AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

“Əhsənüt-təvarix” əsərinin I cildi Azərbaycan dilində nəşrə hazırlanır

16.09.2019 15:11

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu XVI əsrin görkəmli Azərbaycan tarixçisi Həsən bəy Rumlunun “Əhsənüt-təvarix” (“Tarixlərin ən yaxşısı”) əsərinin Azərbaycan dilinə tərcüməsini başa çatdırıb və onun I cildini nəşrə hazırlayır.

Əsəri fars dilindən tərcümə edən institutun “Mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin müdiri, professor Şahin Fazildir.

Şahin Fazil əsərin tam tərcüməsi və ona yazdığı geniş şərhlər üzərində 10 il işləyib. Əsər “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi çərçivəsində nəşr olunacaq. Layihə rəhbəri Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovdur.

“Əhsənüt-təvarix”in dövrümüzə qədər gəlib çatmış iki cildində Azərbaycanın və ona qonşu olan ərazilərin XV-XVI əsrlər tarixindən bəhs edilir. Salnamədə Qaraqoyunlu-Ağqoyunlu, Ağqoyunlu-Səfəvi münasibətləri yaxşı işıqlandırılmış, Şirvan və Şəkinin tarixinə dair zəngin məlumat verilmişdir. Həsən bəy Rumlu əsərdə dövlət quruluşu, iqtisadi vəziyyət, feodal münasibətləri, ordu və siyasi tarix haqqında qiymətli məlumatlar verir. Onun qələmə aldığı bir sıra məsələlər dövrün başqa tarixçilərinin kitablarında ya tamamilə öz əksini tapmamış, ya da çox ötəri qeyd edilmişdir.

Salnamənin faydalı cəhətlərindən biri də Həsən bəy Rumlunun məşhur dövlət xadimləri, tarixçilər, şairlər, alimlər və başqa görkəmli şəxslər haqqında məlumat verməsindədir. Əsərdə Azərbaycan şairlərindən İmadəddin Nəsimi, Cahanşah Həqiqi, Ziya Ordubadi və başqa görkəmli simalar barədə fikir söylənilmiş, onların yaradıcılıqlarından bəzi nümunələr gətirilmişdir.

“Əhsənüt-təvarix” özündən sonra yazılan bir sıra tarixi əsərlər üçün mühüm mənbə rolunu oynayıb.

Xatırladaq ki, Şahin Fazil bundan əvvəl orta əsr müəllifləri İsgəndər bəy Münşi, Jozef Tiflisi və Yan Tadeuş Kruşinskinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.

Paylaş: