AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Akademik: Vətənimizin müstəqilliyə gələn yolunu hələ o zaman Heydər Əliyev başlatmışdı

15.07.2019 12:38

Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün əzəmətli quruculuq işləri nəticəsində xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, əslində XX əsrin 70-ci illərində Azərbaycan xalqının milli azadlıq hərəkatının yeni mərhələyə - yüksəliş mərhələsinə daxil olması demək idi. Bu isə Heydər Əliyevin xalqımızın istiqlal mübarizəsi tarixində misilsiz xidmətidir.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib.

Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü dahi Heydər Əliyev şəxsiyyəti, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlı olduğunu deyən Y.Mahmudov qeyd edib ki, 1969-cu ildə - Azərbaycan SSR-də həyatın bütün sahələrində dərin tənəzzülün hökmranlıq etdiyi bir şəraitdə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçildi və ölkənin ali idarəçilik sükanı arxasına keçdi. Bununla Sovet Azərbaycanının tarixində böyük dönüş dövrü başlandı. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı.

Akademik əlavə edib ki, sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan və zəngin idarəçilik təcrübəsi qazanmış Heydər Əliyev Azərbaycanı düşmüş olduğu çox ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atmağa başladı:

"O, dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlatdı və dərhal onların icrası həyata keçirildi. Beləliklə, Azərbaycan xalqının tarixində Heydər Əliyev dövrü başlandı. Xalq ilk addımlarındanca Heydər Əliyevi rəğbətlə qarşıladı, onu sevdi və arxasınca getdi. Xalqın dahi oğlu Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxarmaq siyasəti yeritməyə başladı".

Y.Mahmudov əlavə edib ki, vətənimizin müstəqilliyə gələn yolunu hələ o zaman Heydər Əliyev başlatmışdı. Akademikin sözlərinə görə, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi həmin illərdə çoxsaylı maneələri, o cümlədən Kremldəki erməni qruplaşmasının törətdiyi əngəlləri dəf edərək Sovet hökumətinin Azərbaycanın hərtərəfli inkişafını təmin edən çox mühüm qərarlar qəbul etməsinə nail oldu. Nəticədə mərkəzdən Azərbaycanın inkişafı üçün ayrılan büdcə vəsaiti artırıldı.

Y.Mahmudov bildirib ki, 1970-1985-ci illər Sovet Azərbaycanının tarixinə ən parlaq quruculuq dövrü kimi daxil oldu. Sənaye və kənd təsərrüfatının bütün sahələrində yüksəliş baş verdi. Respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri həyata keçirildi, mütərəqqi sənaye sahələri yaradıldı:

"1970-1985-ci illərdə, tarixən qısa bir dövr ərzində bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri fəaliyyətə başladı. 213 iri sənaye müəssisəsi işə salındı. O zaman bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi. Həmin illərin Azərbaycanı nəhəng bir tikinti meydanını xatırladırdı. Bakının və respublika rayonlarının siması büsbütün dəyişmişdi. Heydər Əliyev Azərbaycanı böyük sovet məkanında ən tanınmış respublikaya çevirmiş, dünyada tanıtmışdır.

Y.Mahmudov qeyd edib ki, Heydər Əliyev bugünkü müstəqil Azərbaycanın milli ordusunun bünövrəsini hələ o zaman qoymağa başlamışdı. SSRİ-nin kosmik uçuşlara hazırlıq mərkəzində azərbaycanlı gənclərin olmamasından narahatlıq keçirən Azərbaycan rəhbəri gənclərin ali təyyarəçilik məktəblərinə göndərilməsini şəxsi nəzarətinə götürmüşdü: "Azərbaycanın gələcək inkişafına ünvanlanmış strateji əhəmiyyətli bütün bu işlərə Heydər Əliyev şəxsən özü başçılıq edirdi. Bir sözlə, daim xalqının gələcəyini düşünən böyük azərbaycanlı hələ o vaxtlar zamanı qabaqlayaraq XXI əsrin Azərbaycanı üçün güclü kadr potensialı yaradırdı".

Y.Mahmudov vurğulayıb ki, dünya tarixinin dahi siyasətçisi Heydər Əliyevin vətənin, doğma xalqın işıqlı gələcəyi naminə hələ ötən əsrin 40-cı illərindən başladığı şərəfli mübarizə yolunu bu gün Prezident İlham Əliyev uğurla və yaradıcılıqla inkişaf etdirərək Azərbaycan Respublikasının davamlı yüksəlişini təmin edib, ölkəmizi dünyanın ən qabaqcıl və söz sahibi olan dövlətlərindən birinə çevirib.

Mənbə: Trend İnformasiya Agentliyi

Paylaş: