01.12.2017 15:34
“Skiflər Azərbaycan xalqının formalaşmasında yaxından iştirak etmiş qədim tayfa ittifaqlarından biridir”.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov “Skiflər və onların Azərbaycan tarixində yeri” mövzusundakı doktorluq dissertasiyasının müzakirəsində deyib.
Dissertasiya işinin müəllifi tarix üzrə fəlsəfə doktoru Zaur Həsənovdur. Onun elmi məsləhətçisi isə Çexiyanın paytaxtı Praqa şəhərindəki Karl Universitetinin Klassik Arxeologiya İnstitutunun professoru, tarix elmləri doktoru Yan Bouzekdir.
Müzakirədə akademik Yaqub Mahmudovla yanaşı, AMEA-nın müxbir üzvü İlyas Babayev, Tarix İnstitutunun direktor müavinləri Cəbi Bəhramov və Tofiq Nəcəfli, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdirləri Səfər Aşurov və Fərhad Quliyev, Tarix İnstitutunun şöbə müdiri Allahverdi Əlimirzəyev və başqa görkəmli tarixçilər və arxeoloqlar da iştirak ediblər.
Tarixçi-alim Zaur Həsənov ilk dəfə olaraq dissertasiya şəklində “çar skiflər” və “şişpapaq saklar”ın etno-dil mənsubiyyətini araşdırıb. Z.Həsənov öz əsərlərində “çar skiflər”in və “şişpapaq saklar”ın türk mənşəli olmasını sübut edib.
Xatırladaq ki, Aşquz dövlətini “çar skiflər”, Sakasena dövlətini isə “şişpapaq saklar” yaradıb. Bu dövlətlər e.ə. VII-IV əsrlərdə Cənubi Qafqazda mövcud olub.
Tədqiqatçı elmi araşdırmasında skiflərlə əlaqədar Azərbaycanda nəşr olunmuş elmi əsərlərdən, Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Arxivindən və Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondundan istifadə edib. Alim dissertasiyasında skiflərlə bağlı Azərbaycandakı arxeoloji tapıntıları və onların dəfn adətlərini Macarıstan, Ukrayna, Rusiya və Qazaxıstandakı analoji materiallarla müqayisə edib.
Qeyd edək ki, Zaur Həsənov “Şişpapaq saklara” məxsus İssık yazısını oxuyub və bununla bağlı araşdırması Rusiya Elmlər Akademiyasının (REA) Şərqşünaslıq İnstitutunun “Şərqin Epiqrafikası” (“Эпиграфика Востока”) jurnalında çap edilib.
Xatırladaq ki, Zaur Həsənov bundan əvvəl tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Tarix İnstitutunun Dissertasiya Şurasında “Kimmerlər və onların Azərbaycan tarixində yeri” mövzusunda dissertasiya müdafiə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridir.