AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutu Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq edəcək

04.07.2019 18:16

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq edəcək.

Bu barədə Elmi Şuranın iclasında razılığa gəlinib.

İnstitutun direktoru, akademik Yaqub Mahmudov deyib ki, Azərbaycan dünya səviyyəli turizm mərkəzinə çevrilir: “Ölkəmizə böyük turist axını var. Tarix İnstitutu Dövlət Turizm Agentliyi ilə Azərbaycan tarixi ilə bağlı məlumatların turistlər arasında doğru-düzgün yayılması istiqamətində sıx əməkdaşlıq edəcək”.

Elmi Şuranın iclasında Agentliyin əməkdaşı Elşən Mustafayevin məruzəsi dinlənilib. O bildirib ki, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah” Dövlət Tarix-Memarlıq, “Basqal” Dövlət Tarix-Mədəniyyət, “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya, “Lahıc” Dövlət Tarix-Mədəniyyət, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq (Şəki şəhəri “Karvansaray” Mehmanxana Kompleksi daxil olmaqla) və “Kiş” Tarix-Memarlıq qoruqları Dövlət Turizm Agentliyinin tabeliyindədir: “Hazırda Agentlik AMEA və onun institutları ilə əməkdaşlıq məsələlərini müzakirə edir”.

İclasda, həmçinin tariximizlə bağlı məlumatları özündə əks etdirən broşürlərin hazırlanması da müzakirə edilib. Bildirilib ki, bu işdə tarixçi alimlər Agentliyə yaxından kömək edəcəklər.

Paylaş: