29.11.2019 15:38
Noyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurasında Türkiyə Cümhuriyyəti Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun nəzdindəki Türk Tarix Qurumunun sədri, professor Rəfiq Turan ilə görüş olub.
Tədbiri institutun direktoru, akademik Yaqub Mahmudov açaraq iştirakçıları salamlayıb. O deyib ki, dostluq və qardaşlıq Azərbaycan-Türkiyə münasibətlərinin təməl prinsiplərini təşkil edir. Türkçülüyün vətəni Azərbaycandır. Türk dünyasının ilk cümhuriyyəti Azərbaycanda yaradılıb. Son illərdə Tarix İnstitutu Türkiyənin elmi qurumları, o cümlədən Türk Tarix Qurumu ilə birgə beynəlxalq elmi konfranslar təşkil edib.
Yaqub Mahmudov bildirib ki, bu görüş AMEA-nın mühüm tədbirlərindən biridir. O, Tarix İnstitutunun fəxri doktoru diplomunun təqdim edilməsi mərasiminin icrasını AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə həvalə edib. Akademik diplomu qonağa təqdim edərək onu təbrik edib.
İsa Həbibbəyli çıxışında ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini xatırladaraq, Azərbaycan-Türkiyə qardaşlığından danışıb: “Azərbaycan və Türkiyə ən ağır dönəmlərində bir-birlərinə dəstək olublar. Bu gün Azərbaycan-Türkiyə münasibətləri dünya üçün bir nümunədir”.
Görkəmli türkiyəli alim Rəfiq Turan ona verilən fəxri ada görə təşəkkür edərək qeyd edib ki, Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü isə Türkiyənin gücüdür: “Biz tarixi, soyu və mədəniyyəti bir olan xalqıq. Tariximizi birlikdə araşdırmalıyıq. Türk Tarix Kurumu AMEA-nın müxtəlif institutları ilə birgə araşdırmalar aparır”.
Tədbirdə bildirilib ki, bu gün Tarix İnstitutunun nəşrləri türk, ingilis, rus, ərəb, alman, fransız, italyan və başqa dillərdə oxunur. Azərbaycan tarix elmi İrəvan xanlığına, Qarabağ və Naxçıvan tarixinə həsr olunmuş fundamental əsərlərdə erməni saxtakarlarına sarsıdıcı zərbə vurub. Prezident İlham Əliyev bütün bu uğurlara görə institutun 13 əməkdaşını Azərbaycanın Dövlət mükafatına layiq görüb.
Sonda Yaqub Mahmudov deyib ki, türk dünyasının görkəmli tarixi şəxsiyyətləri, o cümlədən Əmir Teymurla İldırım Bəyazid, Uzun Həsənlə Fateh Sultan Mehmet, Şah İsmayılla Sultan Səlim, Şah Təhmasiblə Sultan Süleyman qarşı-qarşıya qoyulmamalıdır: “Bu qarşıdurmada Qərb diplomatiyasının mühüm rolu olub. Biz tarixi reallığı nəzərə alaraq şəxsiyyətlərimizə sahib çıxmalıyıq”.
Qeyd edək ki, Rəfiq Turan Tarix İnstitutunun fəxri doktoru diplomuna Azərbaycan-Türkiyə elmi əlaqələrinin inkişafındakı böyük xidmətlərinə görə layiq görülüb.