tərcümə edilibdir. Bu əsərlər faktlar, həqiqətlər üzərində yaradılır”.

Ölkə başçısı Tarix İnstitutunun fəaliyyətinə yüksək qiymət verməklə yanaşı, həm də tarixçilər qarşısına uzun müddət üçün proqram xarakterli vəzifələr qoymuşdur. Hazırda institut öz fəaliyyətində Prezidentin tövsiyə, çağırış və tapşırıqlarını əsas tutaraq tariximizi xalqımıza olduğu kimi təqdim etmək üçün geniş axtarışlar aparmaqda davam edir.
 

Yaqub MAHMUDOV,

AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı

Mənbələr:

Paylaş: