15.11.2019 23:54
17 noyabr Azərbaycan Respublikasının Milli Dirçəliş Günüdür. Mənəvi əsaslarını və başlanğıcını XX əsrin 60-cı illərindən götürən bu tarix sonralar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter alıb, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoyub. AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun bununla bağlı qeydlərini təqdim edir.
1969-cu ildə - Azərbaycan SSR-də həyatın bütün sahələrində dərin tənəzzülün hökmranlıq etdiyi bir şəraitdə ulu öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçildi və ölkənin ali idarəçilik sükanı arxasına keçdi. Bununla da Sovet Azərbaycanının tarixində böyük dönüş dövrü başlandı. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı.
Heydər Əliyev Azərbaycan rəhbərliyinə gələn il - 1969-cu ildə Bakı Dövlət Universitetinin 50 illiyi tamam olurdu. Yubiley mərasimində, doğrusunu deyim, gözləmədiyimiz halda, respublikanın başçısı ana dilində çıxış etdi. Onda ziyalılarımız başa düşdü ki, respublika rəhbəri Azərbaycanın dirçəlişi yolunu tutub və bu istiqamətdə inkişafa doğru addımlayır.
Heydər Əliyevin 60-cı illərin sonu - 70-ci illərdə xalqımızın milli dirçəlişini necə cəsarətlə himayə etməsinin canlı şahidiyəm. O zaman mən ölkəmizdə milli oyanışın əsas mərkəzlərindən biri olan Azərbaycan Ensiklopediyasında fəaliyyət göstərirdim. Böyük mütəfəkkirimiz Rəsul Rzanın başçılıq etdiyi ensiklopediyaçılar və ensiklopediya ətrafında toplanan qabaqcıl ziyalılar o zaman çox cəsarətli addımlar atırdılar. Xalqımızın təşəkkülündə türk etnoslarının həlledici rol oynaması, Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalı, Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin tariximizdə mütərəqqi rol oynaması, Cümhuriyyət dövrünün xadimlərinə obyektiv qiymət verilməsi, 1920-ci ilin Aprel işğalı kimi bir çox məsələləri o zaman məhz ensiklopediyaçılar qaldırdılar. Bunu da unutmamışam ki, milli oyanışımızın düşmənləri bizi ləkələmək üçün dəridən-qabıqdan çıxırdılar. Heydər Əliyev bütün bunlardan çəkinməyərək 1971-ci ilin martında mənə ensiklopediya baş redaktorunun elmi işlər üzrə müavini kimi məsul bir vəzifə etibar etdi. Həmin illərdə biz məhz onun dəstəyi sayəsində ilk dəfə olaraq Azərbaycanın tarix xəritələrini çap etdirə bildik. Çox çəkmədən bizə “millətçi”, “burjua məfkurəçiləri”, “Sovet hökumətinin və Rusiyanın düşmənləri” damğasını vurmağa çalışdılar. “Sapı özümüzdən olan baltalar” xalqımıza qarşı 1918-ci ilin Mart soyqırımını törətmiş Stepan Şaumyanın oğlunu – o zaman “Böyük Sovet Ensiklopediyası” baş redaktorunun birinci müavini işləyən Levon Şaumyanı Bakıya gətirdilər. Qara qüvvələr Azərbaycan ziyalılarına ləkə yaxmaq üçün özlərini oda-közə vurdular. Lakin onlar məqsədlərinə çata bilmədilər. Məhz Heydər Əliyevin müdrikliyi və cəsarəti sayəsində o zaman həm ensiklopediyaçılar, həm də ziyalılarımızın böyük bir dəstəsi, o cümlədən də mən, nəinki Dövlət Təhlükəsizlik Komitəsinin təqiblərinə düçar olmadıq, hətta o dövr üçün dəhşətli bir cəza sayılan partiya cəzasından da yaxa qurtara bildik!
Ulu Öndərin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, Heydər Əliyevin xalqımızın istiqlal mübarizəsi tarixində misilsiz xidmətidir.
80-ci illərin ortaları idi. O zaman Azərbaycan hələ müstəqil deyildi. Vətənimiz həmin dövrdə SSRİ adlanan nəhəng bir dövlətin tərkibində idi. Dünyanın təqribən altıdabir hissəsini əhatə edən bu böyük dövlət artıq dağılmağa başlamışdı. Ölkədə hər şey getdikcə qıtlaşırdı. Əhalinin ehtiyaclarını ödəyə bilməyən SSRİ hətta ət, yağ və başqa ərzaq məhsullarını da xarici ölkələrdən alırdı. SSRİ-nin ayrı-ayrı rəhbərləri müxtəlif tədbirlər görməyə başlamışdılar. Bunlardan biri də o zaman SSRİ-yə rəhbərlik edən Mixail Qorbaçov idi. O, bütün ölkədə “yenidənqurma” tədbirləri keçirəcəyini bildirdi.
