AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutu erməni yalanlarına qarşı ciddi tədbirlər görür

28.10.2017 22:09

Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın iclasında ermənilərin törətdiyi soyqırımları zamanı Azərbaycanın məruz qaldığı itki və tələfatların hesablanıb vahid bir rəqəmə gətirilməsi ilə bağlı müzakirələr aparılıb.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, institutda aparılan elmi tədqiqatların mühüm istiqamətlərindən biri xalqımıza qarşı ermənilərin həyata keçirdiyi soyqırımlar tarixinin tədqiqidir: "Son illər institutda ermənilərin türk-müsəlman əhaliyə və digər xalqlara qarşı Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, İrəvanda, Naxçıvanda, Urmiya gölü ətrafında, Şərqi Anadoluda həyata keçirdikləri soyqırımlarını sübut edən dəyərli tədqiqatlar aparılmış, çoxsaylı fundamental əsərlər, monoqrafiyalar və sənəd topluları işıq üzü görüb”. 

Bununla bağlı Elmi Şuranın əvvəlki iclaslarında müvafiq məsələ müzakirə olunub və konkret tədbirlər planı təsdiq edilib.

Elmi Şuranın iyunun 2-də keçirilən iclasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya tarixçi-alim Vasif Qafarovun soyqırımları zamanı Azərbaycanın məruz qaldığı itki və tələfatların vahid bir rəqəm halına gətirilməsi ilə bağlı müraciəti geniş müzakirə olunub.

Yaqub Mahmudov qeyd edib ki, ermənilər onlara qarşı qondarma "soyqırımları” ilə bağlı saxta rəqəmlər uyduraraq bunu bütün dünyaya sırıyırlar: "Prezident İlham Əliyevin sərəncamına əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd ediləcək. Bu sərəncam tarixçi-alimlər qarşısında ciddi vəzifələr qoyur. Həm prezidentin sərəncamını, həm də I vitse-prezident Mehriban xanım Əliyevaya ünvanlanmış müraciəti əsas götürərək, tarixçi-alimlərimiz ciddi tədqiqatlara başlamalıdırlar”.

İclasda Vasif Qafarova tapşırılıb ki, itkilərlə bağlı tədbirlər planı hazırlasın və 1 həftəyə Elmi Şuranın təsdiqinə versin.

Həmçinin qeyd olunub ki, soyqırım zamanı Azərbaycanın məruz qaldığı itkilərin dəqiqləşdirilməsi həm soyqırım tariximizin araşdırılmasına xidmət edəcək, həm də erməni yalanlarına qarşı tutarlı bir silah rolunu oynayacaq.

Yaqub Mahmudov sonda bildirib ki, bu gün ən ümdə məqsəd əl-ələ verib Vətənə xidmət etməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridir.

Paylaş: