16.01.2020 22:37
AMEA-nın Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurasında Azərbaycan Xalq Cümhuriyyətinin Paris sülh konfransı Ali Şurası tərəfindən de-fakto tanınmasının 100 illiyi qeyd olunub.
Tədbir çərçivəsində Xalq Cümhuriyyətinin de-fakto tanınmasına həsr olunan videoçarx nümayiş etdirilib.
İnstitutun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, Cümhuriyyət dünya tarixinin ən demokratik dövlət qurumlarından biridir: “Müsəlman Şərqində qadınlara seçki hüququ ilk olaraq Xalq Cümhuriyyəti dövründə verilib. Cümhuriyyət irqi, milli, dini və sinfi bərabərsizliyi ləğv edərək, bütün vətəndaşların hüquq bərabərliyini təmin edib”.
Akademik deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti türk dünyasının ilk respublikasıdır. 1920-ci ilin yanvarında Paris sülh konfransında Xalq Cümhuriyyətinin siyasi cəhətdən tanınması, Əlimərdan bəy Topçubaşov başda olmaqla, Azərbaycan nümayəndə heyətinin, bütövlükdə, Cümhuriyyət hökumətinin uğurlu diplomatik fəaliyyətinin nəticəsi idi. Azərbaycan Versal Ali Şurasının tanıdığı ilk türk və müsəlman respublikası idi. Cümhuriyyət sayəsində Azərbaycan Sovet imperiyasının tərkibinə vilayət kimi yox, respublika kimi daxil edilib.
Bildirilib ki, Parisdəki Azərbaycan nümayəndə heyətinin qarşısında duran mühüm məsələlərdən biri ermənilərin qondarma “Böyük Ermənistan” iddialarına qarşı mübarizə idi. Ermənilər özlərini “böyük müttəfıqlərin kiçik müttəfiqi” hesab edib, Aralıq dənizindən Qara dənizə, Qara dənizdən Xəzər dənizinə qədər “Böyük Ermənistan” yaratmaq xülyasına düşmüşdülər. 1919-cu ilin iyununda Azərbaycan nümayəndələri İrəvan Müsəlman Milli Şurasının İrəvan quberniyasında yaşayan azərbaycanlıların dözülməz vəziyyəti haqqında hazırladığı məlumatı Avropa və Amerika dövlətlərinin Parisdəki nümayəndələrinə çatdırdı. Məlumatda qeyd edilirdi ki, mübahisəli ərazilər nəzərə alınmadan, azərbaycanlılar Ermənistan əhalisinin yarısını təşkil etsələr də, ən adi insan hüquqlarından məhrumdurlar.
Elmi Şuranın iclasında tarixçi alimlər Kamran İsmayılov və Natiq Məmmədzadənin mövzu ilə əlaqədar məruzələri dinlənilib. Bildiriblər ki, Tarix İnstitutunda Xalq Cümhuriyyətinin tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. Ulu öndər Heydər Əliyevin tapşırığına əsasən, Prezident İlham Əliyevin təşəbbüsü və köməkliyi ilə Cümhuriyyət tarixinə dair ikicildlik ensiklopediya, həmçinin çoxsaylı sanballı əsərlər nəşr edilib, dissertasiyalar yazılıb. Son illərdə Fransanın arxivlərindən instituta yüzlərlə arxiv sənədi gətirilib. Sənədlərdə Cümhuriyyətdə siyasi vəziyyət, Azərbaycan nümayəndə heyətinin Paris sülh konfransında fəaliyyəti, Fransanın Qafqazla bağlı siyasəti, Cümhuriyyətin süqutundan sonra Fransada Azərbaycan mühacirlərinin fəaliyyəti və s. məsələlər əks olunub.