Qorbaçovun həyat yolu Şimali Qafqazdan – çoxlu erməninin yaşadığı Stavropoldan başlamışdı. Qorbaçovlar ailəsi varlı erməni millətçiləri ilə sıx bağlı idi. Qorbaçovun əhatəsində olan erməni millətçiləri Qafqazda qüdrətli erməni dövləti – “böyük Ermənistan” yaratmaq xəyalı ilə yaşayırdılar. “Böyük Ermənistan” Azərbaycan torpaqlarının işğal olunması hesabına yaradılmalı idi. Ermənilərin əsas məqsədi Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı ələ keçirmək idi. Qorbaçov ermənilərə vəd etmişdi ki, o, Dağlıq Qarabağı Azərbaycandan alıb Ermənistana verəcək. Lakin bu asan məsələ deyildi. Çünki həmin dövrdə Qorbaçovun xalqımıza qarşı bu düşmənçilik niyyətinin qarşısını kəsən güclü bir maneə vardı. Həmin maneə xalqımızın o zaman Moskvada işləyən sədaqətli oğlu Heydər Əliyev idi. O, Siyasi Büronun üzvü idi və o zaman bütün Sovet İttifaqında böyük nüfuz qazanmışdı. Dünyanın hər yerində onu yaxşı tanıyırdılar.
Ermənilər Qorbaçovlar ailəsini ələ almışdılar. Odur ki, Qorbaçov Dağlıq Qarabağı Ermənistana vermək üçün iyrənc bir hiyləyə əl atdı. Əvvəlcə, Heydər Əliyevi Siyasi Bürodan uzaqlaşdırmaq qərarına gəldi. O zaman Azərbaycanın böyük oğlunun Sovet İttifaqının rəhbərliyindən uzaqlaşdırılması xalqımız üçün böyük fəlakət idi. Sevimli şairimiz Bəxtiyar Vahabzadə bu kədərli xəbəri eşitcək demişdi: “Ey vah, Moskvadakı yeganə və ən böyük qalamız yıxıldı!” Böyük şair səhv etməmişdi. Xalqımızın Moskvada – sovet rəhbərliyində olan himayəçisi Heydər Əliyevin Siyasi Bürodan uzaqlaşdırılmasından cəmi 15 gün sonra Qorbaçovlar ailəsinin yaxın dostu olan daşnak Aqanbekyan Qarabağın tezliklə Ermənistana veriləcəyini elan etdi. Bununla Qorbaçovun və onun “yenidənqurma” tədbirlərinin iç üzü açıldı.
Xalqımızın fəlakətli günləri başlandı. Ermənistanda silahsız həmvətənlərimizə qarşı hücumlar, qırğınlar başlandı. Çox keçmədən Ermənistanda, yəni keçmiş Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar öz ata-baba yurdlarından qovuldular.
Qarabağ erməniləri və dünyanın hər yerində onları müdafiə edən erməni millətçiləri də Azərbaycana qarşı düşmənçilik hərəkətlərinə başladılar. Qorbaçov bu zaman Vəzirovu Azərbaycana, Arutyunyanı isə Ermənistana rəhbər göndərdi. Arutyunyan İrəvana çatan kimi “Miatsum” hərəkatı ilə birləşdi. Amma bura göndərilən isə meydana düşüb xalqla birləşmək əvəzinə Qorbaçova və sözün əsl mənasında ermənilərə xidmət etdi. Bu zaman Azərbaycanda çox çətin vəziyyət yaranmışdı. Ölkədə Ermənistandan - Qərbi Azərbaycandan qovulmuş qaçqınların sayı gündən-günə artmaqda idi. Onların əksəriyyəti Bakıya axışır, paytaxtda vəziyyət gərginləşirdi. Qaçqınların çoxu əvvəlcə onların ata-baba yurdlarının qonşuluğunda yerləşən və iqliminə, şəraitinə görə ata-baba yurdlarına çox bənzəyən Dağlıq Qarabağda məskən salmaq istəyirdilər. Bu bir ziyalı, həm də BDU-nun Tarix fakültəsinin dekanı kimi mənim də ürəyimdən idi. O zaman bu işə cəhd göstərənlərin sırasında idim. Buna görə Vəzirov BDU-nun ozamankı rektoru Yəhya Məmmədova zəng edib demişdi ki, o dekanı universitetdən uzaqlaşdırın, biz burada sülh şəraiti yaradırıq, o isə xalqlar arasında qan tökülməsinə bais olmaq istəyir. Beləliklə, Qorbaçovun göstərişi ilə hərəkət edən Vəzirov onların Dağlıq Qarabağda yerləşdirilməsinə imkan vermədi. O, Qarabağ ermənilərinin silahlandırılmasına göz yumdu. Bu bir yana dursun, xalqımızın azğın düşmənə qarşı silahlanmasına, özünümüdafiə dəstələri yaratmasına da imkan vermədi, xalqın əlində olan ov silahları belə yığıldı.
