17.01.2020 15:00
Prezident İlham Əliyevin “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” Sərəncamına uyğun olaraq, AMEA-nın Tarix İnstitutunda “İstiqlal şəhidləri” mövzusunda elmi konfrans keçirilib.
Elmi konfrans 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı törədilmiş kütləvi qırğının 30 illiyinə həsr olunub.
Konfransı giriş sözü ilə açan Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov 20 Yanvar faciəsinin tariximizin qəhrəmanlıq salnaməsinin parlaq nümunəsi olduğunu bildirib. O deyib ki, 1990-cı ilin yanvarında Sovet imperiyası milli azadlıq hərəkatını boğmaq üçün Bakıda qırğın törətdi. Moskva bu cür cəza tədbirləri ilə SSRİ-nin dağılmasının qarşısını almaq istəyirdi. Amma heç bir nəticə vermədi və 1 il sonra Sovet imperiyası dağıldı.
Yaqub Mahmudov bildirib ki, 20 Yanvar faciəsi öz qəddarlığına görə kommunist diktaturasının bütün əvvəlki cinayətlərindən fərqlənirdi: “Fərq onda idi ki, Azərbaycana göndərilən peşəkar cəza dəstələrinin tərkibinə Stavropol, Krasnodar, Rostov və başqa yerlərdən səfərbərliyə alınan erməni əsgər və zabitləri, Azərbaycandakı sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi. 1990-cı il yanvarın 21-də ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, xalqla birgə olduğunu bildirib və 20 Yanvar faciəsinin Mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərib. Ulu Öndərin təşəbbüsü ilə 1990-cı il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edilib”.
Konfransda tarixçi alimlər Elçin Əhmədov, Mais Əmrahov, Cəbi Bəhramov, Güntəkin Nəcəfli, Rəsul Hüseynli, Dilavər Əzimli, Pərviz Qasımov və Qələndər Muxtarlının 20 Yanvar faciəsi ilə əlaqədar məruzələri dinlənilib.
Məruzələrdə qeyd olunub ki, 1980-ci illərin sonunda Bakı Dövlət Universitetinin Tarix fakültəsi milli azadlıq hərəkatının mərkəzlərindən biri idi. O zaman fakültənin dekanı Yaqub Mahmudov olub. Hərəkatın qabaqcılları olan gənclər fakültənin otaqlarından birində Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı altında fəaliyyət göstərirdilər. Universitetin adının dəyişdirilməsi haqqında ilk rəsmi qərar da Tarix fakültəsinin Elmi Şurasında qəbul edilib. Elə həmin dövrdə Sovet İttifaqı Kommunist Partiyasının Tarix fakültəsindəki ilk partiya təşkilatı buraxılıb. Yaqub Mahmudov 20 Yanvar faciəsi ərəfəsində Tarix fakültəsinin tələbələrini qorumaq məqsədi ilə imtahanların vaxtını irəli çəkib. O zaman Tarix fakültəsinin tələbələrindən yalnız 1 nəfər xəsarət alıb.
Sonda fotoqraflar Qurban Dostəlizadə, İsmayıl Eyyubov və Musa Nəsirovun 20 Yanvar faciəsi ilə bağlı foto-materialları ilk dəfə olaraq geniş ictimaiyyətə təqdim olunub.