AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutu: Dərbənddə Nizami parkı viranəyə çevrilib

07.08.2019 18:02

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun bir qrup əməkdaşı Rusiya Federasiyasının Dərbənd şəhərində elmi ezamiyyətdə olub.
Tarix İnstitutu Dərbənddəki Nizami parkının son durumu ilə bağlı açıqlama yayıb.
Açıqlamanı təqdim edirik:

“Dərbənddə mühüm quruculuq işləri gedir. Bu insanı sevindirir. Hiss olunur ki, şəhərin gözəl park salma ənənələri var. Şair Süleyman Stalski adına park buna nümunədir. Dərbəndin cənub səddi boyunca salınmış bu parkla tanış olduqca insanın ruhu təzələnir, Süleyman Stalskinin xatirəsinə bu cür hörmət bəslənməsi hər kəsi sevindirir. Parkdakı yaşıllıq, bəzək otları və kollarının xüsusi formalar əsasında qurulması, bütövlükdə yaşıllaşdırma işləri, uşaqların, ahılların istirahəti üçün təşkil olunmuş guşələr, fəvvarələr son dərəcə maraqlıdır və yüksək peşəkarlıqla yaradılıb. İnsan bu parkdan ayrılmaq istəmir.

Sonra alimlər insanların parka keçmək üçün istifadə etdiyi keçid ilə maraqlanaraq cənub səddinin qarşı tərəfinə keçiblər. Ucsuz-bucaqsız, kollu-koslu bir sahə insanda təəccüb hissi doğurur. Cənub divarının bu tərəfində gözəl, abad park, digər tərəfində isə baxımsız, kollu-koslu sahə. Alimlər bu hissə ilə də maraqlanıblar. Məlum olub ki, bu sahə 1994-cü ildə salınmış Nizami Gəncəvi adına parkdır və sonra sanki xüsusi məqsədlə dağıdılıb. Parkın son durumu dahi mütəfəkkirin ruhuna başa düşülməsi çətin olan bir hörmətsizlikdir. Parkın giriş qapısı Heydər Əliyev küçəsində, “Qırxlar” qala qapısının yaxınlığındadır. Əlbəttə, bu olduqca ibrətamiz cəhətdir ki, Heydər Əliyev küçəsindən Nizami parkına qapılar açılır. Böyük mütəfəkkirin heykəli qarşısında bəzək üçün ayrılmış xüsusi quruluşlu yerlərdə isə bəzək kolları yoxdur. 6 hektarlıq parkı gəzdikcə əmin olursan ki, burada nə vaxtsa gözəl bir park, istirahət guşələri, gəzinti yerləri və hərəkət cığırları olub. Onların hamısı sökülmüş və dağıdılmış vəziyyətdədir. Alimlər 6 hektarlıq Nizami parkının bu vəziyyətə salınmasının səbəbləri və parkın keçmiş vəziyyəti ilə maraqlanıblar. Dərbəndlilər bildiriblər ki, şəhərin mərkəzində olan bu geniş sahədə çoxlarının gözü var və bu sahəni xüsusi məqsədlə bu hala salırlar. Parkın əvvəlki vəziyyəti ilə maraqlandıqda məlum oldu ki, bir neçə il əvvəl burada çox gözəl istirahət mərkəzi olub – Dahi Nizamiyə layiq! Yaşıllıqlar, buradakı qədim ağaclar insanları valeh edib. Verilən məlumata görə, bütün yaşıllıqlar, ağaclar bir neçə günün içində məhv edilib. Parkın abadlaşdırılması üçün nəzərdə tutulan tikinti materialları tökülüb qalıb. Mühəndislər və parkın yaşıllaşdırılmasında iştirak edən işçilər, mütəxəssislər üçün nəzərdə tutulan müvəqqəti tikinti parkın bir küncündə atılıb qalıb.

Əlbəttə, bu acınacaqlı vəziyyət dahi Nizamiyə Dərbənddə olan münasibətlə bağlı deyil. Bu şəhərin mərkəzində olan Nizami parkında müəyyən qüvvələrin gözünün olması ilə bağlıdır. Müəyyən edilib ki, parkın qala divarına bitişik hissəsində müəyyən tikinti işlərinin görülməsinə də cəhd edilib. Lakin, tikinti sahəsində qədim qəbirlər aşkar edildiyi üçün, xüsusilə Dərbəndin qədir-qiymətini bilən həssas insanların kütləvi etirazı nəticəsində tikinti-qazıntı işləri dayandırılıb. Lakin, parkın abadlaşdırılmasına da başlanmayıb. Reallıq belədir: qədim Dərbəndin cənub səddinin bir tərəfində abad, göz oxşayan Süleyman Stalski parkı, o biri tərəfində isə vaxtilə dərbəndlilərin sevdiyi, lakin indi viran qalmış Nizami parkı. Səddin bir tərəfində insan quruculuq işlərindən vəcdə gəlir, o biri tərəfində isə kol-kos basmış 6 hektarlıq sahə buradakı hər kəsi düşündürür. Görəsən dünyanın hər yerində tədqiq olunan, sevilən dahi Nizami Gəncəviyə bu münasibət nə üçün belədir?"

Dərbənddə Nizami parkının keçmiş görünüşü

Dərbənddə Nizami parkının hazırki görünüşü

Nizami parkının qala divarına bitişik hissəsində müəyyən tikinti işlərinin görülməsinə də cəhd edilib. Lakin, tikinti sahəsində qədim qəbirlər aşkar ediləndən sonra dayandırılıb. 

Dağıstanın xalq şairi Süleyman Stalski adına park 

Paylaş: