20.07.2019 23:04
Xəbər verdiyimiz kimi, Ermənilər “Vikipediya”nın ingilis dili versiyasında Azərbaycan mədəniyyətinə aid Gülüstan qalasını Dağlıq Qarabağda yerləşən qədim erməni qalası kimi təqdim ediblər.
Təxribat xarakterli materialda Gülüstan qalasının erməni knyazlığının rəhbəri Beqlaryanın iqamətgahı olduğu bildirilir.
Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovun fikirlərini öyrənib.
Akademik bildirib ki, erməni saxtakarlarının bugünkü Ermənistan ərazisi və işğal olunan bizim ərazilərimizlə heç bir elmi əlaqəsi yoxdur:
“Ermənilər bizim torpaqlarımıza 19-cu əsrin əvvəllərində iki müqavilənin - 1828-ci il - Türkmənçay, 1829-cu il - Ədirnə - şərtləri ilə köçürülüblər. Dünya elmi də bunu təsdiq edir. Böyük rus rəssamı Maşkov ermənilərin köçürülməsinin iştirakçısıdır. Hətta bununla əlaqədar olaraq bir tablo da yaradıb.
Qarabağdakı separatçı faşistlər - Serj Sarkisyan və Robert Koçaryan ermənilərin bura köçürülməsinin 150 illiyi ilə bağlı olaraq 1978-ci ildə Ağdərədə abidə ucaltdırmışdılar. Adi riyazi hesablamalar apardığımız zaman da bunun 1828-ci ilə aid olduğunu görürük. Özləri də bunu təsdiq eləmişdilər. Azərbaycana qarşı separatçılığa başlayandan sonra isə 1988-ci ildə həmin abidəni dağıtdılar.
Ermənilər 1828-ci ildə köçürüldükləri üçün Gülüstan qalasının onlara aid olduğuna necə bir əsasları ola bilər? Gülüstan bizim tarixi torpağımız, Qarabağ xanlığının ərazisidir. Erməni orada nə gəzir? Bunların hamısı uydurmadır, saxtakarlıqdır. Yaxşı olardı ki, itənlərini Balkan yarımadasında axtarsınlar. Onların Azərbaycan torpaqlarına heç bir qatışacaqları yoxdur. Onların Cənubi Qafqazda dövləti 1918-ci ilin 29 mayında bizim verdiyimiz İrəvan və ətrafındakı 9 min kvadratkilometr ərazidə yaranıb”.
Tarixçi professor, millət vəkili Fəzail İbrahimli “Vikipediya”nın ingilis dili versiyasında Gülüstan qalasının Dağlıq Qarabağda yerləşən qədim erməni qalası kimi təqdim edilməyini növbəti erməni uydurması və təxribatı olduğunu qeyd edib:
“Bu, onların daimi apardığı işdir. Nəinki qalamıza, hətta yeməyimizə, musiqimizə, mədəniyyətimizə şərik olmaq istəyi ilə torpağımızın 20 faizini işğal ediblər. Gülüstan qalasının erməni abidəsi kimi təqdim olunması bu işin davamıdır.
Bizim öz tariximizə, müasir dövrümüzə, İrəvana, Qarabağa və Gülüstan qalasına aid kifayət qədər tutarlı, tarixə, həqiqətə söykənən sübutlarımız var. Erməni təxribatının heç bir nəticəsi ola bilməz”.
Qeyd edək ki, Gülüstan qalası Azərbaycanın Goranboy rayonu ərazisində yerləşir. Tam şəkildə dövrümüzədək çatmasa da, müəyyən bürcləri qalıb. Tədqiqatçılar qalanın tikilmə tarixini Qafqaz Albaniyası dövrünə aid edir. Yerli daşlardan tikilən qala möhkəm müdafiə qurğusu olub.
Mənbə: Deputatlardan Gülüstan təxribatına reaksiya: Ermənilər itənlərini başqa yerdə axtarsınlar