08.08.2019 18:00
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu Rusiya Federasiyasının Dərbənd şəhərində yerləşən Dövlət Azərbaycan Dram Teatrının son durumu ilə bağlı açıqlama yayıb.
Açıqlamada deyilir:
“Dərbənd şəhərində XIX əsrin sonları - XX əsrin əvvəllərində həvəskar dərnək kimi fəaliyyətə başlayan Azərbaycan Dram Teatrı 1904-cü ildə rəsmi status, 1934-cü ildə isə dövlət teatrı statusu alıb. Bu teatr 1998-ci ildən Dərbənd Dövlət Azərbaycan Dram Teatrı adlanır.
Müəyyən edilib ki, hazırda Dərbənddə Azərbaycan teatrı fəaliyyət göstərmir. Teatrın direktoru Firdovsi Əsgərovun verdiyi məlumata görə, 1998-ci ildə teatra işləməyən “Rodina” (Vətən) kinoteatrının (1937-ci il tikilisi) binası verilib. Bu bina teatr normalarına uyğun gəlmədiyi üçün 2000-ci ildə sökülüb və həmin yerdə 230 nəfərlik teatr binasının tikintisinə başlanılıb. Lakin işdə uzun müddətli fasilələr yaranıb, tez-tez iş dayandırılıb və 2006-cı ildə isə layihə tamamilə dondurulub.
2015-ci ildə Nizami Gəncəvi adına parkda teatrın yeni binasının inşası üçün yer ayrılıb, lakin müəyyən qüvvələr teatrın burada tikilməsini əngəlləyib. Beləliklə, Dərbənd Dövlət Azərbaycan Dram Teatrının 1998-ci ildən davam edən bina problemi Dərbəndin 2000 illiyi ərəfəsində də həllini tapmayıb və teatr bugünədək binasız qalıb.
Teatrın kollektivi 57 nəfərdən ibarətdir, onlardan 7 nəfəri Dağıstan Respublikasının əməkdar artistidir. Teatr tez-tez Rusiyanın, Azərbaycanın və Türkiyənin müxtəlif şəhərlərində qastrol səfərlərində olur. Lakin teatrın binası olmadığı üçün Dərbənddə tamaşalar Ləzgi dram teatrının binasında göstərilir. Azərbaycan Dram Teatrının ümumiyyətlə məşq meydançaları da yoxdur.
Qeyd etmək lazımdır ki, Dərbənddə müasir teatr binalarının tikintisi üçün ənənəvi təcrübə mövcuddur. Bu təcrübə əsasında tikilmiş Ləzgi və Tabasaran teatrlarının binaları həm müasir tələblərə cavab verir, həm yerləşdikləri məkanlar çox əlverişlidir, həm də məhsuldar fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılmışdır. Görünən budur ki, 100 ildən çox tarixi olan və Dağıstanın mədəni həyatında mühüm rol oynamış Azərbaycan teatrı bu gün fəaliyyət göstərmir. Nə üçün?”