05.11.2019 18:49
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizin Küveytdəki fövqəladə və səlahiyyətli səfiri Elxan Qəhrəmanov ilə görüşüb.
Nümayəndə heyətinə institutun elmi katibi, dosent İradə Əliyeva, “Qarabağ tarixi” şöbəsinin müdiri, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının məsul redaktoru, dosent Güntəkin Nəcəfli və eyni adlı kitabın ərəbcə nəşrinin məsul redaktoru, şərqşünas, dosent Gülnur Mahmudova daxildir.
Görüşdə Yaqub Mahmudov ölkəmizin Küveytdəki səfirliyinin təşkil etdiyi səfər proqramına görə səfirə öz təşəkkürünü bildirib. Akademik bildirib ki, səfərin əsas məqsədi Azərbaycan həqiqətlərini - müasir Ermənistan Respublikasının ərazisinin tarixi Azərbaycan torpaqları olduğunu, ermənilərin Cənubi Qafqaza çar Rusiyası tərəfindən Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən köçürüldüyünü, vaxtilə Azərbaycan dövləti olan İrəvan xanlığında 300-dən çox məscidin olduğunu, 1918-ci ildə Azərbaycan torpaqlarında erməni dövləti yaradıldıqdan sonra bu məscidlərin erməni vandalları tərəfindən tamamilə məhv edildiyini və hazırda işğal olunmuş Qarabağ torpaqlarında da tarixi abidələrimizə qarşı erməni vandalizminin davam etdiyini Küveyt ictimaiyyətinə çatdırmaqdır.
Səfir Elxan Qəhrəmanov isə öz növbəsində bu kimi tədbirlərin keçirilməsinin hər bir Azərbaycan vətəndaşı üçün bir şərəf, ləyaqət işi olduğunu, tarixi həqiqətlərin islam dünyasına çatdırılmasının çox zəruri olduğunu vurğulayıb.
Görüşün sonunda Yaqub Mahmudov Azərbaycanın Küveytdəki səfirliyinə erməni vandalizmini əks etdirən videoçarx və Tarix İnstitutunun ərəb dilindəki nəşrlərini - “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “İrəvan xanlığı: İrəvan qalası - qəhrəmanlıq qalası”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “Çuxursəd hakimləri və İrəvan xanları” və “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı” kitablarını təqdim edib.