1988-ci ilin noyabrında 100 minlərlə azərbaycanlı ayağa qalxdı və göstərdi ki, xalqımız öz torpağını müdafiə etməyə, qorumağa qadirdir. Meydan hərəkatı Moskvaya, bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı döyüşə, mübarizəyə hazır xalqdır. Amma meydan hərəkatının gedişində aydın oldu ki, biz müstəqillik qazanmadan Vətən torpaqlarını əldə saxlaya bilməyəcəyik.
O zaman BDU-nun Tarix fakültəsi milli azadlıq hərəkatının mərkəzlərindən biri idi. Hərəkatın qabaqcılları olan gənclərimiz fakültənin otaqlarından birində üçrəngli bayrağımız altında fəaliyyət göstərirdilər. Dekan olarkən sədri olduğum fakültə Elmi Şurası S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tarixi adı olan Bakı Dövlət Universiteti adının bərpa olunması haqqında qərar qəbul edib. Beləliklə, universitetin adının dəyişdirilməsi haqqında ilk rəsmi qərar Tarix fakültəsinin Elmi Şurasında qəbul edilib. Daha sonra adın dəyişdirilməsi universitetin Böyük Elmi Şurasının qərarı ilə rəsmiləşib. Həmin vaxtdan universitet öz tarixi adı altında fəaliyyət göstərir.
BDU-nun Tarix fakültəsinin qabaqcıl tələbələri xalq hərəkatında gənclərin, demək olar ki, önündə gedirdilər. Mən BDU-nun Böyük Elmi şurasında milli azadlıq hərəkatının fəalları olan bir qrup tələbənin universitetdən xaric edilməsi barədə qərar çıxarılmasına kəskin etiraz etdim və onları qovmağa qoymadım. Mənə qarşı elə rejim yaratdılar ki, Tarix fakültəsinin dekanı işləyə bilmədim və istefa verdim. Öz ölkəmdə təqib olunduğum üçün məni Ukraynaya işə dəvət etdilər, ev veriləcəyi barədə vəd verdilər. Mən Vətənimi tərk etmədim.
1990-cı ilin yanvarında Sovet imperiyası milli azadlıq hərəkatını boğmaq üçün Bakıda qırğın törətdi. Moskva bu cür cəza tədbirləri ilə SSRİ-nin dağılmasının qarşısını almaq istəyirdi. Amma heç bir nəticə vermədi və 1 il sonra Sovet imperiyası dağıldı.
2019-cu ildə AMEA-nın Tarix İnstitutunda “Şərəfli ömrün bir səhifəsi: Tarix fakültəsi (1986-1990)” adlı kitab çap olunub. Kitabda 80-ci illərin sonu - 90-cı illərin əvvəlində BDU-nun Tarix fakültəsində təhsil almış tələbələrin milli azadlıq hərəkatı ilə bağlı xatirələri yer alıb.
Müstəqilliyə gələn yolda Heydər Əliyevin tarixi xidmətləri danılmazdır. Çünki SSRİ-nin süqutu ərəfəsində Azərbaycan xalqı onun sayəsində müstəqil yaşamağa tam hazır idi. Buna həm iqtisadi vəziyyət, həm də xalqın milli şüuru imkan verirdi.
Sovet imperiyasının çökməsində Azərbaycan milli azadlıq hərəkatı çox mühüm rol oynadı. Xalq hərəkatı nəticəsində 18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu və ölkəmiz XX əsrdə ikinci dəfə müstəqil dövlət olaraq öz varlığını dünyaya elan etdi.